manera.az
manera.az

Tanrını qalib qarşılamaq istəyərəm | Şeirlər

📅 27.01.2019 18:26

Tanrını qalib  qarşılamaq istəyərəm | Şeirlər
Fuad CƏFƏRLİ

Tanrının siyahısında mən...

Mən barmaqlarını uşaq saçlarında itirən adamam,
üzrlu say, səni yaza bilməyəcəyəm.

Fikir vermə, gözlərin yaz səhərindən boylandığına,
fikir vermə, sənin üçün dağınıq xəyalları daradığıma.
Gördüyün yaz dünəndən yetim qalan
kimsəsiz bir yağışdır.
O da
sinəmi döyəcləyərək
məni kəşf eləyən
bapbalaca əlləri olan uşaqlıqdır.

Sonsuzluğun qalibinə Tanrı deyilir.
İllərin məğlubiyyəti riyakarlığında,
Tanrının qalibiyyəti məsumluğunda gizlənir.
Mən adlı dərinliyim,
xəbərin olsun, öz siyahımda sonuncu belə deyiləm.
O ki qaldı Tanrının siyahısına;
kim bilir, orda neçənciyəm...

Desəm ki, bir də gəlsəm özüm üçün fırlanacağam,
aldadaram, yalan deyərəm dünya kimi...
Yenə yağışı bir uşaqlıq,
səni barmaqsız,
Tanrını qalib qarşılamaq istəyərəm.

Bütün qadınlarım kimi

O gün bir qadın mənə bu sözləri söylədi,
İnsanın o günü...
Ucuz alıb, baha satan dünyanın
ən gözəl personajı fahişədir.
Bilmirəm, bu fikir ağlına
hardan və necə gəlmişdi,
lakin yerində və gözəl gəlmişdi.
Müdhiş bir bədii realizmiydi…

Bütün qadınlarım kimi
o, da məndən daha çox bişmişdi.
Məndən gizli məni şair bilmişdi,
deyəsən, azacıq da sevmişdi.
Bütün qadınlarım kimi...

Açığı nə gizlədim?..
Onda sözlərin sükutundan xəbərsiz idim.
Onun sevgisində hiss eləməmişdim.
Yadımda deyil, ona vurulmuşdum,
yoxsa bütün qadınlarım kimi?!.
Yadımda deyil...

O gün bir qadın mənə diqqətlə baxıb-
yenə insanın o günü-
əclaf, nə gözəl gözlərin var, - söylədi.
İçimə gecənin bütün ulduzları düşdü.
Həmin andan
qadın mənim gözlərimi,
mənsə onu dodaqlarınından süzülən
“əclaf” sözünü sevdim.

Bilməzdim ki, adam söyüşü belə sevərmiş.
Əslində, söyüşü sevən adam,
şəhərimdə nə qədər desən...

Hərdən özümə deyirəm,
söyüşü deyil,
bir yol da qadını sevsən...
Unutduğun qəhqəhəylə ürəkdən gülsən…
Xoşbəxtliklə dolu bir həyata əl yelləsən,
Bütün qadınların kimi...

Gecikən səs

Səsinin gecikdiyini bilə-bilə
bir şimşəyin eşqiylə
yola çıxan buluda bənzəyirəm.
Yığıb ümidlərimi heybəyə
illərdi ele hey gəzirəm, gəzirəm.
Gah ulduzlardan, gah günəşdən keçirəm.
Çatlamış dodaqları yaxından,
şimşəyi uzaqdan seyr edirəm.

Bu nə vüsala həsrət tamaşa?!
Nə yaxınıma sığal çəkə bilirəm,
nə də uzaqlara əlim çatır.
Ürəyimdə isə kimsə bilməz neçə alqış yatır,
əllərini alınlarına qoyub hey baxsalar da.

Dağlara aldanmayın, daşlara qanmayın.
Buludlar ucadı rüzgardan küsməz.
Yoruldum – deyib yolu tərk etməz.
Bəyaz buludlar, mavi buludlar, qızılı buludlar...
Bir kəs keçdyi yerdən bir daha keçməz.

Səsinin gecikdiyini bilə-bilə
bir şimşəyin eşqiylə
yola çıxan buluda bənzəyirəm,
bax belə...

MANERA.AZ


Baxış sayı - 1 280 | Yüklənmə tarixi: 27.01.2019 18:26
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031