Yazıçı Hüseynbala Mirələmovun yeni sənədli romanı işıq üzü görüb

Tanınmış yazıçı Hüseynbala Mirələmovun “Dosta fəda bir ömür” adlı yeni sənədli romanı çapdan çıxıb.
Real həyat hadisələri əsasında qələmə alınan əsər dostluğa sədaqət, insanlıq və fədakarlıq kimi ali mənəvi dəyərlərə həsr olunub.
Romanda illər əvvəl Daxili İşlər Nazirliyinin əməkdaşı Front Mustafayevin dostunun həyatını xilas etmək üçün göstərdiyi qəhrəmanlıqdan bəhs edilir. Belə ki, Front Mustafayev dostunun sinəsinə tuşlanmış güllənin qarşısına keçərək öz həyatını fəda edib. Onun bu fədakarlığı əsl dostluğun və insan sədaqətinin nümunəsi kimi əsərin əsas mövzusunu təşkil edir.
Yazıçı “Dosta fəda bir ömür” romanını mərhum Front Mustafayevin oğlu, yaxın dostu Famil Mustafayevə ithaf edib.
Müəllif əsərin Front Mustafayevin şərəfli həyat yolunun, mərdliyinin və misilsiz fədakarlığının gələcək nəsillərin yaddaşında yaşadılmasına xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
“Dosta fəda bir ömür” sənədli romanı insan həyatında dostluğun, sədaqətin və mənəvi dəyərlərin əhəmiyyətini ön plana çıxarır.