manera.az
manera.az

Türkiyədə Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək

📅 09.10.2026 13:48

Türkiyədə Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
19 oktyabr 2026-cı il tarixində Ankarada Azərbaycanın dahi şairi və Türk dünyasının böyük mütəfəkkiri İmadəddin Nəsiminin həyat və yaradıcılığına, fəlsəfi düşüncələrinə və ədəbi irsinə həsr olunmuş Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək.

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə Türk Kültürü Araşdırmaları İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək simpozium Türk dünyasının ortaq dil, ədəbiyyat və mədəniyyət irsinin elmi müstəvidə araşdırılması və təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

Ankarada Türk Kültürü Araşdırmaları İnstitutunda təşkil olunacaq beynəlxalq elmi tədbir 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilir. Türk xalqlarının dillərinin, ədəbiyyatlarının və mədəni irsinin öyrənilməsi tarixində mühüm yer tutan bu tarixi toplantının yüzilliyi çərçivəsində Nəsimi irsinin elmi müzakirəyə çıxarılması ortaq türkoloji tədqiqat ənənəsinin davam etdirilməsi baxımından xüsusi məna daşıyır.

Azərbaycan və Türkiyədən ədəbiyyatşünas alimlərin, Nəsimi irsinin tədqiqatçılarının və digər elm nümayəndələrinin iştirak edəcəyi simpoziumda dahi şairin həyatı və yaradıcılığı, poeziyasının irfani-fəlsəfi məzmunu, Türk düşüncəsi tarixindəki yeri, dil xüsusiyyətləri, divanlarının nəşri və ədəbi irsinin müxtəlif aspektləri müzakirə olunacaq. Elmi məruzələrdə Nəsiminin yaradıcılığı müxtəlif tədqiqat istiqamətləri üzrə təhlil ediləcək, onun Azərbaycan ədəbiyyatının və bütövlükdə Türk dünyasının ədəbi-fəlsəfi fikir tarixinin inkişafına verdiyi töhfələr diqqətə çatdırılacaq.
Simpozium çərçivəsində Birinci Bakı Türkoloji Qurultayının tarixi əhəmiyyəti, türkoloji araşdırmaların inkişafında rolu və Türk dünyasının ortaq dil və mədəniyyət irsinin öyrənilməsinə təsiri də diqqət mərkəzində olacaq.

Dahi Nəsiminin zəngin düşüncə dünyasının və ədəbi irsinin elmi baxımdan dərindən araşdırılmasına töhfə verəcək simpozium, eyni zamanda, Birinci Türkoloji Qurultayın 100 illiyi kontekstində Türk dünyasının ortaq dil, ədəbiyyat və mədəniyyət irsinin öyrənilməsi, qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.


Baxış sayı - 24 | Yüklənmə tarixi: 09.10.2026 13:48
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031