Safura Həsənzadə - Qadın bığlı romanlar...
Safura Həsənzadə
Bir ara kitab oxumağa yadırğamışdım. Demək olar ki, universitet dərsliklərindən başqa heç nə oxumurdum. Sonra rəfiqəmin mənə məsləhət gördüyü bir kitab ədəbiyyata olan marağımı artırdı. Kitabın adını qeyd etməyəcəm. Çünki son zamanlar məndə fobiya yaranıb. Oxuduğum kitabları adlarını paylaşmaq qorxusu. Axı, indi ciddi ədəbiyyat kimi mühüm ədəbi problemlərimiz var. Bu ciddilik söhbəti məni bezdirdiyi kimi, bir çox oxucuları da çaş-baş salıb...
Adam, yazmağa həvəslidir, ağıllıdır, marketinqi gözəl bilir və iddialıdır. Az keçmir, ədəbi uğurlarını qazanır. Biz isə onu bu uğurundan dolayı baltalamağa başlayırıq. Sən niyə yazırsan, sənin niyə bu qədər oxucun var, sən niyə bestseller yazırsan? Bu ciddi ədəbiyyat deyil, oxucular zövqsüzləşir, köhnə yazıçıları kim olub axı? Və nəticə belə olur ki, heç ölkəmizdə yazıçı, şair yox imiş. Hər hansı ədəbiyyata həsr olunmuş veriliş olan kimi də, sübut etməyə çalışırıq ki, sən yaza bilmirsən, yazıçı deyilsən.
Əslində sual doğur ki, bəs nə üçün ciddi qəbul etmədiyimiz yazıçılar bu gün daha çox sevilir və əsərləri oxunur? Bəlkə oxucu onların qara qaşına-gözünə vurulub?! Niyə ölkənin ən çox satılan romanının müəllifi gənc olmasın? Bəlkə o kitab oxumayan gəncliyi daha yaxşı tanıyır, onların arasından gəlib ədəbiyyata? Məsələn, qeyri-ciddi yazıçımızın kitabları türk dilinə tərcümə olunur, hətta universitetlərdə tədris olunur. Demək ki, Türklər bizdən daha qeyri-ciddi və zövqsüzdürlər? Biz isə mütləq ciddi ədəbiyyat yaratmağa, yazmağa çalışaq, özümüzü ciddiyyətə məcbur edək. Narahat olmayın, bir azdan qeyri-ciddi hesab etdikləriniz sizin üçün ən öndə gedən ədəbiyyat mükafatlarını gətirəndə, elə qeyri-ciddi olacaqsınız ki!.. Bu eynən Elnurun O səs Türkiyədəki uğuruna bənzəyəcək. Küsdürəcəksiniz və onları da itirəcəksiniz. Ciddi qəbul etmədiyimiz yazarlar kitab oxumayan gəncləri yenidən kitaba həvəsləndiriblərsə, demək ciddilikdən danışmaq olar. Uşaq doğulan kimi ona nə kabab, nə də ət verirlər. Körpə yeməyə həzm olunması asan olan süddən başlayır. Hamımız məktəbə gedəndə əlifba ilə başlamışıq, ciddi romanlarla yox. İcazə verək, gəncliyin sevərək oxuduğu “qeyri-ciddi ədəbiyyat”ı onların əlifbası olaraq qəbul edək. Bu kitablar onlara oxumağa həvəs yaradırsa, qoy oxusunlar da.
Kitaba həsr olunmuş tədbirlərin birində elə bu ciddilikdən söz düşmüşdü. Gəncin biri çıxışında qeyd etdi ki, qeyri-ciddi qəbul edilən ədəbiyyat bizə daha yaxındır. Mənim nəyimə lazımdır axı, romandakı qadının bığları, ayaqlarının uzunluğu və ya üç səhifəlik kənd təsviri...
Ciddi ədəbi proseslərin olması üçün cəmiyyətdə ciddi nə isə baş verməlidir. Yoxsa yatan xalqdan nə ciddiyyət?!... Əgər bu gün bir yazıçı futbol klubuna prezident seçilirsə, bir model-aktrisanın roman yazması normal deyilmi? Və həmin yazar da qeyri-ciddi qəbul olunacağını bilib öz ana dilində yox bir başa türk dilində yazır və kitabı Türkiyə oxucuları üçün nəzərdə tutduğunu deyir. Yəni, bizimkilər məni başa düşməyəcək, məni ciddi qəbul edənlərin ünvanına yazıram. Bu ədəbiyyat qalacaqmı, qalmayacaqmı, buna siz yox, zaman qərar verəcək müəyyənləşdirəcək. Deməyim odur ki, ciddi nəyimiz var ki, ədəbiyyatımız da ciddi olsun?! Bəlkə elə ciddiyətimizi ciddi ədəbiyyatımızı yandırarkən itirdik. Onsuz da itirə-itirə gedirik, heç olmasa əlimizdə-ovcumuzda qalanlara sahib çıxaq!
Manera.az