manera.az
manera.az

Xalq şairi Sabir Rüstəmxanlı Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” mövzusunda məruzə edib

📅 08.10.2026 12:03

Xalq şairi Sabir Rüstəmxanlı Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” mövzusunda məruzə edib
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” mövzusunda həyata keçirdiyi silsilə seminarlar davam edir.

Layihənin əsas məqsədi “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası əsasında Azərbaycan dilinin milli mədəniyyətdəki rolunun və mövqeyinin daha da möhkəmləndirilməsi, mediada Azərbaycan dilindən düzgün və səlis istifadənin təşviq edilməsi, bu istiqamətdə maarifləndirmə işlərinin aparılması və dil savadlılığının artırılmasına dəstək göstərməkdir.

Layihə çərçivəsində 2026-cı il oktyabrın 8-də Azərbaycan Milli Kitabxanasında keçirilən ikinci seminarın məruzəçisi Xalq şairi, yazıçı və ictimai xadim Sabir Rüstəmxanlı olub. Mərkəzin sektor müdiri Fariz Yusiflinin moderatorluğu ilə keçirilən seminarda əvvəlcə Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov çıxış edib.

O bildirib ki, dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası ölkəmizin mədəni siyasətinin gələcək onilliklər üzrə strateji istiqamətlərini müəyyənləşdirən mühüm sənəddir. Konsepsiya yalnız bu günü deyil, gələcək nəsillərin mədəni düşüncəsinin və estetik zövqünün formalaşmasını da hədəfləyən uzaqgörən baxışın ifadəsidir.

MEMİM-in direktoru vəzifəsini icra edən, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov Sabir Rüstəmxanlını 80 illik yubileyi və dövlət başçısının Sərəncamı ilə bu ilin may ayında “Şərəf” ordeni ilə təltif olunması münasibətilə təbrik edib, xoş arzularını bildirib.

V.Hümbətov layihənin “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının müvafiq hədəflərinə uyğun olaraq Azərbaycan dilinin milli mədəniyyətdəki yerinin möhkəmləndirilməsi və mediada dildən düzgün istifadənin təbliğ edilməsi məqsədilə həyata keçirildiyini diqqətə çatdırıb.

Daha sonra Xalq şairi Sabir Rüstəmxanlı “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” mövzusunda məruzə ilə çıxış edərək Azərbaycanın müstəqillik tarixindən və inkişaf yolundan danışıb.

S.Rüstəmxanlı çıxışında bildirib ki, dil də mənəvi ekologiyadır:

“Necə ki, havanın, dünyanın atmosferinin təmizliyi qorunur, eləcə də dilin təmizliyi qorunmalıdır. Dil də əgər çirklənsə, saflığı qorunmazsa, o da öz “sağlamlığını”, yaşamaq gücünü, yaşamaq qabiliyyətini itirər. Məsələ bu qədər bəsit və sadədir.

Hər bir dilin öz qanunauyğunluğu var. Hər millətin dili onun tarixinin, keçmişinin və bugünkü yaşam tərzinin ümumi bir parçası kimi yaranıb və elə həmin şəkildə də qorunmalıdır”.

Məruzəçi qeyd edib ki, dilin zənginləşməsi təbii proses kimi getməlidir. Bu gün dünya ölkələri arasında əlaqələr genişlənir, texnologiya və sənaye sahələrində inteqrasiya, qarşılıqlı zənginləşmə prosesləri gedir. Dillərdə də buna bənzər proseslər müşahidə olunur.

“Bu prosesdə üstünlük ilk növbədə eyni kökdən gələn türk dillərinə verilməlidir. Qohum dillərin bir-birini zənginləşdirməsi daha sağlam və təbii yoldur. Kənar dillərdən daxil olan sözlərə isə mümkün qədər Azərbaycan dilində qarşılıq tapılmalı, dilin öz imkanlarına üstünlük verilməlidir”, – deyə Sabir Rüstəmxanlı vurğulayıb.

Xalq şairi xatırladıb ki, onun bütün yaradıcılığı dilimizin saflığı və sağlamlığı uğrunda mübarizə ilə bağlı olub:

“Sağ ol, Ana dilim!” adlı bir kitabım var. O kitabı yazanda Bakıda rəsmi dairələrdə, tribunalarda Azərbaycan dilində danışıq, çıxış demək olar ki, yox idi. Dil daha çox dar, məhdud məişət səviyyəsində işlənirdi. Ömrüm boyu dil uğrunda mübarizə mənim əsas işlərimdən biri olub, bu mövzuda onlarla məqaləm, çıxışım var”.

Sonda məruzəçi iştirakçıların suallarını cavablandırıb, dilimizin qorunması ilə bağlı fikir mübadiləsi aparılıb.

Tədbirin bədii hissəsində Beynəlxalq Muğam Mərkəzinin solisti, xanəndə Hüseyn Məlikovun iştirakı ilə muğam üçlüyünün – tarda Valeh Allahverdiyev, kamançada Orxan Hüseynov – ifaları təqdim olunub. Aşıq Əli Zeynalabdinovun ifası dinlənilib. Bədii qiraətçi Hüseynağa Aslanov isə Xalq şairinin “Sağ ol, ana dilim” şeirini səsləndirib.


Baxış sayı - 34 | Yüklənmə tarixi: 08.10.2026 12:03
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031