manera.az
manera.az

Atamdan sonrakı günlər- Səkinə Qəribin şeiri/ MANERA.AZ

Atamdan sonrakı günlər- Səkinə Qəribin şeiri/ MANERA.AZ


Səkinə Qərib

Atam gedəndə
çemodanında ürəyimi də aparmışdı.
Heç vaxt gülməzdi,
amma gedərkən gülümsəyib: “Qayıdacam” demişdi.
Belə deyir bütün gedənlər, amma qayıtmır heç biri…

Günlərlə həyətimizdəki köhnə skamyada oturub
gəlməyini gözləmişdim.
Gecələr anamın bağladığı qapını açardım gizlicə,
birdən atam qapını bağlı görüb qayıdar deyə…

Atam gedəndən sonra,
anam ondan qalan ev paltarlarından
stol silən əski düzəltmişdi.
Mən heç yeri, heç nəyi silməzdim o əskiylə.
O əskini tez-tez yuyardım,
mətbəxdə qurudub, ən təmiz yerdə saxlayardım…

Qapının ağzında bir cüt ayaqqabısı qalmışdı atamın,
hər gün silər, tozunu alardım,
düşünərdim: qayıdıb işə geyinəcək.
O təmizkar idi,
çirkli ayaqqabıları sevməzdi.
Atam hətta şəkillərdə də gülümsəməzdi…
Şəkillərdəki kədərli gözlərindən öpərdim,
hər gün bağçada olanları danışardım fotolarına…

Atam gedəndən sonra,
şifonerimizin bir gözü həmişəlik yaşlı qalmışdı,
boşalmışdı, toz basmışdı.
Sonra anam həmin rəfə lazımsız əşyalarını yığdı,
rəf köhnəldi, yaralarımız sağalmadı…

Beləcə,
atamın söküb apardığı ürəyin yerində
böyük bir boşluq qaldı.
Heç kimin doldura bilməyəcəyi bir boşluq.

Bunları sənə danışıram ki, biləsən,
sənin axsaq sevginin yoxluğu əsla ağrıtmaz məni…

MANERA.AZ







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31