Azərbaycan sənətçiləri İğdırda səhnəyə çıxdılar

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində, İğdır Valiliyinin və Azərbaycanın Qarsdakı Baş Konsulluğunun dəstəyi ilə İğdırda Azərbaycan İncəsənət Həftəsi çərçivəsində konsert proqramı və milli geyimlərin nümayişi təşkil olunub.
Manera.az xəbər verir ki, tədbirdə Qars valisi Fırat Taşolar, Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, yerli idarəetmə orqanlarının nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, eləcə də çoxsaylı İğdır sakinləri iştirak ediblər.
Tədbir zamanı Azərbaycan–Türkiyə qardaşlıq münasibətləri, xalqımızın zəngin mədəni irsi və ortaq dəyərlərimiz haqqında məlumat verilib.
Proqram çərçivəsində Bakı Milli Geyim Evinin kolleksiyasına daxil olan Azərbaycanın ənənəvi milli geyimləri İğdır Universitetinin tələbələrinin iştirakı ilə keçirilən moda nümayişində təqdim olunub.
Daha sonra Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova, müğənnilər İlkin Dövlətov və Elgün Quliyev səhnəyə çıxaraq musiqi nömrələri ilə tamaşaçılar qarşısında çıxış ediblər.
Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” Xalq Rəqsləri Ansamblı milli rəqsləri ilə proqrama xüsusi rəng qatıb.
Böyük maraqla qarşılanan tədbir Azərbaycanın zəngin mədəni irsinin, milli musiqi və rəqs sənətinin Türkiyədə tanıdılmasına, eləcə də iki qardaş ölkə arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsinə mühüm töhfə verib.
Məhəmməd,
Manera.az
