manera.az
manera.az

20-30 oxucuyla başınız gicəllənir... | MANERA.AZ

20-30 oxucuyla başınız gicəllənir... | MANERA.AZ
manera.az
"Sabirin ciddi ədəbiyyata dəxli yoxdur", "Bəxtiyar Vahabzadə şair deyil".

Bu məsəl yerində deyilmiş fikirdir; yersiz gəldi, yerli qaç.

Allah rəhmət eləsin Vahidi. Bir qəzəlində deyir ki:

Əvvəlindən salan olsaydı əgər başə bizi,
Cəhlimiz salmaz idi, bunca, dağa-daşə bizi.

İndi bunları ya əvvəlindən başa salan olmayıb, ya da ki, sonradan başların doldurublar. Düşünürlər ki, gündəmdə qalmaq üçün Azərbaycan adı qarşısında xidməti olan hansısa bir şəxsiyyətə daş ataq... Düşünmürlər ki, bu cür gündəmə gəlməklə, gözdən düşürlər.

Necə ki, TV-lərin qapısı birdən-birə həyasızların üzünə açıldı, ərindən boşanan, sevgilisindən küsən, kimlər, kimlər ekranlara, oradan da çoxumuzun şüuraltısına yol aldılar, eləcə də bu günkü ədəbi mühütdə də belə artistlər peyda olmaqdadırlar. Fərq ondan ibarətdir ki, o artistlərin əlində mikrofon, bu artistlərin əlində isə, qələm var.

Biri durub Sabir haqqında ağzına gələni danışır. Deyir ki, Sabirin ciddi ədəbiyyata dəxli yoxdur. O birisi durub, deyir ki, Hüseyn Cavidin ədəbiyyatdan getmək vaxtıdır, bu birisi də deyir ki, Bəxtiyar Vahabzadə şair deyil.

Ola bilər ki, sənin hansısa şairdən xoşun gəlmir, yaradıcılığı zövqüncə deyil, ancaq, bu o demək deyil ki, o şair deyil. Sən nə qədər özünü yorsan da, qışqır-bağır salsan da, o şairin oxucuları var və sən onların qəzəbinə tuş gələcəksən, özünü onların gözündən salacaqsan.

İmam Sadiq (ə) gözəl fikir deyib: "əgər sən ovcunda qiymətli daş tutmusansa, ətrafdakılar çox da desin ki, ovcundakı çürük qozdur. Qiymətli daş onsuz da sənin əlindədir". Bəli, "ədəbiyyat təəssübkeşləri", siz çox da deyin ki, "Sabirin ciddi ədəbiyyata dəxli yoxdur", "Bəxtiyar Vahabzadə şair deyil" və s. bu fikirlərlə, əslində, özünüzün ciddi fikir adamı, ciddi qələm sahibi olmadığınızı ortaya qoyursunuz. Həm də beş-üç kitabınız, on-on beş məqaləniz çıxandan sonra, 20-30 oxucunuzun olması başınızı gicəlləndirir və qəlbinizdə qısqanclığınız baş qaldırır. Yaxşı olar ki, başınızı aşağı salıb (özünüz bilin, istəyirsiniz, başınızı yana əyin, ya da göyə baxın) yazı-pozunuzla məşğul olun. Novruz bayramı hələ qabağdadır, tələsməyin, öz fındığınızla oynayın, onun-bunun qozunda gözünüz olmasın.

Siz qansanız da, qanmasanız da Sabir bu millətin brend şairidir. Siz dansanız da, danmasanız da Bəxtiyar Vahabzadə sizdən çox böyük şair və böyük vətəndaşdır. Günəş onsuz da səmadadır, istər gecə, istərsə də buludlu gündüzlərdə.

Həm də unutmayın ki, çoxunuzun Azərbaycan bayrağı haqqında fikirləriniz Bəxtiyar Vahabzadənin şeirləriylə formalaşıb, əgər formalaşıbsa. Görünür, formalaşmayıb. Sizin bir kənddin bələdiyyə sədrinə bir kəlmə yazmağa cəsarətiniz çatmadığı halda, bəyənmədiyiniz Bəxtiyar Vahabzadə Sovet imperiyası dönəmində böyük cəsarətlə "Gülüstün" poemasını yazdı. Hüseyn Cavid, əhməd Cavad, Almas Ildırım və sairlərinin mərdliyinin "m"-sının belə, sizdə olduğuna inanmıram.

Yaşlı şairlərin Bəxtiyar Vahabzadəni və digərlərini bəyənməməklərini anlayıram. Bədbəxtlər neyləsinlər?! Bu yaşa çatıblar, hələ bir misraların belə, əzbər bilən yoxdur. Çünki, o sevgini Allah sizə nəsib etməyib. Sizin şeirinizdə səmimiyyət yoxdur. Odur ki, ay yaşlı şairlər, başlı şairləri qısqanmağınızı başa düşürəm. Cavanlar da bu "ağsaqqalların" təsiri altına düşüblər, yəqin. Olmaya "ağsaqqallar" bu cavanların təsiri altına düşüblər?

Şairi peyğəmbərlə eyniləşdirməyin. Şair sıradan bir insandır və onu başqalarından fərqləndirən istedadı, düşüncəsidir. Hər kəsin səhvləri var, o cümldən şairin də. Müqayisə edəndə özünüzü də unutmayın, əgər özünüzdən xəbərdarsınızsa. Bəlkə də, qınanmaqdan qorxmasanız, heç Hz. Məhəmməd peyğəmbəri də (s.ə.s) qəbul etmədiyinizi dilə gətirərsiniz.

Nə deyim vallah, özünüzə gəlin. Boş-boş laqqırtı vurmaqla, bu rəhmətliklərin ruhunu narahat etməyin!

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930