İlyas Əfəndiyevin xatirəsi Bakı teatrlarının səhnələrində yad ediləcək

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İlyas Əfəndiyevin vəfatının 30-cu ildönümü münasibətilə Bakı teatrlarında yazıçının əsərləri əsasında hazırlanan tamaşalar nümayiş etdiriləcək.
Manera.az xəbər verir ki, silsilə tədbirlər çərçivəsində oktyabrın 22-də Şəhriyar adına Mədəniyyət Mərkəzində Bakı Bələdiyyə Teatrının “Şuşada ürəyim qaldı”, oktyabrın 23-də isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının “Xurşidbanu Natəvan” tamaşaları təqdim olunacaq.
İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi və Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında hazırlanan “Şuşada ürəyim qaldı” tamaşasının quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur. Səhnə əsərində Ağabəyim ağanın Vətən naminə şəxsi məhəbbətindən imtina etməsi, Qarabağa sonsuz sevgisi və doğma yurda həsrəti ön plana çəkilir.
İlyas Əfəndiyevin eyniadlı pyesi əsasında səhnələşdirilən “Xurşidbanu Natəvan” tamaşasının bədii rəhbəri və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətovdur. Səhnə əsərində Qarabağ tarixinin görkəmli şəxsiyyətlərindən biri olan şairə Xurşidbanu Natəvanın həyat və fəaliyyəti, mənəvi dünyası, eləcə də yaşadığı dövrün ictimai-siyasi mənzərəsi əks olunur.