manera.az
manera.az

Eldar İsmayıloğlundan yeni şeirlər...

📅 21.04.2015 14:14

 Eldar İsmayıloğlundan yeni şeirlər...

Nəmli divarlar təki,
hər gün öz içinə ovulur adam,
üzündən divar kağızlarını soyduqca...
Sevgilər yalan əynini soyunduqca,
adam soyuduqca,
yandırır yenə xatirə yağışları gözünün içinəcən...
Turşməzə darıxmaqlardan sonra şərab içənəcən,
ürəyini deşən zaman əqrəbini,
kürəyini söykədiyin su divara tuşlayırsan,
dünyanın bütün Məcnunları gözünü açanacan,
bütün şeytanları daşlayırsan,
ehtiraslar kiprikdən-kipriyə,günahdan -günaha uçanacan...
Bütün turşməzə darıxmaqların şəklidi,
şərabın hünər verdiyi bapbalaca eşq etirafları,
siqaret tüstüsündə uçanacan....
içinin bir küncündə,hər gün öpüb oxşadığın
fidan xatirələr...
Azalırsan saç-saç,diş-diş,yeriş-yeriş...tələsirsən elə...
güzgündəki gözüaçıq soyuq şəklinə..
xatirələrin düşər ləprinə,
sən bütün güzgülərə hopanacan...

***
Biz yalanlar daşıdıq dodaqlarımızda ,
barmaqlarımızda,
arzularımızda,
bütün fəsillərin əlləri üstündən keçdik...
və hər gün yaşamağa gecikdik ,
gözümüz yol çəkirdi deyə.
Hər fəsildə bir cümlə itirdik,
sual yağışlarında yandıq,
yalanlar çətiriydi deyə.
Və biz əllərimizdən köçdük bəbəklərimizə..
yalanlar ovuşdurduq sınmış qanadlarımıza..
həm də bilirdik,ümidlər anası ölmüş baladı,
ovuc-ovuc içini daşıyır...
soyuq yuvalara,boş qucaqlara.
Yalnız üz qabığı qalmış bir roman adıdı...indi bu ömür.
Boynumdan asıb,silkələyib verirəm yelə sətir-sətir.
Olan -qalan kül nöqtələr də tökülsün sulara,ocaqlara...
deyirlər ölənin külünü suya çiləyəndə,
oda sovuranda ,
olmursan günahların sırasında .
Məni paklığına bağışla Tanrım,ver əlini ,
qalmışam odla, suyun arasında..


Baxış sayı - 2 110 | Yüklənmə tarixi: 21.04.2015 14:14
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930