manera.az
manera.az

Oğlumun qəlbində böyüyən arzu.. - ŞEİRLƏR

📅 19.04.2018 09:58

Oğlumun qəlbində böyüyən arzu.. - ŞEİRLƏR
Manera.az şair Araz Səmədin şeirlərini təqdim edir:

OĞLUM DƏNİZƏ

Sənin əlin bir arzuya uzananda,
mənim əlim cibimə yapışır.
Nə bir söz tapa,
nə söndürə bilirəm ürəyimin odunu,
sanki çarmıxa çəkirsən,
susmağı sevməyən atanı.

Hələ ,,vardi", ,,yoxdu"nu,
həyatin nə olduğunu
bilməyən vaxtindi.
Bilsəydin bəlkə də utanar,
gücün yetdikcə qaçmaq, qaçmaq istəyərdin,
insan ayğının dəymədiyi,
insan nəfəsinin toxunmadığı bir yerə.

Hələ ki, aylar sən deyəni deyir,
illər də sən istədiyin kimi ötüşür.
Hər dəfə üzündə təbəssüm,
gözlərində sevinc görəndə,
bilirsən yadıma nə düşür?
Bir xoş sözə,
bir tikə çörəyə möhtac cocuqlar,
bir də bu cocuqların haqqını yeyən
qalstuklu ,,qəhramanlar",
saqqallı ,,qoçaqlar".

Ehh, kim anlar dərdimi?
Çölüm də yanır, içim də,
mənim bir Dənizim var,
milyon-milyon Dəniz dalğalanır içimdə!


***
Səni tez-tez görmək,
səsindəki hərarəti,
baxışlarındakı doğmalığı
duymaq istəyirəm.
Gecə bilmədən,
gündüz demədən
nazınla oynamaq,
saçlarını tel-tel oxşamaq,
əllərini ehmal-ehmal
tutmaq istəyirəm.

Yuvamız ayrı,
yolumuz bir,
bu həyat sətir-sətir
yaxınlaşdırır bizi bir-birimizə.
Sözlər ayrı bir rəng qatır,
ayrı bir düzən verir ömrümüzə.

Nə yazıq ki
aramızda sərhəd var,
heç vaxt keçə bilməyəcəyimiz bir sərhəd...
Nə yazıq ki
büt yasaqlar,
kor qınaqlar
bitib qəlbimizdə
bir dərd, bir ağrı kimi,
döğranır bu məhəbbət
anasının bıtnində doğranan
qız cocuqları kimi.


****
Böyükdü, aramızdakı məsafə,
Bir az da eşqimin kor vaxtına düşdü,
Sənin gəlişin.
Ha yalvardım, ha yaxardım,
Faydası olmadı.
Aramızdakı məsafə
Qısalmadı ki, qısalmadı.
Amma, ürək bu, anlamaz ki...
Hələ bir “ağıl da verər" sahibinə:
“Sirli-sehrli gecələrini sev bu dünyanın,
Nə var işıqlı gündüzünü sevməyə?"
Mən də sənin qəlbini sevdim, gözəl qəlbini,
Cəsarətim çatmadı özünü sevməyə...


***
Sənin avazına uymaram daha,
Bəmin də yalandı, zilin də, dünya.
Mərhəmət ummaram, ummaram daha,
Boğulub ölsəm də əlində, dünya.

Hardadı cəhənnəm, hardadı cənnət?
Qoy heç kim qoymasın boynuma minnət.
Bu yanın qaranlıq, o yanın zülmət,
Dirin də bədbəxtdir, ölün də, dünya.

Çəkdiyim əzablar müvəqqətimi?
Ayrılıq insanın son qismətimi?
Odunda yaxdığım məhəbbətimi
İndi axtarıram külündə, dünya.

Elə hey yarayar, düzələr dedim,
Mən xəyal becərdim, mən ümid yedim.
Vaxtında yola sal, yola sal, gedim,
Yük olub qalmayım belində, dünya.


***
“Uca dağlar, gen dərələr,
Ürək açan mənzərələr".
Nə gizlədim?
Heç biri, heç biri ürəyimi açmadı.
Dağa qalxdım, dərəyə endim,
Yenə havam çatışmadı.
Anladım, anladım ki,
Vətəndaş olmaq
Öz yurduna, öz ölkənə
Kişi kimi sahib olmaqdır.
Vətən isə
Yalnız uğrunda ölə bildiyin deyil,
Qoynunda yaşaya bildiyin torpaqdı.

Və bir də,
Atamın son nəfəsində
İçdiyi bir qaşıq su,
Oğlumun qəlbində böyüyən arzu,
Bir yetimin qarnını doyduran çörəkdi vətən.
Bir günəşli may səhəri
Həyatı sönən,
Diri-diri alovlara bürünən
Üç yaşlı Fərəhdi vətən...


***
Oğlum,
Bilirsənmi sevmək nədir?
Dünən sənə ,,get" deyən birinin
Bu gün ayağına gəlib yalvarmaqdı sevmək.
Gözünü də qırpmadan
Bir qəlbə ömürlük
Möhür vurmaqdı sevmək.
Batan bir gəminin sərnişini kimi
Yaxınlıqda üzən köpək balığını
Qayığa bənzətməkdi...
Gerçəyi biləndəsə,
Uzaqlarda görünən ulduzu
Sahildə yanan işığa bənzətməkdi...
Ya da oturub xəyal qura-qura
Keçirməkdi ömrü.
Yaşamaq deyil əslində,
Yola verməkdi ömrü...

Oğlum,
bilirsənmi sevmək nədir?
Düzünə qalsa,
Mənim də bildiyim bir şey yox,
Bayaqdan eləcə uydururam...

Dünya

Daha səbrim tutuşdu,
Qayıt yoluna dünya.
Boşun onsuz da boşdu,
Lənət doluna dünya.

Sığınıb qismətinə,
Dözərdim hər çətinə.
Ay sənin sərvətinə,
Sənin puluna dünya...

Xəyal-xəyal yüyürdüm,
Daş qoydum, hasar hördüm.
Dəymişindən nə gördüm,
Baxam kalına dünya?

Bağlanıb qapım, bacam,
Ocaqdan düşən sacam.
Nə ,,get"inə möhtacam,
Nə də ,,qal"ına dünya.

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ


Baxış sayı - 2 616 | Yüklənmə tarixi: 19.04.2018 09:58
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031