manera.az
manera.az

Gənc yazardan 2 HEKAYƏ... - MANERA.AZ

Gənc yazardan 2 HEKAYƏ... - MANERA.AZ
Manera.az gənc yazar İnanc Hüseynlinin 2 hekayəsini təqdim edir:

YÜK

Uşaqlıqdan futbolu çox sevirdim. Məhəllə uşaqları ilə futbol oynamağımız, komandamız uduzanda oturub ağlamağım uşaqlığımdan bu günə qalan, xatırlayanda üzümdə təbəssüm yaradan yeganə şeydir. Atam içki düşkünü, vecsiz bir adam idi. Anam isə… Anam…Yazıq anam. Orta məktəbdə müəllimə işləyirdi. O qədər gözəl, təmiz, düzgün, vicdanlı qadın idi ki, mənim anam. Şagirdləri, qonşular, qohumlar-hamı çox sevərdi onu. Bir sözlə, atamın tam əksi desəm, tam tanımış olarsınız anamı.

Atam evə hər gün içib gələr, bəhanəsiz anamı döyərdi. Anam isə səhər şagirdlərin qarşısına necə çıxacam deyə-deyə göyərmiş yerlərini gizlətmək üçün yollar axtarardı səhərə kimi…Uşaq vaxtı da fikirləşirdim, indi də fikirləşirəm ki, necə olub ki, anam belə bir adamla evlənib?.. Keçirmədiyim, keçirə bilmədiyim uşaqlığım qəlbimdə, həyatımda elə izlər buraxdı ki, heç vaxt silə bilmədim o izləri, bir iz belə azalmadı həyatımda. Dərslərimi də yaxşı oxumurdum, qınamayın məni, mən axı atamın oğluyam. Qan deyilən bir şey var, axı. Futbola olan sevgim o qədər çox idi ki. Məsələn, məhəlləmizdəki uşaqların atasına olan sevgiləri qədər. Bataqlıqdan çıxmaq üçün futbola tutunmalı olduğumu anlayanda artıq 12 yaşım vardı. Futboldan başqa bir şey düşünməz olmuşdum zamanla. Zaman hardan gəldi, necə gəldi bilmədim, özümü tanınmış komandalardan birində oyunçu olaraq gördüm… Həyatım bir andaca dəyişdi. İlk dəfə idi xoşbəxtliyi dadırdım. İlk dəfə idi gözlərim də gülürdü. Artıq istədiyim işlə məşğul olurdum və bundan zövq alırdım. Amma həyat acımasızdı, hər şeyin bir bədəli var, əlbət. Bu xoşbəxtliyin əvəzini çox vicdansızca çıxdı həyat. Atam dura-dura anamı aldı…

Anamın ölümündən illər keçsə də sarsıntıdan, kədərdən qaça bilmirdim. Hər gün yenidən ölürdü anam. Futbol tək sakitlik tapdığım, rahatladığım şey idi. Ta ki, onunla tanış olana kimi… İlk gördüyüm gündən ürəyimə tanış olmayan bir hiss hakim olmuşdu mənə. Dəniz mavisi gözləri, sarı, uzun saçları, üzündəki qəmzəsi… Bir mələk idi Leyla. İndi məni bu həyatda sevən tək insan idi o. Gözlərində yox ola biləcəyim tək insan, birlikdə ağlaya biləcəyim tək insan. Bir-birimizi çox sevirdik. Əllərimdən tutar, uzun-uzun gözlərimə baxar, məni çox sevdiyini deməkdən yorulmazdı. Hər şey o qədər gözəl idi ki, özümü çox xoşbəxt hiss edirdim. İşlərim də çox yaxşı idi, maddi vəziyyətim də qaydasındaydı. Atam əvvəldən yox idi. Artıq mənim üçün qız istəyəcək anam da yox idi. Ona görə də hər şeyin məsuliyyəti mənim üzərimə düşürdü. Leylaya evlənmə təklifi edəndə o qədər ağlamışdı. Bu, onun ilk ağlamağı deyildi, ancaq onu ilk dəfə idi ki, sevincindən ağlayan görürdüm.

