"İnsan olmaq istəmirəm"... - Çinarə Ömray - MANERA
Çinarə Ömray
Elə zamanlar var ki, insan olmaq istəmirsən...
Mən də dünən bir ovuc su olmaq istəyirdim Fərəhi söndürə bilmək üçün. Quş olmaq istəyirdim, yaş yarımlıq körpəni beşiyindən alıb oddan uzaqlaşdıra bilmək üçün. Dünən insan olmaq istəmirdim...
Dünən bir balaca mərhəmət olmaq istəyirdim, məmurların möhürlənmiş qəlblərinə girə bilmək üçün. Bir damla mürəkkəb olmaq istəyirdim o qərara çəkilən qolun üstünə düşüb onu korlamaq üçün...
Dünən insan olmaq istəmirdim...
Otağımın hər yanından körpə səsi gəlir... O uşaqlar hər yandan bizə baxır, hamımızı görürlər...
Dünən bir çüt qanad olmaq istəyirdim, ölümdən qaçıb ölümə sığınan o gəncin qollarına taxılmaq üçün... Bir balaca nəfəs olmaq istəyirdim, Ömərin ciyərlərinə qonmaq üçün.
Mən dünən bir tək insan olmaq istəmirdim, bir də külək...
... Ən böyük faciə budur. İçində yanasan, odlanasan özü də tüstülənə-tüstülənə, amma heç nə edə bilməyəsən. İçin yana, amma sadəcə baxasan...
Mən dünən nə ana olmaq istəyirdim, nə insan, nə də külək. Mən dünən bunlardan başqa hər şey olmaq istəyirdim..
Bu günsə bir ovuc torpaq olmaq istəyirəm... İçimdəki yanğını basdırmaq üçün.. Bir üsyan olmaq istəyirəm, hər kəsin qəlbinə girib ayağa qaldıra bilmək üçün...
Mən bir parça həyat olmaq istəyirəm, bir az qeyrət, bir az vicdan!!!
İnsan olmaq istəmirrrəəəmmm....
Manera.az