Bacım kisəçi işləyirdi... | MANERA.AZ
MANERA.AZ Elşad Baratın hekayəsinni təqdim edir:
Bacımı zorlamışdılar, on dörd yası olanda. Onda mənim səkkiz yaşım var idi. Qardaşım rusiyaya getmişdi, varlanmağa. Anam isə məhləmizdə ad çıxarmışdı, Laçın fahişəsi. Atamı Laçında qoyub gəlmişdik. Yazıq kişi, "sən mənim dünyamsan" dediyi qadına Laçın fahişəsi deyirdilər.
Biz Laçında təkcə atamı yox, anamın ləyaqətini, bacımın namusunu, qardaşımın isə qeyrətini qoyub gəlmişdik.
Qardaşım hər gün iynələrə qoşulub uçurdu.
Bacım hamamda işləyirdi, kisəçiydi, amma kisələməkdən başqa hər sey edirdi. Hamamlanmaq cəmi üç manat idisə, bacım da bu üç manata daxil olurdu.
Mən artıq yekəlirdim, hər seyi anlayırdım. Hətda vahabilərə qoşulub namaz da qılırdım, sonradan qanunları arasında ailədaxili əlaqələrdə iyrənclikləri görüb uzaqlaşdım. Ömürlük allahsızlığı seçdim.
Anam hər gün qonşulardan biriylə söyüşürdü, elə gün olmazdı ki, bu, təkrarlanmasın. Rəfiqələşdiyi arvadlar da var idi. Onlar anamla səmimi söhbətdə də Laçın fahişəsi deyə müraciət edirdilər. Anam ise bu müraciətə normal yanaşırdı, sanki, dədəsinin ona qoyduğu adı Laçın fahişəsiydi.
Aylar ötüb, illər başıma pərvanə olduqca qardaşımın iynələri böyüyür, bacımın hamam müştəriləri çoxalır və şişmanlaşır, anamın ad-sanı bütün şəhərə yayılırdı, Laçın fahişəsi.
Axı, bizim ailəyə nə olmuşdu, yoxsa anamın adını, qardaşımın canını, bacımın namusunu atamın varlığı saxlayırdı?
Bizimlə bərabər yüzlərlə ailə Laçından didərgin düşmüşdü, heç o ailələrdəki uşaqların anasına Laçın fahişəsi demirdilər, bəs bizə nə olmuşdu?
Niyə, axı niyə mən Laçın fahişəsinin balası, hamamçının və iynəçinin qardaşı olmalıydım? Bütün bu olanlar məni qatil olmağa çağırırdı…
Bağısla, ata, sənin dünyanı qoruya bilmədim.