Tezliklə nişanlandıq. Birlikdə keçirdiyimiz günlərin biri digərinə bənzəmirdi. Onunla həm də yaşaya bilmədiyim uşaqlığımı yaşayırdım. Baş verən hər şey xoşbəxtlik üçün biçilmişdi sanki. Ta ki o günə kimi…

Bir zamanlar həyatda tək təsəllim, uşaqlıq arzum olan futbol kim bilir, bəlkə də gələcəyimin, xoşbəxtliyimin, gülüşümün qatili olmuşdu. İdman aləmində olur belə şeylər. Yıxılmışdım, onurğamdan bərk zədə almışdım… Xəstəxanada ayıldığımda yanımda təkcə həkim vardı. Üzündə çox kədərli bir ifadə. Biləndə ki ayaqlarım işləmir və bir daha yeriyə bilməyəcəm, üzümdə təbəssüm yarandı. Yox, mən ağlımı itirməmişdim. Nə ağlımı, nə xoşbəxtliyimi, nə də Leylamı itirmişdim. Təbəssümüm ona görə idi ki, Leyla var, ayaqlarım işləməsə yox, heç olmasa nə olacaq? Məni bu qədər sevən Leyla var. Birdən Leylaya bir şey olsaydı, onu itirsəydim xoşbəxtliyim gedərdi. İndi xoşbəxtliyim var, çünki Leyla var.

Təbəssümüm üzümdə dondu. Siz heç kədərlə sevincin arasında təbəssüm gördünüzmü? Həm də donmuş təbəssüm. Bir rəssam lazım idi, o təbəssümü çəkmək üçün… Həkimin mənə uzatdığı məktubun hər sətrini oxuduqca təbəssümümün “don” u daha çox açılırdı, hər cümlədə təbəssümüm daha çox yox olurdu. Bu Leylanın xətti idi. Xəttindən hiss olunurdu ki, vəziyyətimi bilən kimi tələsik yazmışdı bu məktubu. Əsarətdən qurtulmaq üçün can atan dustaq kimi. Onun əsarəti mən idim, daha doğrusu ayaqlarım. Əslində isə “ayaqsızlığım”. Getmək istədiyini yazırdı, qala bilməyəcəyini. Məni çox sevdiyini, ancaq sevginin bu “yük” ü çəkmək üçün yetərli olmadığını deyirdi. Hə, “yük”. Bax, belə yazmışdı sevdiyim qız. Bax, belə yazmışdı mənim Leylam. Məndən onu bağışlamağımı xahiş edirdi, ona nifrət etməməyimi istəyirdi. Yazırdı ki, bir anlıq özümü onun yerinə qoysam, anlayaram qərarını. Yazırdı ki, mən də onun yerində olsaydım eyni qərarı verərdim. Həyatımı məhv etməz, Leylasızlığı seçərdim. İşindən, həyatından imtina edərək bir ömür mənim “ayaqlarım” a tamaşa etmək istəmədiyini yazırdı. Həyatda tək istədiyi şeyin xoşbəxt olmaq olduğunu, mənimlə isə bunun mümkün olmayacağını başa salmağa çalışırdı mənə…

Artıq boz bir həyatım vardı. Həyatım da mənim kimi başqa rəng tanımırdı. Nə Leyla vardı, nə futbol vardı, nə də anam. Daha anam ölərkən ondansa atam ölərdi düşündüyüm bivec atam da yox idi. Bir kimsəm yox idi bu həyatda. O gündən sonra Leyladan heç bir xəbər almadım. Həyat eşqi, iradə, güc, ümid… Bu duyğularla heç tanış deyildim, sanki…

…30 il sonra. Bir qocalar evində yenə də “ayaq” sızam. Qocalar evindən bizi vaxtaşırı gəzməyə aparırdılar. Gəzə bilməsəm də bir yerdə dayanıb ətrafı seyr etmək xoşuma gəlirdi. Dənizi seyr etmək mənə bir başqa zövq verirdi. Ancaq dənizə baxarkən “ağrılarım” ı unuda bilirdim. Uzaqdan mənim kimi arabada biri gəlirdi. Arxasında isə bir qadın. Nədənsə özüm kimiləri görəndə bir az rahatlıq tapırdım. Onlar yaxınlaşdıqca içimdə qəribə hislər yaranırdı. Yanımdan keçərkən qadını tanıdım. Bütün bədənim əsirdi. Təkcə ayaqlarımdan başqa. Leyla da məni tanımışdı. Başını aşağı saldı. Getmək istəsə də etiraz etdim.

