Azərbaycan CNN-ə qarşı hüquqi mübarizəyə başlayıb
![]()
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev CNN International telekanalının ölkəmizin ərazisində İsrailə məxsus hərbi bazaların yerləşməsi ilə bağlı yaydığı məlumatlara görə məsələnin ABŞ məhkəməsinə çıxarıldığını açıqlayıb.
Manera.az xəbər verir ki, Hikmət Hacıyev bu barədə Bakıda keçirilən VII Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan “Sülh dili və dezinformasiya ilə mübarizə” mövzusunda panel müzakirəsində danışıb.
Prezidentin köməkçisi bildirib ki, CNN International İran–İsrail qarşıdurması zamanı Azərbaycanın cənub bölgəsində İsrailə məxsus hərbi obyektlərin yerləşdiyi və həmin obyektlərdən İrana qarşı mümkün hərbi əməliyyatlarda istifadə oluna biləcəyi barədə məlumat yayıb.
Hikmət Hacıyev bu iddiaları qətiyyətlə təkzib edərək Azərbaycan ərazisində heç bir xarici dövlətə məxsus hərbi bazanın olmadığını vurğulayıb. Onun sözlərinə görə, belə bir hərbi mövcudluq texniki baxımdan da mümkün deyil.
Prezidentin köməkçisi Azərbaycana qarşı mütəşəkkil dezinformasiya kampaniyalarının aparıldığını qeyd edərək CNN-in yaydığı məlumatı buna nümunə göstərib.
Hikmət Hacıyev bildirib ki, sözügedən material Azərbaycanın qonşu dövlətlərlə münasibətlərinə zərər vurmağa yönəlib. Onun sözlərinə görə, Azərbaycan tərəfi telekanaldan təkzib və cavab hüququnun təmin olunmasını tələb etsə də, CNN bu müraciəti qəbul etməyib.
Bundan sonra məsələ ABŞ-ın məhkəmə instansiyalarına çıxarılıb. Bununla belə, Hikmət Hacıyev hüquqi prosesin nəticələri ilə bağlı böyük gözləntilərinin olmadığını da ifadə edib.
Hikmət Hacıyev Ermənistan cəmiyyətindən üzr gözlədiklərini bildirib
Prezidentin köməkçisi çıxışında Azərbaycan–Ermənistan münasibətlərinə və regionda davamlı sülhün təmin olunması məsələlərinə də toxunub.
O qeyd edib ki, Azərbaycan xalqı keçmişdə yaşanan faciələrə, məcburi köçkünlük həyatına, etnik təmizləməyə və mədəni irsin dağıdılmasına baxmayaraq, gələcəyə qisas deyil, sülh mövqeyindən yanaşır.
Hikmət Hacıyev doğma torpaqlarından didərgin salınmış azərbaycanlıların Ermənistan cəmiyyətindən üzrxahlıq gözlədiyini bildirib. Onun fikrincə, belə bir addım iki xalq arasında etimadın bərpasına və uzunmüddətli sülhün möhkəmlənməsinə mühüm töhfə verə bilər.
Prezidentin köməkçisi Ermənistanda revanşist meyillərin mövcudluğundan narahatlığını ifadə etməklə yanaşı, hazırkı Ermənistan rəhbərliyinin irəli sürdüyü “Real Ermənistan” yanaşmasını müsbət qiymətləndirib.
Qeyd edək ki, panel müzakirəsində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Türkiyə Respublikası Prezident Administrasiyasının İctimai Diplomatiya İdarəsinin rəhbəri Oğuz Güner də iştirak ediblər.
Manera.az