manera.az
manera.az

Bu nə sevgi məktubudu, İlahi..- GÜNÜN ŞEİRİ

📅 15.12.2017 13:22

Bu nə sevgi məktubudu, İlahi..- GÜNÜN ŞEİRİ
Ramiz Rövşən - Köhnə məktublar

Xəbər gələr daha ömrün qışından,
Soyuyarsan saçlarına qar düşər.
Ancaq köhnə kitabların içindən,
Hərdən-hərdən köhnə məktublar düşər…

Əyilərsən, götürərsən gizlicə,
Boylanarsan arvad uşaq görməsin,
Çəkilərsən otağın bir küncünə
Gizli gizli oxuyarsan hər sözü…

Bu nə sevgi məktubudu, İlahi,
İndiyəcən ağrıyır hər sözü də,.
Yazan qızın nəydi adı ,İlahi,
Yaddan çıxıb sifəti də üzü də…

Oxuduqca lal sətirlər səslənər,
Yavaş-yavaş səsi düşər yadına.
Bir hərfdən- qaşı düşər yadına,
Bir hərfdən gözü düşər yadına…

O gözlərdən yadigar tək varaqda,
Göz yaşının ləkəsini görərsən.
Birdən donu xışıldayar otaqda,
Pəncərədə kölgəsini görərsən…

Diksinərsən,boylanarsan qapıya,
“O kölgəni arvad uşaq gördümu?”,
Tez məktubu atarsan külqabıya,
Yandırarsan hər sözünü sətrini…

Sözlər yanar-kağızı da yandırar,
Sözlər yanar-o qızı da yandırar.
Sözlər qaçar o alovun içindən,
Sən baxdıqca- basar səni soyuq tər,

Sıra-sıra qara qarışqalar tək,
Qaçıb gedər qara-qara hərflər…
Təkcə o qız qaça bilməz bu oddan.
Bir quş olub uça bilməz bu oddan.

O qız yanar o alovun içində,
Göyə qalxar o alovun dilləri.
O alovun dillərinə sarmaşıb,
Yanar,yanar uzun-uzun telləri.

Yanar bir vaxt saçlarını oxşayan,
Uzun-uzun barmaqları,əlləri…
O qız yanar-ərşə çıxar tüstüsü,
Kağız yanar-külqabıda küllənər.

Qəfil birdən külqabının içindən
Yerə düşüb bir üzük diyirlənər…
Lap özünü itirərsən,baxarsan,
O üzüyü götürərsən-baxarsan,

Bu üzüyü axı harda görmüsən?
Bu üzüyü görməmisən bəlkə heç.
Sən o qıza haçan üzük vermisən?
Ona üzük verməmisən bəlkə heç…

Arvadın da qəfil girər qapıdan:
-Əlindəki nədi?-deyər
– Üzükdü.
– O üzüyü nə yaxşı ki,tapmısan,
neçə vaxtdı itirmişdim,gəzirdim.
Sonra gələr ,səndən alar üzüyü,
– bunun rəngi niyə belə qaralıb?
Barmağına güclə salar üzüyü,
– Elə bil ki,bir balaca daralıb…

Külqabıdan tüstü qalxar hələdə,
o məktubun külü hələ işarar.
Maddım-maddım durub baxar arvadın,
o tüstüdən bir cüt gözü yaşarar…

– Heç olmasa pəncərəni aç,- deyər.-
burda necə oturmusan sən,necə?
Bu nə yanıq qoxusudu, İlahi,
Elə bil ki, adam yanıb indicə….


Baxış sayı - 7 776 | Yüklənmə tarixi: 15.12.2017 13:22
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031