"XX əsr Qazax aşıq mühiti" - YENİ NƏŞR |MANERA.AZ
Azərbaycanda Atatürk Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbovanın ”XX əsr Qazax aşıq mühiti” kitabının təqdimatı keçirilib.
Tədbirdə filologiya elmləri doktoru Rüstəm Kamal kitab haqqında məlumat verib.
Bildirilib ki, kitabda Qazax aşıq mühiti ilk dəfə tədqiqata cəlb edilib, onun özünəməxsusluqları konkret araşdırılıb, ustad aşıqların və el şairlərinin sənətkarlıq xüsusiyyətləri tədqiq edilib. Qazax aşıq mühitinin ustad sənətkarlarının yaratdıqları havacat və dastanlar da bu kitabda əksini tapıb.
Tədbirdə Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov kitabın elmi əhəmiyyətindən, aşıq yaradıcılığındakı yeni izlərindən danışıb. Qeyd olunub ki, İ.Qəsəbovanın aşıq yaradıcılığı üzrə araşdırmaları böyük əhəmiyyətə malikdir və gənc alim bu işi uğurla davam etdirir.
Qazax ziyalıları - filologiya elmləri doktoru Güllü Yoloğlu, filologiya üzrə fəlsəfə doktoru Salatın Əhmədli, Xalq Artisti Tarıyel Qasımov, şairlər Zaməddin Ziyadoğlu, İbrahim İlyaslı və başqalari sazın-sözün beşiyi olan Qazax mahalında yaşayıb yaradan şair və aşıqlardan söhbət açıb, XX əsr Qazax aşıq mühitinə həsr edilən kitabın gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıblar.
Kitabın redaktoru filologiya elmləri doktoru Cəlal Bəydilidir.
Sonda qazaxlı aşıq Avdı Musayevin ifasında el havaları səsləndirilib.