manera.az
manera.az

Sevgi - ayrılıqdı yol ortasında...- ŞEİR

📅 07.11.2017 17:33

Sevgi - ayrılıqdı yol ortasında...- ŞEİR
Manera.az Elvin Bakiroğlunun yeni iki şerini təqdim edir.

sevginamə

sevgi - sandıqdadı, çemodandadı
sevgi - intiqamda, sevgi qandadı.
sevgi - nəfsimizdə, qarnımızdadı,
sevgi - ağzımızda, burnumuzdadı.
sevgi - ovcumuzun içində yalan,
sevgi - əlimizin çölündə qalan.
sevgi - gözümüzün görmədiyi yer,
sevgi - gözümüzdə tozlu snayper.
sevgi - kəpənəkdi, bir gecəlikdi,
sevgi - oyunluqdu, əyləncəlikdi.
sevgi - uzaqlarda at oynadandı,
sevgi - yaxınlarda su qaynadandı.
sevgi - o yanlarda şəkil çəkdirir,
sevgi - bu yanlarda əzab çəkdirir.
sevgi - o tərəfdə yurd-yuva salır,
sevgi - bu tərəfdə oteldə qalır.
sevgi - bir otelin pəncərəsidi,
sevgi - bir pəncərə mənzərəsidi.
sevgi - pəncərədə öpüşmək deyil,
sevgi - mənzərədə görüşmək deyil.
sevgi - örtülən bir qapı səsidi,
sevgi - gedən ayaqqabı səsidi.
sevgi - ayrılıqdı yol ortasında,
sevgi - ağlamaqdı düşmən yasında.
sevgi - ucalmaqdı torpağa sarı,
sevgi - yıxılmaqdı üzü yuxarı.
sevgi - can verməkdi heç nəyin üstə,
sevgi - yaşamaqdı ürəyin üstə.
sevgi - bir qurtum su, bir dilim çörək,
sevgi - duz kimidi, sevgilim çörək.
sevgi - kasıblıqdı, kasıbçılıqdı,
sevgi - oğurluqdu, qəsbçilikdi.
sevgi - tapılmaqdı, tutulmamaqdı,
sevgi - ömrülük unudulmamaqdı.
sevgi - darıxmaqdı, sevgi özləmək,
sevgi - heç vaxt gəlməyəni gözləmək.
sevgi - haqlı olarkən belə susmaq,
sevgi - özündən zəifə uduzmaq.
sevgi - dan yeridi, sevgi sübh çağı,
sevgi - öyrədəndi günü saymağı.
sevgi - saatdadı, təqvimlərdədi,
sevgi - havadadı, iqlimlərdədi.
sevgi - yandırandı qarda, yağışda,
sevgi - üstümüzü açandı qışda.
sevgi - yuxumuzu azdıran küçə,
sevgi - şeirimizi yazdıran gecə.
sevgi - yanında biri var hissidi,
sevgi - dörd divarın beşincisidi.
sevgi - çıxarmaqdı ikini təkdən,
sevgi - danışmaqdı özünlə bərkdən.
sevgi - oxumaqdı bir adın üstə,
sevgi - pıçıldamaqdı asta-asta.
sevgi – Məcnunun dilində elə hey:
sevgi - Leyla, sevgi - Leyla, sevgi - Ley…


***
Oyun daşı kimiyik,
Bizi həsrət ayırıb.
Biz "bir qoşa" kimiyik,
Arada xətt ayırıb.

Gəl birləşək bir dəfə,
Bu xəttə yağı olaq.
Sən də keç bu tərəfə,
"İkinin ağı" olaq.

Yandı bağrım gəl daha,
Gəl qovuşaq, evlənək.
Sonra çıxaq sabaha,
"Üçün ağı"na dönək.

Gəl bu dərdi uçuraq,
Sevinc göz yaşlarıyla.
Yuva quraq, ev quraq,
Domino daşlarıyla…


Baxış sayı - 1 965 | Yüklənmə tarixi: 07.11.2017 17:33
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031