Bir ovuc kölgənə sığınmışam mən...| MANERA.AZ
Vüsalə Vətənxan
BİR OVUC KÖLGƏ...
(Bir ovuc kölgənə sığınan
dağ qədər eşqim var mənim...)
Bir az təbəssüm ver, bir azca gülüş,
Bir azca təsəlli, bir az sevgi ver.
Bir ovuc kölgənə sığınır ruhum,
Ruhumda dağ qədər böyük sevgidir.
Bir ovuc kölgənə sığınmışam mən...
Mən qara torpağam kölgən içində.
Saxta baharların yalan günəşi,
Düşməsin ruhuma sevgin içində.
Bir şehtək torpağa qonub, sığınıb,
Bir ovuc kölgəndə yaşayıram mən.
Küsüb sevgilərdən köçür bu ruhum,
Ruhumda sevgini daşıyıram mən.
Bir ümid yerinə əriyən şamam,
Sönər nurum sənsiz, sənə ehtiyac.
Sevgim dağdan uca, göylərtək uzaq,
Ruhumsa bir ovuc kölgənə möhtac...