Mən dəli sevda adamı - Nazim Əhmədlinin şeirləri

Manera.az tanınmış şair Nazim Əhmədlinin 65 illiyi münasibətilə şeirlərini oxuculara təqdim edir:
Üzünü qoy sinəm üstə
üzünü qoy sinəm üstə,
gör səni necə yandırır;
ürəyim gündüz üşüyür,
həsrətim gecə yandırır;
gün addıyır, düşür gecə,
dəli sevgi bir işgəncə;
çınqısı çatıb indicə
hələ təzəcə yandırır;
bu dərd mənə gəldi, kimnən,
qaçdım loğmannan, həkimnən;
alovu qalxır içimnən,
məni gizlicə yandırır;
bilmədim nə sirr eliyib,
qovub lap yesir eliyib;
könlümü əsir eliyib,
dərd içə-içə yandırır;
mən dəli sevda adamı,
həsrət qırıb inadımı;
sındırıb qol-qanadımı,
doldurub peçə yandırır;
ağ buludlar lələk-lələk,
ruhum bir adsız kəpənək;
ömrümüzü çərxi-fələk,
yandırır, heçə yandırır.
dünya bir yarpaq boydadı
ürəyimə bir səs düşüb,
bilmirəm, bu nə səsdi, nə;
qönçələr təzə doğuldu,
küləklər durub qəsdinə;
yaz gəldi, sular qaynadı,
göydə ulduzlar oynadı;
dünya bir yarpaq boydadı,
biz də qonmuşuq üstünə;
say görüm, dərdin neçədi,
ömrün bir yanı gecədi;
ürəyim sapdan incədi,
bir də, könlümü küsdürmə;
ötən günləri saymışam,
ruhumu söz-söz oymuşam;
bir dəstə çiçək qoymuşam,
həsrətin soyuq büstünə;
ütülürəm, ütüm-ütüm,
hara gedim, harda itim;
alışdırıb hara getdin,
gəlib baxarsan tüstümə.
Silkələmə nar ağacın
göy üzündən ağca bulud,
yelkənin bağlar üstümə;
silkələmə nar ağacın
narı dağılar üstümə;
həsrətim əsir dağlara,
ruhum tələsir dağlara;
üz tutsam əsir dağlara,
bulaqlar ağlar üstümə;
bu dünya dar bir qalacıq,
ürəyim gül kimi açıq;
üzüm güləndə azacıq,
cumar paxıllar üstümə;
yazın yaşılca çağında,
boylu qönçələr doğumda;
gecə qarışıq yuxumda,
yeriyir dağlar üstümə;
qaçdm, bağladım gözümü,
çınqıl qanatdı dizimi;
atım səngərə özümü,
gəlir yağılar üstümə;
dəli rüzigar mənə gəlir,
gəlir də, hər sənə gəlir;
düzünə, tərsinə gəlir,
qarlar, sazaqlar üstümə;
ütdüm günləri, ayları,
o tayları, bu tayları;
dünyanın dəli çayları,
dönüb axırlar üstümə;
kimin yarıdı, bu vətən,
kimnən yarıdı bu vətən;
ey gözəl Allahım, nədən,
dərdi yıxırlar üstümə.
Yazın havası ayrıdı
yazın havası ayrıdı,
yazı yağışdan bilirəm;
nazını gizlədən gözəl,
nazı baxışdan bilirəm;
ruhumu bir səsdi içir,
könlümü həsrətdi, biçir;
sevgi bir istəkdi, keçir,
ömrü naxışdan bilirəm;
ürəyimdə acı su var,
dərdin qardaş-bacısı var;
yolun ağrı-acısı var,
yolu yoxuşdan bilirəm;
yarpağı qatdıyır payız,
içimi odduyur payız;
yay gedir, addıyır payız,
yaz gəlir, qışdan bilirəm;
ağ duman telimə dönüb,
hər qarış ölümə dönüb;
dünya qan gölünə dönüb,
qanı qarğışdan bilirəm;
bu bəşərin qəsdi nədi,
bir-birinin qəsdinədi;
dünya məzar üstündədi,
dərdimi daşdan bilirəm.
Səni mənə verən Allah
səni mənə verən Allah,
məni də sənə yaradıb;
səni də qatıbdı mənə,
elə bir günə yaradıb;
ürəyini qoşub sözə,
əllərini basıb közə;
dumanı göndərib düzə,
dağları çənə yaradıb;
götür-qoy eləyib, yenə
fikirləşib, dönə-dönə;
gözəlliyi verib sənə,
sevməyi mənə yaradıb;
arzusuna, məramına,
dərgahına, irəminə;
şükür olsun kərəminə,
yaxşı ki, yenə yaradıb.
