Yazıçı Kamran Nəzirli Rusiya telekanallarının məşhur aparıcılarına cavab verib
![]()
Cənab Solovyov və Şeynin! Uzun müddətdir ki, Ermənistan silahlı qüvvələri və özünü qondarma “Dağlıq Qarabağ respublikası” elan etmiş və heç yerdə tanınmayan bir qurumun azğın dəstələri Azərbaycanın dinc əhalisinə qarşı, insanlığa qarşı qəddar genosid törədir. Təkcə 1992-ci fevralın 25-dən 26-na keçən gecə erməni quldurları tərəfindən Xocalıda aralarında qadınların, uşaqların və qocaların da olduğu 600-dən çox insan vəhşicəsinə qətlə yetirilib. Siz də bilirsiniz, cənab Solovyov və Şeynin, Xocalı qətliamında “şanlı” 366-cı motoatıcı polkun yaramaz hərbçiləri də fəal iştirak ediblər. Həmin rüsvayçı polk iki həftədən sonra ləğv edildi. Lakin bununla qətlə yetirilən insanlarımızı geri qaytarmaq olmaz. Bunu deyəsən yaddan çıxartmısınız?
Manera.az xəbər verir ki, bu fikirlər yazıçı Kamran Nəzirlinin Rusiya telekanallarının Azərbaycana qarşı dəfələrlə qərəzli mövqe nümayiş etdirən aparıcıları Vladimir Solovyova və Artyom Şeyninə sosial şəbəkədə ünvanlandığı məktubda yer alıb. O, son günlər bir sıra Rusiya jurnalistlərinin Azərbaycanın haqlı və ədalətli işinə kölgə salan çıxışlarını tənqid edərək yazır ki, Dağlıq Qarabağ və ona bitişik geniş əraziləri erməni işğalçıları zəbt ediblər və o torpaqlar Azərbaycanın ayrılmaz tərkib hissəsidir.