Məndən ayrılandan 3 il sonra evlənmişdi Leyla. Bir oğlu olmuşdu. Gözünün ağı-qarası bircə oğlu vardı. İndi 25 yaşı vardı oğlunun. Mənim bu həyatda bir özüm, bir arabam, Leylanınsa bir özü, bir də arabalı oğlu vardı. Yoldaşı ancaq 5 il dözə bilmişdi, bu “ayaq”sız uşağa. Və tərk edilmişdi Leyla, eyni ilə tərk etdiyi kimi… Ürəyimdə ona qarşı qətiyyən nifrət, kin hissi yox idi. “Qalibiyyət” yox, “”məğlubiyyət” yaşamış kimi idim. Bircə təəccübləndiyim şey vardı. Anlaya bilmirdim ki, Leyla 25 dəqiqə dözə bilməmişdi, ya da cəsarəti çatmamışdı mənimlə halallaşıb ayrılmaq üçün, məktub yazmağı daha düzgün saymışdı. İndi necə oldu ki, 25 il dözə bildi. Görəsən, Leyla bu “yük” ü 25 il necə çəkib?

Hələ də sevirdim Leylanı. İlk gündəki kimi, gəncliyimdə sevdiyim qədər sevirdim. Bilsəydim ki, qəbul edər, elə ordaca evlənmək istədiyimi deyərdim ona. Amma əmin deyildim, heç əmin deyildim, o, “yük” ünü iki qat artırmaq istəyərdimi?

NİSGİL

Onu görəndə çox həyəcanlanırdım.

Nə qədər baxmamaq, gözlərimi qaçırmaq istəsəm də özümlə heç cür bacarmırdım. Əslində nə hiss etdiyimi dəqiq bilmirdim. Amma hislərimdə bir az həyəcan, bir az qorxu, bir az maraq vardı. Evləri yolumun üstündə idi. Hər gün işə gedib gələrkən onu görürdüm. Mənə fikir vermirdi. Amma bəzən olurdu ki, baxışlarımız bir-birinə kilidlənirdi. Onun baxışlarına davam gətirə bilmirdim. Başımı aşağı salıb addımlarımı sürətləndirirdim. O, məni görmədiyi vaxtlarda isə gizlincə bir yer tapır, uzun müddət onu izləyirdim.

Bu, Səma idi…

Hamı dəli adlandırırdı Səmanı. Ailənin yeganə övladı olan bu qız haqda bildiyim tək şey onun sonradan bu vəziyyətə düşməsi idi, iyirmi yaşından sonra. Başqa heç nə bilmirdim. Ətrafdakılar üçün o, sadəcə dəli idi, bütün dəlilər kimi. Səbəbini bilmirəm, amma nədənsə mənimçün Səma bir başqa idi, ya da bütün dəlilərdən fərqli. Onda adını bilmədiyim bir şey vardı sanki… Maraq məni yeyib bitirirdi. Səmanı tanıyan hamıdan onun haqda soruşurdum. Heç kim məni qane edəcək cavablar vermək istəmirdi. Bəlkə də mən çox maraqlı idim nəsə öyrənmək üçün. Ancaq bildiyim cavabları eşidirdim. İyirmi yaşından sonra belə olub…dəlidir o…həmişə eyvanda oturur…artıq on beş ildir onun yeri o eyvandır…demək olar ki, danışmır… Belə şeylər…

O gün qəribə idim, məğlubiyyətə bərabər qələbə qazanmış kimi…

Çoxdandır axtardığım suala cavab tapmışdım artıq. Amma cavabı tapdığım an cavab axtardığım üçün peşman olmuşdum, elə bil…

Səma ilə kasıb bir oğlan bir-birini çox sevirmişlər.

Amma Səmanın ailəsi imkanlı olduqları üçün qızlarının “həyatını məhv etmək” istəməyiblər və beləliklə, gəncləri bir-birindən ayırıblar. Bundan bir müddət sonra oğlan başqasıyla ailə qurub.

