manera.az
manera.az

Bəlkə də bütün yollar ayrılıqdan başlayır - Saqif Qaratorpağın şeirləri

Bəlkə də bütün yollar ayrılıqdan başlayır - Saqif Qaratorpağın şeirləri
Manera.az tanınmış şair Saqif Qaratorpağın şeirlərini təqdim edir:

* * *
Mən sənin gözünü yolda qoymaram,
Qoymaram tutula qaşın-qabağın.
Çox yaxşı bilirəm axı həyatda
Ağrı-acısını hər ayrılığın.

Qoymaram gözlərin dola bir azca,
Həsrətin dumanı kəsə yolları.
Bütün körpüləri sel-su aparsa,
Götür, körpü olsun sənə qollarım.

Yeməsin içini şübhə bir anda,
Ağacı içindən yeyən qurd kimi.
Əgər görüşünə özüm gəlməsəm,
Gələrəm çiyində bir tabut kimi.

Nəyisə itirmək,tapmaq asandı,
Ümidi,inamı itirmə ancaq.
Bu eşqin odunu sönməyə qoyma,
Sonradan yanmağı çətin olacaq...

Sən çağır, mən harda olsam, gələrəm,
Təki gül üzünü bürüməsin qəm.
Yaralı-yaralı durub gələrəm,
Ölmüşəm...itmişəm...bir gün gəlməsəm



* * *
Bahar xanıma

Onsuz bu yer üzündə yerim elə dardı ki…
İçimdə eşq var deyə yerə-göyə sığmıram.
Göz yaşımı səpirəm sevdamın yollarına,
Sonra utandığımdan birini də yığmıram.

Hələ ki ikimizik,bir kimsə yox bu yolda,
Bəxtimiz gətiribdi,deyəsən gəlhagəldi.
Başımız qarışıbdı bir səsin harayına,
Yoldaş gözəl olanda yol getmək də gözəldi.

Adəmin unutduğu ilk sözdən doğulmuşuq,
Sən yalın əl olandan, mən də yanar bir közəm.
Göydəki ildırımlar ruhumuzun rəqsidi,
Sən bir az könülsüzsən,mən bir az ürəksizəm…

Günahı çiynimizə aşırıb da gedirik,
Mərhəməti böyükdü,Tanrı bir gün bağışlar…
Ömür-gün səhrasında su gəzən divanəyik,
Əlini tut altına…bax,başladı yağışlar…



* * *
Bu yatmaq deyildi ha,yuxuya dəm tutmaqdı,
Nə yaxşı çox gödəkdi indi gecənin ömrü.
Yoxsa elə bilirsən " get"demək-unutmaqdı,
Uzanır sonsuzluğa bircə hecanın ömrü.

Buza dünüb özünə indicə süzdüyün çay,
Başın elə qarışıb özünnən danışmağa.
Hər gün baxıb təqvimə de ki,çox uzandı may...
Bəhanə axtarırsan bəs niyə barışmağa?!

Düyün düşüb sinəndə,axı kimə deyəsən,
Gözlərinin yaşına dönür,neçə söz axır.
Nə yazmağa gücün var,nə deməyə taqətin,
İçində misra-misra ölür neçə söz axı!

Yıxılıb qururundan olmusan tikə-tikə,
Nə əlin sözə baxır,nə də ki ayaqların.
Ha əksən də göyərmir nə "yəqin",nə də "bəlkə",
Bircə dəfə "gəl" desə qaçarsan ayaqyalın...

Unutmusan çaydanı,indi çoxdan soğulub,
Aha...yenə gecikdin,yenə başladı dərsin.
Eh,o qədər deyin ki! De ki,mənə nə olub?
"Ay zalımın balası,Allah bəlanı versin!"



* * *
Dünən dəfn eləmişəm bir sevgini içimdə,
Indi məzarı üstdən ağlamaqdan gəlirəm.
Ürəyimi qoymuşdum gül əvəzi,darıxmış,
Səhər qaçıb yanına yoxlamaqdan gəlirəm.

Daha gəlib axtarma məni,məndə ölmüşəm,
Çox aradım,tapmadım...gördüm səndə ölmüşəm.
Xəbərim yoxmuş,səni sevən gündən ölmüşəm,
Öz əlimlə gözümü bağlamaqdan gəlirəm.

Kim görsə,donar qanı,yox,belə zülüm olmaz,
Mənim kimi ölənə bir daha ölüm olmaz.
Öz başıma tökməyə bir ovuc külüm olmaz...
Qaysaq tutan yaramı dağlamaqdan gəlirəm.

Kəndirimi kəsmişəm,qalsın divin yanında,
Sən də asıl saçından bir az sevin yanında...
Dayanıb sən yıxdığın tənha evin yanında
Nişan alıb könlümü oxlamaqdan gəlirəm.

Nə gələn var,nə gedən...vaxt bir qamış tütəkdi,
Ömrüm-günüm yalanmış,xatirələr gerçəkdi,
Bİr kitabın içində unutduğum çiçəkdi...
Onu basıb bağrıma qoxlamaqdan gəlirəm.



* * *
Mən sənin bir yay günü keçib getdiyin şəhər,
Heç özün də bilmədən ayaqüstü dayandın…
Xəbərin yoxdu bəlkə min ildi yuxudaydın,
Bu da qismətdi belə,məni görüb oyandın.

Nə vaxtdı susamışdın bir sevgidən ötəri,
Elə onu gəzirdin dirilik suyu kimi.
Bir gecənin içində çıxmışdı qanadların,
Ömrün son nəğməsini oxuyan bir qu kimi.

Bir saatlıq düşmüşdün bir ömrün qatarından,
Bir qəfil qonaq idin bir nakam məhəbbətə.
Bəlkə də bütün yollar ayrılıqdan başlayır,
Bəlkə də bütün yolar gedir üzü həsrətə...

Bu qəfil görüş nəydi?!Belə də qismət olar?!
Əllərimin içində buza döndü əllərin.
Sən getdin...onda bildim, heyif,ömür bir andı,
Bir ömür səyriyəcək səndən ötrü gözlərim.

Mən çoxdan unutmuşam sevinməyin dadını,
Nə vaxtdı göz yaşımı qurudub duz yığıram.
Bir səhra qəribsəyir hər gün məndən ötəri,
Mən hər gecə gizlicə öz içimə yağıram...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
1234567
891011121314
15161718192021
22232425262728
2930