Azərbaycanlı bəstəkarın əsərinin dünya premyerası Antalyada keçirilib

Azərbaycanlı bəstəkar İlyas Mirzəyevin II Skripka Konsertinin dünya premyerası Türkiyənin Antalya şəhərində baş tutub.
Manera.az xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Sənətdə 50 il” layihəsi çərçivəsində təşkil olunan konsert Atatürk Mədəniyyət Mərkəzinin Aspendos zalında keçirilib.
Əsər Antalya Dövlət Simfonik Orkestrinin ifasında, yunanıstanlı dirijor Nikos Haliassasın rəhbərliyi ilə musiqisevərlərə təqdim olunub. Konsertin solo skripka partiyasını əsərin ithaf olunduğu tanınmış skripka ifaçısı Olqu Qızılay səsləndirib.
Üç hissədən ibarət olan əsərdə insanın daxili ziddiyyətləri, azadlıq axtarışları, müharibələrin doğurduğu faciələr və sülhə ümid musiqi dili ilə ifadə edilib. Konsertin finalında səslənən zəng sədaları dostluğun, insanlığın və qarşılıqlı anlaşmanın qələbəsini simvolizə edib.
Konsert proqramında bəstəkar İlyas Mirzəyev də səhnəyə çıxaraq fortepianoda özünün “Leyla” əsərini ifa edib.
Gecənin ikinci hissəsində isə fransız bəstəkarı Jorj Bizenin məşhur “Karmen” operasından orkestr süitaları səsləndirilib.
Qeyd edək ki, İlyas Mirzəyevin II Skripka Konserti oktyabrın 23-də İzmirdə də təqdim olunacaq. Əsər İzmir Simfonik Orkestrinin ifasında, tanınmış dirijor, professor Rengim Gökmenin rəhbərliyi ilə səsləndiriləcək.