Gedirsən elə get, iz düşsün səndən-YENİ İMZA
Manera.az "YENİ İMZA" layihəsində gənc şair Valeh Qocanın şeirlərini təqdim edir:
YANIR
Soyuqdan donur yer üzü,
İstidən bu odam yanır.
Təzə-təzə, yeni-yeni,
Boy atan arzu, kam yanır.
Göylərin şamı üşüyür,
Yerin göy damı üşüyür.
Çölümdə hamı üşüyür,
İçimdə bir adam yanır.
Zülmət keçir günüm gecəm,
Olub ömrə qənim gecəm.
Bir başqadı mənim gecəm,
Nə ay çıxır, nə şam yanır.
Dərd mənə bir ömür hörür,
Öz ömrümü kəsir, bölür.
Əzabımı hamı görür,
Dərdimə bir anam yanır.
ÇIXMASIN
Gedirsən elə get, arxanca yenə,
Əlim uzanmasın, dilim çıxmasın.
Gedirsən, dərdini apar özünlə,
Zülümün içindən zülüm çıxmasın.
Gedirsən elə get, iz düşsün səndən,
Yollar dilə gəlsin, söz düşsün səndən.
Getməmiş bir alış köz düşsün səndən.
Közünlə bir yanım, külüm çıxmasın.
Buraxma eşqimi yarı – yarımçıq,
Buraxmaq istəsən tamam dağıt, yıx.
Valehəm, sonuma qayıt özün çıx,
Qoy mənim sonuma ölüm çıxmasın.
DƏRDİ KİPRİYİM YAŞADIR
Yamanca heyifim gəlir,
Gözümü qırpdığım vaxta.
Səni görə bilmədiyim,
Kipriyi çırpdığım vaxta.
Ürəyimə doğan dərdi,
Kim bilir ki, kim yaşadır?!
Dərdim səni görməməkdi,
Dərdi kipriyim yaşadır.
Gəl bir qırpaq gözümüzü,
Eşqə tən bilək baxışı.
Hər an bir yumub, bir açaq,
Boşa verməyək baxışı.
OLA BİLMƏDİK
Qəmə qəm tək doğmalaşdıq,
Qəmə yad ola bilmədik.
Ayrılıq şadlıq eylədi,
Şada şad ola bilmədik.
Qurudu eşqin dənizi,
Qaldı yeri, qaldı izi.
Bu sevgi taladı bizi,
Heç abad ola bilmədik.
Gəl nə çınqıl, nə qum olaq,
Bitməsək də toxum olaq.
Barı, qız doğ, qohum olaq,
Ər-arvad ola bilmədik.
MƏNƏ
Dünyama təzədən gəl,
Yaşat bir nağıl mənə.
Ağlımı əlimdən al,
Qalmasın ağıl mənə.
Ürəyimi bir də çal,
Təzədən eşqinə sal.
Sevgidən hamilə qal,
Özündən doğul mənə.
Elə bu yaşıma düş,
Şaxtama, qışıma düş.
Göylərdən başıma düş,
Büsbütün dağıl mənə.
Məhəbbətə ərk elə,
Üşüyəndə kürk elə.
Öz evini tərk elə,
Köç mənə, yığıl mənə.
Göllərimdə sona ol,
Dərddən, qəmdən yana ol.
Təzədən bir ana ol,
Gətir bir oğul mənə.
ONDA MƏN
Yadındamı bir ay sizdə qaldığım,
Necə üzlü qonağıydım onda mən.
Eşqin buraxmırdı heç yana məni,
Nə bəxtəvər dustağıydım onda mən
Əlinlə qalxmışdım sanki enişdən,
Düşməziydim o sevdalı beşikdən.
Didərgin düşmüşdüm evdən, eşikdən,
Siz tərəfə qaçağıydım onda mən.
Məhəbbətdən qaynayardım, çıxardım,
Gələcəyə ümidlərlə baxardım.
Gecə-gündüz səndən ötrü axardım,
Bir qurumaz bulağıydım onda mən
Biz nə edək hə eşqin bir baxtı var,
Hər sevgidə yandırdı var, yaxdı var.
Uzaqların yaxınlaşan vaxtı var,
Bu həsrətdən uzağıydım onda mən.
Valehəm, sanmazdım məndə köz sönər,
Duyğu sönər, ilham sönər, söz sönər.
Nə biləydim “tez alışan, tez sönər”,
Ağlı kəsməz uşağıydım onda mən
ÇÖRƏK VERƏN QIZ
Bu gün son zəng günüdür,
Hamı gülür, sevinir.
Şagirdlər məzun olur,
Valdeyinlər öyünür.
Yada düşür o illər.
Mənim qəlbim döyünür.
O illərin içində,
Sən də yada düşürsən.
Sənin məhəbbətinlə,
Oxuduğum o dəftər,
Kitab da yada düşür.
Oxuyarkən aldığım,
Həvəs də yada düşür,
Əzab da yada düşür.
Məni oxutmaq üçün,
Atamın nəsihəti,
Babamın vəsiyyəti,
Müəllimin şilləsi,
Hamısı yada düşür.
Xəyalım oda düşür.
Gecə-gündüz oxudum,
Mən də bir bilik aldım.
Atam demişkən elə,
Oxuyub “adam” oldum.
Ancaq məni oxudan,
Atam, anam olmadı.
Nənəm,babam olmadı.
Nə də müəllim oldu,
Sənin tək Dəlim oldu.
Sənin eşqin, həvəsin,
O buz təki nəfəsin,
Mənə bir təhsil verdi.
Düz on bir il oxudub,
Ömürlük tətil verdi.
Amma özün bilmədin,
O illərin içində,
Mənə kim olmusan sən.
Eşqinlə, həvəsinlə,
Ömürlük çörək verən,
Müəllim olmusan sən.
İLDƏ BİRCƏ DƏFƏ SƏN DƏ QAYIT GƏL
Əvəz elə fəsillərdən birini,
İldə bircə dəfə sən də qayıt gəl.
Bahar ol, payız ol, nə olursan ol,
İldə bircə dəfə sən də qayıt gəl.
Qurbanam səninlə qış gələn günə,
Qar, yağış ömrümə xoş gələn günə.
Qoşul yaşım üstə yaş gələn günə,
İldə bircə dəfə sən də qayıt gəl.
Yenə də bir dağın ətək yerində,
Səni gözləyirəm çiçək yerində.
Gizlən bir çiçəyin ləçək yerində,
İldə bircə dəfə sən də qayıt gəl.
Dərdini sinəmdə bitirən gün tək,
Səni gözlərimdən itirən gün tək.
Elə gedişini gətirən gün tək,
İldə bircə dəfə sən də qayıt gəl.
Qayıt ki,ömrümdə toy, bayram olsun,
Gəldiyin o həftə, ay bayram osun.
Mənə də bir dəfə qoy bayram olsun,
İldə bircə dəfə sən də qayıt gəl.
Valehəm, getdiyin fəsil də gəlir,
Dünyaya bir yeni nəsil də gəldi.
Vətənsiz ömrümə bir ildə gəlir,
İldə bircə dəfə sən də qayıt gəl.