manera.az
manera.az

Bütün xatirələr adına bağlı - Elçin İsgəndərzadənin şeirləri

📅 17.09.2018 19:54

Bütün xatirələr adına bağlı - Elçin İsgəndərzadənin şeirləri

Manera.az tanınmış şair, filologiya elmləri doktoru, professor Elçin İsgəndərzadənin şeirlərini təqdim edir:

Sevgi

Göyüm göyündən keçmirsə,
külüm külündən keçmirsə,
bütün yollar
sənin yolundan keçmirsə...
keçmirsə, sevgi deyil.

Sevgi söz yarasıdı,
göz yarasıdı.
Sevgi ürəkdə köz yarasıdı,
buludu yandırır,
göyü yandırır.

Ən isti yağışlar sevgili buludlardan yağır,
sevgili göylərdən gəlir.

Hələ getmədiyin yollar var,
getmədiyin yerlər var sevgi adında.
Heç bilmirsən gedib hara çıxır.

Başına sevgi gəlməyən yerdə,
başına dərd gələr,
dərdlərə danışarsan bütün yuxularını.

Göyüm göyündən keçmirsə...
bütün sevgilər ayrılıqdı.

Sevda şeiri

Bu sevda dediyin...
bir uçuş uçmaqlıq,
bir baxış baxmaqlıq
və bir şeirlik olur.

Sonra ha uçsan da təyyarələrdə,
bu uçuş o uçuşa bənzəmir.
Bu baxmaq o baxmaq olmur
və yazdığın bütün şeirlər
o sevda şeiri kimi içindən gəlmir.

İçindən gəlməyən gülüşləri
gülürsən dodaqlarında,
içindən gəlməyən
bir yaşam yaşayırsan.

Görürsən ki, bu ömür sənlik deyil...
sənlik deyil bütün günlərin ertəsi...

Sən orda qalmısan,
bir baxışda,
bir uçuşda,
bir şeirdə.

Və bir günün ertəsi...
gözlərinin yaddaşından silirsən
bütün xatirələri.
Sonra iki damla yaş yandırır
dodaqlarını...

İki damla yaşda ya gözlərinin dadı,
ya sevdanın.

Bu sevda dediyin...
ayrılıq adında,
bu uçuş dediyin ayrılıq adında
və bu şeir də ayrılıq.

Ötrü

Elə yaddan çıxır, unudulursan
darıxan da olmur adından ötrü.
Darıxan da olmur, baxışlarından
qara gözlərinin odundan ötrü.

Qəfil anlayırsan, sən də özgəsən,
susan bir kəlməsən, lal olan sözsən,
qəfil bir uşaqçün qəribsəyirsən,
uşağa dönürsən, yadından ötrü.

Gedirsən, ardınca ta baxan olmur,
üz-üzə gələndə karıxan olmur,
daha bundan belə darıxan olmur,
özüyçün darıxan adamdan ötrü.

Xatırla

Xatirələr yaralıdı, dəymə heç,
dərd qapısı aralıdı, döymə heç,
istəyirsən... mənə bir şey demə heç,
ara-sıra bulud-bulud xatırla.

Hərdən də bir xəyalları al, gedək,
o yolları gözlərindən sal, gedək,
istəyirsən... xəyallarda qal, gedək,
ayrılığı umud-umud xatırla.

Kimsə itsin dumanında illərin,
qayıtmasın gümanında illərin,
istəyirsən... səndə qalsın əllərim,
sonra məni unut, unut, xatırla.

Məndən savayı

Dincəl, o gəlməyən günlərdə dincəl,
incəl, üzüldüyün tellərdə incəl,
indi düşünürsən, boşuymuş səncə,
bir ömrə bu gəliş-gediş havayı...?

Çəkil, çəkilməyən rəsimdən çəkil,
sevə bilmədiyin isimdən çəkil,
sevda tilsimiymiş, tilsimdən çəkil,
bitsin ayrılığın bu bəm harayı.

Atlan, ürəyimin başından atlan,
gördün qış sərt keçir, qışından atlan,
çırman, gözlərimin yaşından atlan,
gör hara düşürsən məndən savayı.

Bilmirsən sonrası

Qəfil hava çönür, yağış başlayır,
ömrünə kədərdən naxış başlayır,
dünənə bugündən baxış başlayır,
elə bilirsən ki... göynəməlisən.

Çırpılır üzünə dərdin küləyi,
hər şeyin yerində qalır heç nəyin,
sən belə hər şeyi, belə hər şeyi,
sonunda heç nə tək bilməməlisən.

Gün gəlir, günlərin axarı dönür ,
bacanın tüstüsü, buxarı dönür,
sonra yandırdığın ocaqlar sönür,
bilmirsən sonrası... neynəməlisən.

Kim dünyanı sevdisə...

Başqa bir yol da yoxdu,
durub çıxıb gedəsən.
Gözünü yaşamaqdan,
çəkib, yığıb gedəsən.

Nə başqa bir yer də var,
başqa saatlarıyla.
Hanı başqa adamlar,
başqa həyatlarıyla.

Başqa bir yer axtardım,
bu yer məni açmadı.
Bu yol mənə yatmadı,
bu yol məndən qaçmadı.

Keçmişdə qalır hamı,
keçmiş necə evdisə.
Ölüm gəlib apardı,
kim dünyanı sevdisə.



***
Bir az nə varsa yaxındı,
bir az, bir az da uzaqdı.
Bu istidə, bu bürküdə,
bir az, bir az da sazaqdı.

Avazıyıb nəsə solur,
kim üşüyür, kimsə donur.
bu yaşamda, bu qürbətdə
yaşam yaşam kimi olmur.

Bir az soyuq, bir az ayaz,
yenə bu payız üşüdür.
Bir payızın xatirəsi
adamı hər yaz üşüdür.

Bir az hava da kədərdi,
bir az qəzadı, qədərdi.
Bu tale alnımızda,
oxumadığımız əzbərdi.

Bir az, bir ömür ötməkdi,
bir az, bir az da itməkdi.
getməklər heç gəlmək olmur,
gəlməklər hamısı getməkdi.

Bir az ölçmədi, biçmədi,
bir az ələkdən keçmədi,
bir də ayılırsan ki, həyat
bir az, bir az da heç nədi.

Sənli xatirələr

Bütün xatirələr adına bağlı,
indi xatirənin sənsizliyidir.
Şəklimi özündə aparıb gedən,
solğun gözlərinin mənsizliyidir.

Mən sənli dünyanın sənsizliyində,
sən mənli dünyanın mənsizliyində.
Necə tutuşacaq baxışlarımız,
qaranlıq dünyanın günsüzlüyündə.

Beləsi heç olmur, elə sevəsən,
sonra həsrətlərə yovuşmayasan.
Dizində susasan ayrılıqların,
sonra da öləsən, qovuşmayasan.

Sənli xatirələr xatirə deyil,
daha indən belə sənsizlik imiş.
Mən harda varamsa, orda sən yoxsan,
sən harda varsansa, mənsizlik imiş.

Bütün xatirələr yaralı quşdu,
uçurlar, təzədən mənə dönürlər.
Sənin mənsizliyin qara torpağa,
mənim sənsizliyim sənə dönürlər.

Tural Adışirinin təqdimatında..


Baxış sayı - 3 543 | Yüklənmə tarixi: 17.09.2018 19:54
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031