manera.az
manera.az

Əllərim Tanrının eşq süfrəsində - Şeirlər

📅 08.02.2018 17:08

Əllərim Tanrının eşq süfrəsində - Şeirlər

Manera.az şair Səfa Rəşidin şeirlərini təqdim edir:

***
Mənim də qəlbimi ovut ilahi!
Qəlbimin bir sevinc buxtası çatmır
Dünyaya baxıram məzarlıq qutu
Vallah ,bir mismarlıq taxtası çatmır

Olmadı bir yolluq yuva sevinci
Göylərə yollayaq dua sevinci
Bir qız var istəyir qova sevinci
Qəlbinə qar yağıb,şaxtası çatmır

Mənim bəxt evimə ayrı gün düşüb
Ürəyim həsrətdə,çox əzgin düşüb
Sevgim qaçqın düşüb, didərgin düşüb
Durmağa bir sevgi nöqtəsi çatmır

Mənim də qəlbimi ovut ilahi!
Qəlbimin bir sevinc buxtası çatmır
Dünyaya baxıram məzarlıq qutu
Vallah,bir mismarlıq taxtası çatmır



***
Payız vaxtı yağmağımı görmədin
Buludlarda aza- aza qalmışam,
Yenə mənəm,-bu əlləri qırılmış,
Sənə məktub yaza-yaza qalmışam.

Ötən ilin xatirəsi min tikə
Sürün -sürün süründürür otaqda
Gecə düşür,qısılıram səbrimə
Qələmimsə diyirlənir varaqda

Ömür hər gün bir ağrılı daş olur
Hey yığılır getdiyim o yollara,
Bu bəxt ki var ,ayılmayan bir yuxu
Oyatmadın, qəbirlərə yollanar...



***
Əllərim Tanrının eşq süfrəsində
Diləndim bir eşqin sədəqəsinə
İndi hər ağrımın şəklini çəkib
Gedib tullamıram poçt qutusuna.

Bu ömrün bəs niyə iki üzü var..?
Bəxtimmi bir nimdaş üzünə düşdü
Bir kölgə izləyir gedən yolumu
Bir qərib yolçunun izinə düşdü

Gecələr pəncərəm önündə kölgə
Duyarsan,masana hər gün iz düşər
Qoy sənin kölgənə sğınım Allah
Kölgələr ömrümə yaman pis düşər.


***
Bəxtin də kor ola, ümidin də kor
Ürəyin öyrəşə vəfasızlığa
Çəkilib bir qərib eldə qalasan
Ruhun da öyrəşə yuvasızlığa

Sığalsız saçlara ağrılar düşə
Bir çayın tərsinə axıntısına
Elə ürəyin də yollarda qala
Qucağın, bir qadın sıxıntısına

Belə kül edəsən ümidlərini
Baş qoyub sakitcə yalnızlığına
Elə yarpaq- yarpaq unudulasan
Elə vurulasan payızlığına...


***
Eh, səni də unuduram deyəsən...
Unutqandı bu didərgin yaddaşım
Bir şam kimi əritdiyim bu ürək
Bir gecəyə nədən belə yadlaşıb..?!

Vücuduma bir şaxtalı qış geyib
Sırsıra tək budaq -budaq donmuşam
Əllərimə günəş qədər toxunma
Sənlik deyil... bu ömürdən doymuşam

Yaz qaranlıq dəftərinə payızı
Həsrətimi bir ömürlük karıxdır
Daha mənim o sonuncu ümidim
Boylandığın pəncərədə darıxmır...


***
Hərdən belə olur darıxmaqların
Sabaha çıxmayan gecə gəzirsən
Ümidin içində daşqalaq olub
Doğmalar yanında qəribsəyirsən

Dərdini sayırsan ağ saçlarında
Saçında qırılan daraq kimisən
Görürsən ağrılar yuxarı başda
Yenə pəncərəsiz otaq kimisən

Hələ otaqları axtarmağın var
Doğmalar, yaxınlar ha yanda qalıb
Səni ümidsizlik vurub öldürür
Əllərin elə bil cəryanda qalıb...


Baxış sayı - 2 360 | Yüklənmə tarixi: 08.02.2018 17:08
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031