Olmasaydın, necə tapardım Tanrını? - Şeirlər
Nərgiz Nənə
***
İndiyə kimi eşitdiyim bütün fısıltlı sözləri
Sən öyrətdin mənə hər gün gözümə baxa-baxa...
İstəmirem saçlarım dolansın ölməkdə olan barmaqlarına
Tənha otaqların ən soyuq küncündə də isti ovucun olsun...
Bu gün göz yaşlarım boğazımda düyün olub
Çünki mənə sarılan qollarda məst olmuşdum qoxusuna...
Ya da boş ver e kimisə, gəl yenə gəl mənə sarı.
Yenə gəl, gəl mənə sarıl...
Yaxşı ki, varsan,
Olmasaydın, necə tapardım Tanrını?
Yaxşı ki, bu müddət
Tez yetişdirdi özünü...
Sənə qalsa, toyumda içib-içib axırda
Şəkil çəkdirəcəkdin...
O şəkil illərlə toz altda yatanda
Öz gözlərində məni axtaracaqdın.
İndi nə toyum olacaq
Nə sənin hüznlü baxışın...
İndi sən varsan məni yaradan
Məndəki, səni yaradandan alan.
Gözlərin "gəl mənə, yaxın dur"deyir
Bax onda ürəyim sənə göz vurur.
Həsrətim o vaxtki tənha dayanan
Dağdağan ağacından asılıb qalır.
Səni sevmək oxunmuş kitabın səhifələrini hər dəfə yenidən vərəqləməkdi
Boş-boş göz gəzdirib adını axtarmaq
O səhifələrdə ilişən barmaqlarını izləməkdi.
Yenə səhərdi, yenə gəlirsən...
***
Qadın, əl açıb Tanrıdan nə istədin?
"Səni istədim, əllərini dilədim".
Sus, qadın.
Dodaqların əsir, danışma heç nə.
"O usaq bələkdə ağlayır.
Bizi görür, anlayır?"
Qadın, arzumsan mənim.
Sus, dodaqlarını mənə kilidlə.
O uşaq da sənə oxşayır.
Onu da sevəcəm, səni sevdiyim kimi.
Yenə də öpüşürəm,
Sevişirəm.
Bax, üzün, hanı usaq safllığın?
"Burdayam sevgilim, toxun bütün mənimə
Ruhuma, bədənimə....
Toxun mənə sevdiyim
Toxun mənə yad insan...."
***
Həmişə gedir, arxasınca sakitcə baxıram
Sevmək nə imiş, ilahi...
Qoxusunda darıxıram
Darıxanda başıma sığal çəkir...
Bilirəm, ondan mənə çox xatirə qalacaq
Əlləri, sözləri, sevgisi... saç tellərimdə belə hiss etdiyim sevgisi...
Gözlərimi elə qamaşdırır
Qaranlığımla birlikdə qarşısında diz çökürəm.
Darıxıram uzun məsafələrlə,
Darıxıram ruhumu sarıb-sarmalayan arzularımla.
Sevgisinin ruhuma çökdürdüyü duyğularla darıxıram...
Bəzən də özü gedir, səsi gəlir.
Adım onun dilindən gözəl səslənir,
Həyat onun gözlərindən mənə baxır.
Çox yaxşı yalandı o,
Həmişə inanıram, aldanıram...
İndi ağlamayacam o getdiyimiz yerdə.
Sən baxırsan bizə, eləcə baxırsan...
Hanı eynəyin altından bic-bic baxıb gülən gözlər?
Hanı o bicliyi ilə nəvələrini başına yığan kişi?
Bilirsən, hansı dövrə qayıtmaq istəyirəm?
Nənənin qabını sındıranda “əcəb elədilər” dediyin,
Mənə “saçını yavaş dara” deyəndə, üstünə qışqırdığım günlərə,
Ad günündə sənə hədiyyə seçə bilməyib gül aldığımız günlərə.
İndi qəbrinə qoyduğumuz güllər sənə heç yaraşmır, bilirsən?
Yadında, həmişə yarı rus, yarı azərbaycanca danışırdın,
İkinci barmağın o birilərdən fərqli idi,
Səbəbini soruşanda “ona yemək çatmıyıb” deyirdin...
Bir dəfə yayın cırhacırında yolüstü sənlə çiyələk aldıq ki, evə aparaq,
Amma “Vinni-Pux” kimi yoldaca hamısını yedik...
Bəs bu yadında?
“Baba” deyəndə ağlıma gələn o balacaboy, saçları çallaşmış, ağıllı kişi...
Səni deyirəm, hə...
Hər küncündə xatirəsi olan evinin, indi təkcə bir divarında şəklin asılıb...
O qəbir daşından mənə baxan sən deyilsən.
Düz 10 ildi “babamgilə gedirəm” deyə bilmirəm...
Axırıncı Novruz bayramında yıxıldığın gün...
“Yıxıla-yıxıla böyüyərsən” demişdim, zarafatyana.
Sən yıxıldın, sən getdin, biz böyüdük...
Hər şey qırağa, 10-cu doğum günündə mənə yazdığın şeirin qarşılığı bu olmamalı idi...
Amma hər dəfə o buz kimi daşı öpəndə,
Əziz kişinin güldüyünü görürəm...
Hə bir də, o qəbiristanlıqdan çıxanda,
Səndən xatirə saxlamaq üçün götürdüyüm palıd qozasını aldılar əlimdən.
“Qəbiristanlıqdan heç nə aparmaq olmazmış”.
Apara bilmədim, heç nəyi, heç kimi...
MANERA.AZ