Sənsizlik ağır işgəncə
yamac boyu düzülübdü,
ağ qönçələr incə-incə;
ağ çiçəklər doğulacaq,
doğulacaq sən gəlincə;
sən gəlincə könül naçar,
gözdərimnən yuxu qaçar;
üstümə ağ yelkən açar,
ağ bulutdar çəngə-çəngə;
kim baxır ağrıya, aha,
gəlib batmışıq günaha;
uzaq yollar dönməz daha,
uzaq yollar döngə-döngə;
göynüyür bağrımın başı,
ötüb həsrətimin yaşı;
sənsizlik bir yol yoldaşı,
sənsizlik ağır işgəncə.
Bir gün mən də bulud olum
bir gün mən də bulud olum,
göy üzündən baxım sənə;
sonra qaralım, bozarım,
guruldayım yağım sənə;
əllərini uzat göyə,
yağma-yağma deyə-deyə;
mən də qoşulum küləyə
toxunsun ayağım sənə;
sonra dönüm işıq olum,
baxım sənə, aşiq olum;
yaşıl bir sarmaşıq olum,
dolansın budağım sənə;
bir az saral, bir az da sol,
bir az kövrəl, bir az da dol;
sonra bir şirin bulaq ol
qurusun dodağım sənə.
Dəli aşiq nə dersən de
dəli aşiq nə dersən de,
dərdin üzü gülmədi heç;
dünyanın yolları uzun,
gedən yollar dönmədi heç;
bulud gəldi, oynaxladı,
Göyün göyüzü laxladı;
anam dağları ağladı,
göz yaşını silmədi heç;
tay mənə şeir oxuma,
həsrət qarışıb ahıma;
bulaqlar girdi yuxuma,
dağlar özü bilmədi heç;
dərd dediyin bir pətəkdi,
dağıldı, üstümə səkdi;
ayrılıqlar uzun çəkdi,
ayrılıqlar ölmədi heç.
Ürəyimdə bir söz qalıb
Ürəyimdə bir söz qalıb,
gəl, səni agah eyliyim;
tellərini sər üzümə,
öpüm, qibləgah eyliyim;
yolu keçirdim, yarıdan,
pörşüləndim, sən sarıdan;
gəldim ki, səni yarıdam,
gəlmədim, günah eyliyim;
ocağın közün döndərim,
könlümün gözün döndərim;
fələyin üzün döndərim,
dərgahına ah eyliyim;
ötən dərdi kim araya,
ağ saçı büküm qaraya;
gedim çıxım, bir saraya,
özümü padşah eyliyim;
kür ruhumdan qopum yenə,
gəlim, çalım-çapım yenə;
səni hardan tapım yenə,
özümə ürcah eyliyim.
Baxıram gündüzün qürub çağına
Baxıram gündüzün qürub çağına,
Günəş aşırımda yarıcan qalıb;
qırmızıya çalır sarı buludlar
yarı ilik qalıb, yarı qan qalıb;
ötən yaddaşımı dərib göy üzü,
ruhumu üstünə sərib göy üzü;
o uzaq göy üzü, qərib göy üzü
yarı gecə qalıb, yarı dan qalıb;
dərdi sıxcalasan suyu da çıxmaz,
çağır, Məlikməmməd quyudan çıxmaz;
dünyanın qışı da, yayı da çıxmaz,
ömür yarı gedib, yarı can qalıb;
nə tez payız gəldi, nə tez qış oldu,
illər qanadlanıb nə tez quş oldu;
bütün sevgilərin kökü yaşıldı,
bütün ayrılıqlar sarıdan qalıb;
yağıb sellənib də axıb getmişik,
dərdi, intizarı yığıb getmişik;
hansı cəhənnəmə çıxıb getmişik,
dağlar arxamızca pərişan qalıb.
***
daha yorulmuşam, bəsdi danışdım,
nə başım işləyir, nə çənəm daha;
soyuqdu, ovcuma qoy əllərini,
bəlkə bir azacıq isinəm daha;
üzülüb dağlar da, ahından düşüb,
dünya aralanıb oxundan, düşüb;
dəli-doluluğum tağından düşüb,
sən mənə deməzsən bir dənəm, daha;
gətirin, tez tutum xonça buluddan,
göndərim dağlara boğça buluddan;
başıma qar yağıb ağca buluddan,
gedib yuxumdan da o sənəm, daha;
bu eşqə nə naxış, nə ilmə düşmür,
könlüm hər istəyin felinə düşmür;
elə axtarıram əlimə düşmür,
şəlalə saçların, tər sinən daha.
bir aldın canımı, bir də al, görüm,
çəkib kəməndinə bir də sal, görüm;
gözümün önündə bir xəyal görüm,
nə ruham, nə də ki, bədənəm daha;
yüz il papağımı günə vermişəm,
ömrümü dumana, çənə vermişəm;
indi söz deməyi sənə vermişəm,
mənə nə deyirsən, sən denən daha.
Təqdim etdi: Tural Adışirin
MANERA.AZ