manera.az
manera.az

Bədirxan Əhmədlinin missiyası | MANERA.AZ

Bədirxan Əhmədlinin missiyası | MANERA.AZMANERA.AZ

BİR ÖMRÜN MİSSİYASI


Əslində, bu yazını çoxdan yazmışdım...

Sadəcə ötən ilin aprelində, 60 yaşı tamam olanda tamamlayıb üzə çıxarmaq istədim. Amma həm araya gözlənilməz işlər düşdü, həm də, ola bilsin, yazmaq üçün səbəb axtarmamaq prinsipim mane oldu.

Nəticədə görkəmli ədəbiyyatşünas alim, yorulmaz tədqiqatçı, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli barədə demək istədiklərimi xeyli gec üzə çıxarmalı oldum.

İşin tərsliyindən bu dəfə də səbəblə üz-üzə qaldım: aprelin 20-də Bədirxan Əhmədlinin doğum günüdü...

Amma daha onun haqqında söyləmək istədiklərimi sonraya saxlamaq fikrində deyiləm...

***
Bədirxan Əhmədliylə aramızda cəmi neçə illik yaş fərqi var, ayrı-ayrı ali məktəblərdə oxumuşuq, tələbəlik dövründə və ondan sonrakı illərdəki görüşlərimizi nə mən xatirlayıram, nə də yəqin ki, Bədirxanın yadında qalıb. Amma şübhəsiz ki, bir-birimizin imzamıza bələd idik. Sözün daha cəlbedici, daha sanballı, daha dəyərli olduğu dövrdə imzalar yadda daha aydın, daha tutumlu qalırdı. İlk yazıları da açıq aşkar göstərirdi ki, Bədirxan elm arxasınca gedəcək, ömrünü ədəbi tədqiqatlara həsr eləyəcək.

Mənsə, dəfələrlə imkan yaransa da, təkliflər olsa da, elmə üz tuta, bundan ötrü özümdə təpər tapa bilmədim, amma sözdən az ayrı düşmədim...

Görünür, bu da təsadüfi deyilmiş, Alın yazımda başqa yazılar varmış...

Hətta bir müddət Bədirxanla paralel addımlar da atdıq: mətbuatda çalışdıq, mən Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin şöbə müdiri vəzifəsində onu əvəz elədim, sonra ikimiz də vətənpərvərlik dalğasında ordu sıralarına getdik, müharibənin havasını canımızda hiss elədik, cəbhə bölgələrində olduq, hərbi rütbələr aldıq, atəşkəsdən sonra müharibə veteranı kimi tərxis olunub yazı-pozumuzun üstünə qayıtdıq...

Ünsiyyətimiz, səhv eləmirəmsə, o, “Vətən səsi” qəzetində işləyəndə başladı. İyirmi beş ildən artıqdı ki, Bədirxan Əhmədli şəxsiyyətinin bütövlüyünə hörmət bəslədiyim, ardıcıl yaradıcılıq prinsipinə həsəd apardığım, yaşamında da, yazılarında da vicdan, ləyaqət ölçülərini saxladığına görə dostluğumuzla fəxr elədiyim insan və ziyalıdı...

Əminəm ki, ona münasibətim Allahın verdiyi müddətcə elə bu cür də qalacaq...

***

Bədirxan Əhmədli namizədlik dissertasiyasını da, doktorluq dissertasiyasını Azərbaycan satirasının tədqiqinə həsr eləyib...
Düzü, əvvəllər onun kimi ciddi adamın satira janrında tədqiqat aparması mənə qəribə gəlirdi. İçimdə belə bir duyğu vardı ki, Bədirxan ədəbiyyatşünaslığa fundamental akademik araşdırmalar aparmaq üçün gəlib. Sonralar həmin tədqiqatlarının nəticələr olan, mənə bağışladığı "Sabit Rəhman: həyatı, mühiti, yaradıcılığı" və "Azərbaycan satirasının inkişaf problemləri (1920-1980-ci illər)" monoqrafiyalarını oxudum, fundamental akademik araşdırmalar məsələsində fikrim dəyişməsə də, Bədirxanın Sabit Rəhman satirasına da, Azərbaycan satirasına da məhz bu prinsiplə yanaşdığını sezdim. Mənə elə gəlir ki, o tədqiqatların sanbalını artıran başlıca cəhətlərdən biri də elə budur.

Ədəbiyyatşünaslıq, yaxud ədəbi tənqidçilik damarım olmasa da, neçə illər əvvəl Bədirxan Əhmədlinin “Azərbaycan satirasının inkişaf problemləri” monoqrafiyası haqqında məqalə yazmışdım. Məni monoqrafiyada ən çox maraqlandıran müəllifin mövzuya son dərəcə sistemli yanaşma tərzi, mülahizələrini, iradlarını və təriflərini həddən artıq ölçülü-biçili, səliqə-sahmanlı şəkildə təqdim eləmə bacarığı, təkcə tədqiqat obyektlərinə yox, həm də o tədqiqatları oxuyacaq adamlara sonsuz hörmət hissilə yanaşması idi.
Məncə, bu xüsusiyyətlər yaradıcı adamı xarakterizə eləyən ən vacib cəhətlərdəndi...

