manera.az
manera.az

Bratislavada Müstəqilliyin Bərpası Günü qeyd edildi, Azərbaycan restoranı açıldı

📅 19.10.2026 20:27


Slovakiyanın paytaxtı Bratislavada 18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə tədbir təşkil olunub. Tədbir çərçivəsində şəhərdə yaşayan azərbaycanlıların təşəbbüsü ilə milli mətbəximizi və mədəniyyətimizi tanıdan yeni restoran fəaliyyətə başlayıb.

Manera.az xəbər verir ki, Bratislavada yaşayan soydaşlarımız əlamətdar günü bir araya gələrək qeyd ediblər. Azərbaycan konseptli restoranın məhz Müstəqilliyin Bərpası Günündə açılması milli birlik və həmrəyliyin rəmzi kimi qiymətləndirilib. Bildirilib ki, yeni məkan Azərbaycan mətbəxinin Slovakiyada tanıdılmasına, milli adət-ənənələrimizin və qonaqpərvərlik mədəniyyətimizin təbliğinə xidmət edəcək.

Tədbirdə yaradılmaqda olan Slovakiya Azərbaycan Diaspora Cəmiyyətinin təsisçiləri Fərid Yusifli və Hacı Hacıyev də iştirak ediblər. Onlar Bratislavada yaşayan və tədbirə qonaq qismində qatılan azərbaycanlılarla görüşərək cəmiyyətin yaradılması istiqamətində görülən işlər, qarşıya qoyulan məqsədlər və gələcək fəaliyyət planları barədə məlumat veriblər.

Qeyd olunub ki, cəmiyyətin əsas məqsədi Slovakiyada yaşayan azərbaycanlılar arasında əlaqələri gücləndirmək, milli həmrəyliyi möhkəmləndirmək, ana dilimizin, mədəni irsimizin və adət-ənənələrimizin qorunmasına dəstək verməkdir. Bununla yanaşı, soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyasına kömək göstərilməsi, onların hüquq və maraqlarının müdafiəsi, Azərbaycanla Slovakiya arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi də prioritet istiqamətlər sırasındadır.

Təsisçilər bildiriblər ki, Slovakiya Azərbaycan Diaspora Cəmiyyətinin rəsmi qeydiyyata alınması ilə bağlı hüquqi prosedurlar son mərhələdədir. Qeydiyyat prosesi başa çatdıqdan sonra cəmiyyətin fəaliyyətinin daha sistemli şəkildə qurulması və müxtəlif istiqamətlər üzrə layihələrin həyata keçirilməsi planlaşdırılır.

Görüşdə Slovakiyada mühəndislik, elm və digər sahələrdə çalışan azərbaycanlı mütəxəssislər, onların ailə üzvləri, eləcə də tələbələr iştirak ediblər. Yeni açılan restoranın gələcəkdə soydaşlarımızın mütəmadi görüşdüyü, fikir mübadiləsi apardığı və yeni əməkdaşlıq əlaqələri qurduğu məkanlardan birinə çevriləcəyi bildirilib.

Səmimi bayram ab-havasında keçən tədbirdə diasporun gələcək fəaliyyəti, birgə təşəbbüslər və əməkdaşlıq imkanları müzakirə olunub.

Tədbir xatirə şəkillərinin çəkdirilməsi ilə başa çatıb.


Baxış sayı - 110 | Yüklənmə tarixi: 19.10.2026 20:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031