Səmanın sonrakı taleyi isə göz qabağında…

Çox sarsılmışdım.

Gözlərimin yaşı dinmirdi.

Nə edəcəyimi bilmirdim.

Amma bayaqkı peşmanlıq hissi bir anlıq məni tərk etmişdi. Bir neçə dəqiqədən sonra Səmagilin qapısında idim, qeyriixtiyari, bəlkə də bilərəkdən…

Qapını elə döyürdüm ki, elə bil mənə borcları var.

Eyvanda keçən on beş ilin qisas yumruqları ilə…

Anası açdı, Səmanı görmək istədiyimi dedim, tanıyırdı məni, amma qızı görmək istəyim onu çox təəccübləndirmişdi.

Çox inkar etdi, guya Səma heç kimlə danışmaq istəmir…

Məni geri qaytarmaq cəhdi uğursuz oldu.

Səmanın yanındakı stulda oturmuşdum. Anası bizə çay gətirmək üçün o biri otağa getmişdi. Səma ilə tək qalmaqdan ötrü bu yaxşı fürsət olduğu üçün heç etiraz etmədim. Susurdum, bir az da qorxurdum. Bütün bədənim titrəyirdi, əllərimi bir-birinə bərk sıxmışdım. Sanki bayaq qapıda qadınla içəri girmək üçün “döyüşən” mən deyildim…Səma isə elə bil məni görmürdü… Əlimi əlinə uzatdım. Sanki illərdir kiminsə əlindən tutmağı gözləyirmiş kimi əllərimi bərk- bərk sıxdı. Bayaqdandı otaqda olduğumun fərqinə varmadığını düşündüyüm Səma gözlərimin içinə diqqətlə baxırdı. Üzündə azacıq təbəssüm vardı. Hətta, gizlincə Səmanı izlədiyim zamanlarda belə onun üzündə təbəssüm görməmişdim… “Sən” dedim. Sözlər boğazımda düyünlənirdi. Yenə susdum. Səmanın sual dolu gözləri davam etmək lazım olduğunu hiss etdirirdi mənə. Özümü birtəhər topladım. On beş il əvvəl…sən…o. Siz sevmişdiniz…Danışa bilmirdim artıq. Kaş bura heç gəlməyəydim deyə düşündüm… Səmanın əllərimi əllərindən itələməsi məni düşüncələrdən ayırdı. Bayaqkı baxışlar yox olmuşdu. Mənə düşmən kimi baxırdı. Təzə dil açmış uşaqlar kimi nəsə deməyə çalışırdı, amma deyə bilmirdi. Hiss edirdim ki, ağzından kəlmələri çıxartmaqda israrlıdır. “Hə, mən…o…sevirdik çox…amma qoymadılar. Onlar kasıb idi axı, bizsə varlı. Bilirsən, o vaxt onun hər şeyi vardı, bir puldan başqa…amma indi mənim heç nəyim yoxdu, heç nəyim, atam, anam, sevdiyim, ürəyim, heç özüm də yoxam”… Hamı deyirdi ki, Səma keçmişi ilə bağlı heç nə xatırlamır, on beş ildir ki, heç ata-anası ilə də keçmişlə bağlı bir kəlmə belə danışmayıb. Amma o hər şeyi xatırlayırdı və səsinin tonu getdikcə qalxırdı, artıq qışqırırdı, əlləri ilə ayaqlarını sıxır, saçlarını yonurdu. Mənə isə “cəhənnəm ol”, “rədd ol” deyirdi…

Pilləkənləri düşərkən hönkür-hönkür ağlayırdım, çevrilib arxaya baxmağa belə cəsarətim yox idi. Mən “rədd oldum”, “cəhənnəm oldum”, amma nə o “rədd ol, cəhənnəm ol”, deyən günü, nə bu gün, nə də sabah özümü bağışlamayacam Səmanın yaralarını deşdiyim üçün və o günü heç vaxt unutmayacam…Hə, bir də Səma qışqırarkən anasının əlində böyük bir iynə Səmanı “zərərsizləşdirmək” üçün ona yaxınlaşdığını…Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728