***
Bədirxan Əhmədlini yaradıcılıq sarıdan mənə doğmalaşdıran xüsusiyyətlərdən biri də mənbələri sevmək, mənbələrə əsaslanmaq, mənbələrlə işləmək bacarığıdı...

Ola bilsin, bu duyğunun əsasında ikimizin də arxiv işinə sevgimiz, arxivdə işləməyə həvəsimiz durur; amma qəti əmin olduğum bir məsələ var: arxiv və mənbə tədqiqatçının onurğa sütunudu, bunlar olmadan onun yazdığı sınaqlara tab gətirə bilməz, yüngül mehdən belə dağılıb gedər...

Yadımdadı, Bədirxan Əhmədili hələ 90-cı illərin əvvəllərində, ölkədə və cəbhədə vəziyyətin gərgin olduğu dövrdə Azərbaycan hərbi marşlarını, vətənpərvərlik mövzusunda şeirləri toplayıb çap etdirmişdi. O kiçik kitabça həmin vaxt çox qiymətli bir vəsaitə çevrilmişdi, zabit və əsgərlərimiz arasında əldən-ələ gəzirdi.

Bədirxan Əhmədli Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivində çalışanda təkcə vəzifə borcu kimi yox, həm də təəssübkeş ziyalı kimi, repressiya dövrü Azərbaycan ədəbiyyatı və repressiya olunmuş Azərbaycan yazıçılarının taleyi haqqında onlarla sanballı məqalə yazıb. Mən “Qurban” romanını qələmə alanda həmin məqalələrlə bir daha ətraflı tanış oldum. O yazılar təkcə arxiv sənədlərində əks olunmuş quru faktları sadalamadan ibarət deyil, hər cümləsində müəllifin ürək çırpıntıları hiss olunur.

Elə arxiv araşdırmaları da tədqiqatçını 37-ci ilin günahsız qurbanlarından biri olan görkəmli ədəbiyyatşünas-alim Əmin Abidin taleyi və yaradıcılığıyla daha yaxından məşğul olmağa yönəltdi, əvvəlcə 2003-cü ildə “Bir istiqlal yolçusu: Əmin Abid: həyatı. mühiti, yaradıcılığı” monoqrafiyasının araya-ərsəyə gəlməsinə, sonra da onun “Seçilmiş əsərləri”nin nəşrə hazırlanmasına səbəb oldu.

Beləcə, nakam bir yaradıcı insanın ədəbi irsinin mədəniyyətimizə qazandırılması Bədirxan Əhmədlinin adıyla bağlıdı. Tədqiqatçı üçün bundan daha sanballı uğur tapmaq çətindi...

Amma Bədirxan Əhmədli heç vaxt əldə elədiklərilə kifayətlənməyib, həmişə qarşısına qoyduğu hədəfə doğru inamla gedib, bu yolda da yol yoldaşı böyük elmi potensialı, Allah bəxşişi olan zəhmətsevərliyi, bir də ədəbiyyatımız və ədəbiyyatşünasılığımız qarşısında duyduğu borc hissi olub...

***

İnsanların təsnifatıyla bağlı müxtəlif fikirlər var...

Mənə görə, insan iki cür – qurucu və dağıdıcı – olur...

Bədirxan Əhmədli təbiəti və mahiyyəti etibarilə qurucu inşandı, həyatda da, münasibətdədə də, yaradıcılıqda da nizamı sevir...

Onun yaradıcılığa münasibətini tənqidçi, filologiya elmləri doktoru, Vaqif Yusifli çox dəqiq ifadə eləyib: “Bədirxan Əhmədli çox səliqəli tədqiqatçıdır. Əsərlərindəki sistemli tədqiqat üsulu bariz nəzərə çarpır. Onu klassik ədəbiyyatşünasların ən yaxşı varislərindən biri hesab etmək olar. Deyərdim ki, o, Məmməd Arif, Məmməd Cəfər tənqid məktəbinin dərslərini yaxşı mənimsəyib. Onda bir ədəbiyyat tarixçisi səriştəsi görürük. O, ədəbiyyatın problemlərini, keçdiyi inkişaf yollarını, hər bir mərhələnin öz xüsusiyyətlərini dürüstlüklə təyin edə bilir.

Təyin etmək azdır, gərək bu xüsusda söz deyən alimlərdən fərqli olaraq öz konsepsiyanı da ortaya qoyasan...”
O da həmişə öz konsepsiyasını ortaya qoymağı bacarıb...

