manera.az
manera.az

Bu qədər sevgi mənə yaraşmır – ŞEİRLƏR | MANERA.AZ

Bu qədər sevgi mənə yaraşmır – ŞEİRLƏR | MANERA.AZ
MANERA.AZ Əsəd Qaraqaplanın şeirlərini təqdim edir:

Yoxluğun Unutmaq Halı

unutduğum hər şeyi bir kəz daha unutdum
rəsmləri unutdum
səni unutdum

dolandı yalculuğum günəşin ətrafında
bir neçə ay da keçdi
bir neçə içkili gecə
doğulanlar ölənlər öldürülənlər çoxaldı
çoxaldı rəsmlərin
sən çoxaldın

qarşıma çıxanları çoxaltdı ayrılıqlar
bir gün içim boşaldı - bir şeir yazdığımda
alışdım yaşamağın gerçək tərəflərinə
alışdım rəsmlərinə
sənə alışdım

gecələrin içkili halından sən yaratdım
qoxladım saçlarını limon qabığı kimi
öpdüm dodaqlarından yağışlar yağdığında
dağıldı sulu günlər quru gecələrimə
rəsmlərini yaratdım
səni yaratdım

gecələr yuxularım sən qoxmağa başladı
başladı yuxulardan hövlank oyanmaqlarım
başladı qəzəb məni sən olmağa qoymağa
durub biraz da içdim dan yeri söküləndə

rəsmləri unutdum
səni unutdum
unutduğum hər şeyi bir kəz daha unutdum...


Analar ölür bir az da...
vaxt keçir... ölümə yaxınlaşırsan
analar ölümə bir az da yaxın
əgər başına bir qəza gəlməsə
əgər xəstələnib vaxtsız ölməsən
analar ölümə bir az da yaxın...

vaxt keçir... Kamyunun "Yad" romanında
bir ana ölmünə şahid olursan
isti bir səhrada soyuq bir ölüm
qocalar evində ölən bir ana
çəkilib bir küncə qəribsəyirsən
kitabı qatlayıb yerə qoyursan
qonşunun divardan asdığı saat
ölümü göstərir yenə - duyursan...

vaxt keçir... yanvarın soyuq nəfəsi
dolur pəncərənin sınıqlarından
içki qədəhinə yapışır əlin
titrəyir ölümün əli əlində…
anan ürəyindən xəstəxanada
yarıyuxuludu - üzülməkdəsən
zamanın bu soyuq döyüntüsüylə
sobanın dibində büzülməkdəsən...

vaxt keçir.. analar ölür bir az da
analar ölümə biraz da yaxın
əgər başına bir qəza gəlməsə
əgər xəstələnib vaxtsız ölməsən...

HAÇAN?!

tanrının belə yatdığı saatlardı
kəndimizdəki evdə
yəni evin eyvanında oturub
siqaret çəkib tanrını düşünürdüm
çöldə yağış yağırdı tanrının oyaq vaxtından
bir də zülmət qaranlıqdı
göz-gözü görürdü ama
tanrı insanı görmürdü...

zaman ol zaman idi ki
bütün zamanlar tanrının
yatdığı zamandan durmuş
bütün qaranlıqlar yağış səsində oyanmışdı
bircə ətrafımda dönən elektrik lampasının işığı
hələ də yaşadığımı -
kəndimizdə olduğumu göstərirdi
bir də saat gecə dördü...

"tanrı varmı" deyə bir siqaret daha yandırarkən
o qədər fikirliydim ki
fikirsiz yerə atdığım kibrit çöpüylə az qala
evimizi yaxmışdım
son anda bardaqdakı şərabı töküb söndürdüm
içmədən rahatladım o son qurtum şərabı...

tanrının belə yatdığı saatardı
bir də orta otaqda xəstə anamın yatdığı
əminəm anam yatanda tanrını düşünüb yatmış
düşüncəsiylə tanrını yatırmışdı
mənsə oturub siqaret tüstülədir
tanrının oyanmasını gözləyirdim...

Yaşamqabağı Hesabat

İstəməzdim bu qədər ayrılıqla süslənim
Bu qədər sevgi mənə yaraşmır, anlayıram...
Nə deyirdim unutdum, nə demirdim yadımda
Nə bağırsam ruh halım danışmır, anlayıram.

Uzağam, çox uzağam ən böyük sevgilərdən
Ən böyük ayrılıqlar məndən uzaqda qalıb.
Bir qadını sevirdim beşcə il bundan qabaq
O da o iyirmi beş yaşlı uşaqda qalıb.

İnsan sevgisi məndə böyüdükcə çoxalmır
Tərslikdən içimdə bir Tanrı sevgisi yoxdu.
Hərdən elə bilirəm bu həyatda nə insan
Nə də, nə yalan deyim, Tanrı sevgisi yoxdu.

Hər şey özü-özünü dolamış barmağına
Hər şey özü-özünə alınır, ya alnmır,
Hərdən birini qəsdən sevməyə çalışıram
Görüm məndə bu sevgi alınır, ya alınmır.

Dayanıram, dözürəm, səbr etmək bir ərdəmdi
Deyirəm və illəri bir-bir yola salıram.
Görürəm heç nə yoxdu otuz yaşıma kimi
Hərdən çılğına dönüb, içib dəli oluram.

Bu da yetmir, içkili bu həyatı yaşamaq
Günah sayılmır artıq daha bu məmləkətdə.
Sevgilər çox ucuzdu, ayrılıqlar çox ucuz
Ondan başqa nə varsa, baha bu məmləkətdə.

Dünya da susub artıq, gözdən çıxarıb məni
Bir öz dünyam da yoxdu çəkilməyə, dalmağa.
Heç kimim, heç nəyim yox, heç bir sevgim də yetmir
Ehh, öz əlimdə olan həyatımı almağa.

Bu ucuz sevgilərlə ucuz içkilər kimi
Yuyuram həyatımı, təmizə heç nə çıxmır.
Batmışam öz içimdə, bənd olmuşam özümə
Axıram, hey axıram, dənizə heç nə çıxmır.

Bu da bir boğulmaqsa, bu da bir susub durmaq
Qanıma qəltan olan şərablar mənə sevgi.
Bu qədər sevgisizcə vururam, hey vururam
Sevgilər mənə əzab, əzablar mənə sevgi...

MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031