Professor Bədirxan Əhmədlinin AMEA Nizami adına Ədəbiyyat İnstitutunda akademik İsa Həbibbəylinin rəhbərliyilə çapa hazırlanan on cildlik ədəbiyyat tarixin yazılmasında əsas simalardan biri olması heç də təsadüfi deyil. Bir sıra başqa amillərlə yanaşı, onun bu sahədəki böyük təcrübəsi, məsələyə özünəməxsus ciddiyyətlə, səliqəylə və sistemliliklə yanaşması, üstəlik, İnstitutun elmi katibi kimi, öz üzərinə düşən məsuliyyəti aydın dərk eləməsi şəxsən məndə başlanan işin uğurla nəticələnəcəyinə inam yaradıb.

Tədqiqatçının üç cildlik "XX əsr Azərbaycan ədəbiyyatı tarixi"nin artıq çapdan çıxmış iki cildi (icmallar, təhlillər, portretlər) və “XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələlər, istiqamətlər və problemlər” monoqrafiyalarını mübaliğəsiz olaraq müstəqillik dövrü ədəbiyyatşünaslığımızın ən sanballı uğurlarından sayıram. Mütəxəssislərin rəyinə görə, onun "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" dərsliyi ədəbiyyat tarixi sahəsində, xüsusilə, yeni dövrdə - müstəqillik dönəmində ən etibarlı dərslikdi, həm də hadisələrə həm ictimai-siyasi, tarixi baxımdan, həm də ədəbiyyatın öz qanunauyğunluqları baxımından obyektivliyilə seçilir. Şübhəsiz, bu araşdırmalar gələcək fundamental nəşrin əhatə dairəsini və istiqamətlərini düzgün müəyyənləşdirmək baxımından da çox faydalı olacaq.

Bu da heç təsadüfi deyil ki, sonuncu monoqrafiyada dövrün ictimai-siyasi, tarixi, ədəbi şəraiti obyektiv olaraq araşdırıldığına, ayrı-ayrı mərhələlərin xüsusiyyətləri aydınlaşdırıldığına, bu dövrün ədəbi məhsullarına yeni baxış ifadə edildiyinə, digər tərəfdən ədəbi prosesdə baş verən hadisələr müqayisəli faktlar müstəvisində təhlil olunduğuna, Azərbaycan ədəbiyyatının XX əsrə aid zəngin irsini tədqiq etdiyinə, həmin irsə tədqiqatçı münasibəti bildirdiyinə görə, ötən il Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” mükafatına layiq görüldü...
Təbii ki, indi ən böyük qayğılarından biri "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" monoqrafiyasının üçüncü cildini oxuculara təqdim eləməkdi – başladığı işi səbirlə və inadla axıra çatdırmaq ona xas olan xarakter cizgilərindəndi...

***
Həmişə Bədirxan Əhmədlinin vaxt çatışmazlığından əziyyət çəkdiyini hiss eləmişəm. Rastlaşanda da, zəngləşəndə də, görüşəndə də fikrinin daim yarımçıq işlərinin yanında olduğunu, mənimlə kəlmə kəssə də, yazı masası oturmaq barədə düşündüyünü duyuram...

Vaxt ona həyatının missiyasını yerinə yetirmək üçün lazımdı: Bədirxanın həmişə yeni-yeni yaradıcılıq planları var, ömründən və istirahətindən vaxt oğurlayıb təkcə özü üçün yox, həm də ədəbiyyatımız üçün vacib olan həmin işləri başa çatdırmağa çalışır...

Hələ, üstəlik, oğurladığı vaxtda cari ədəbi prosesdə iştirak eləməyə, ədəbiyyatın mövcud problemlərinə dair fikirlərini bildirməyə, diqqətini çəkən ədəbi əsərlər barədə rəy yazmağa da imkan tapır. Bu yönümdə şəxsən mən həmişə Bədirxanın ədəbi zövqünə, ədəbi vicdanına və obyektivliyinə inanmışam...

Onun ədəbiyyat və repressiya, “Əli və Nino” romanının taleyi barədə zəngin faktlara söykənən tədqiqatları, eləcə də son vaxtlar qələmə aldığı “Türkləşmək, müasirləşmək, islamlaşmaq” üçlü düsturu kimindir?” silsilə məqalələri təkcə ədəbiyyatımıza yox, həm də bütövlükdə tariximizə və mədəniyyətimizə ciddi alim-ziyalı baxışıdı...

O, pedaqoq kimi Bakı Slavyan və Qars Qafqaz universitetlərində dərs deyib, audityoriyayla ünsiyyət qurmaqda, bildiklərini başqalarına ötürməkdə kifayət qədər bacarıqlı olduğunu sübuta yetirib, Türkiyədə, Polşada, Fransada keçirilmiş elmi konfranslarda Azərbaycanı və Azərbaycan elmini layiqincə təmsil eləyib...

Əlbəttə, bütün bunlar bitib-tükənməyən həyat qayğıları fonunda kifayət qədər sanballı görünür, amma şübhə eləmirəm ki, onun gerçəkləşdirmək istədiklərinin çox cüzi hissəsidi...

İrəlidə hələ görüləsi işlər var. Təki sağlıq olsun...


Nəriman Əbdülrəhmanlı,
MANERA.AZ




Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
242526272829