manera.az
manera.az

Mənim ürəyimdə bir nəfər də var - Şeirlər

Mənim ürəyimdə bir nəfər də var - Şeirlər
Manera.az gənc şair Firdovsi Rəsulun şeirlərini təqdim edir:

Mənim ürəyimdə bir nəfər də var

Məni sevirsənmi? Çox düşündün çox,
Sadə bir suala cavab ver indi.
Ən mürəkkəb sual bilmədiyin yox,
Bilib cavab verə bilmədiyindi.

Adam bu qədər də olmaz utancaq,
Nə olar bir dəfə cavab verəndə.
Məni görmək üçün darıxdın ancaq,
Üzünü çevirdin məni görəndə.

Sevgimiz yayıldı düşdü dillərə,
Sevməyi öyrəndik bir-birimizdən.
Həyat sevgi dərsi keçdi bizlərə,
Zaman unutmağı soruşdu bizdən.

Biz nələr düşündük baş verdi nələr,
Puç oldu arzumuz diləyimiz də.
Başladı ağrılı acılı günlər,
Ağladı sevgimiz ürəyimizdə.

Mənim qismətimə çıxdın ilk öncə,
Heyif ki özgənin qisməti oldun.
Mənim ilk eşqimdin kim bilir bəlkə,
Onun həyatında növbəti oldun.

Sən qonşu ocağa gəlin köçmüsən,
Demək görüşəcək baxışlarımız.
Sən ki bu həyatı özün seçmisən,
Bizə nə deyəcək tanışlarımız.

Səninlə üz-üzə gəldiyim anlar,
Bilinir hələ də sevirsən məni.
Mənə yuxu kimi gəlir olanlar,
Mən hər gün yuxuda görürəm səni.

Durmadan şütüyür ömür axını,
Çatıbdır sonuncu mənzilə qatar.
İkiqat verirəm gediş haqqını,
Mənim ürəyimdə bir nəfər də var.

Bilərəm

Mən dərdi atmıram dərd məni atmır,
Sənə nə verim mən ağlıma batmır,
Mənim sevincim heç özümə çatmır,
Səninlə kədəri bölə bilərəm.

Bu sözü mən yenə də deyirəm ki,
Sən aldanmayasan və deyirəm ki,
Getmək istəsən get, nə deyirəm ki,
Heç sən olmamısan elə bilərəm.

Ağlama ağlamaq artıq nahaqdı,
Ürək var yuxadı ürək var dağdı,
Mənimsə ürəyim çox yumuşaqdı,
Dözməyib qayıdıb gələ bilərəm.

Gözümdən axıtdın yaş gilə-gilə,
Yaşadım bu yaşı mən silə-silə,
Qorxmadın da həmin göz yaşı ilə,
Ürəyimdən səni silə bilərəm.

Küsüb getmisən

Bilmirəm hardasan,yoxsan,itmisən,
Məni də arxanca sürgün etmisən,
Sən məndən ömürlük küsüb getmisən,
Mən səni həmişə danışdırıram.

Bilirəm bu sənin son gedişindi,
Səninlə barışmaq artıq çətindi,
Səndən yox özümdən küsmüşəm,indi,
Özümü özümlə barışdırıram.

Yatağım buz kimi, özümdə xəstə,
Sevməyə qalmayıb daha həvəs də,
Sənin həsrətinin ocağı üstə,
Əlimin içini qızışdırıram.

Mən sənin əbədi tərk edilənin,
Yanıb həsrətindən külə dönənin,
Hələ çox yanacam oduna sənin,
İndidən özümü alışdırıram.

Getdin hər şey qaldı yarı yarımçıq,
Arzular dağınıq, fikir dağınıq,
Gör neçə il keçib üstündən artıq,
Sənin tökdüyünü yığışdırıram.

Yetər ki qapımı gəlib döyəsən,
Demirəm ki məndən üzr istəyəsən,
Bağışla sevgilim amma deyəsən,
Səni özgəsiylə qarışdırıram.

Unudacağam

Yenə də sən yoxsan, hava qaralıb
Bu sənsiz gecəyə sərxoş qonağam.
Birinci qədəhdə yadıma salıb,
Sonuncu qədəhdə unudacağam.

İkinci qədəhdə əsəcək əlim,
Xəyalın başımda dumanlanacaq.
Dağların dumanı çəkilir, gülüm,
Həsrətin başımdan çəkilmir ancaq.

Qismət olmadısa, demək olmadı
Sabahı ümidlə açasan gərək.
Üçüncü qədəhdə içkinin dadı
Bütün acılardan şirin gələcək.

Geriyə qayıtmaz bir yolluq gedən,
Baxma dərələrdən uca dağlara.
Bir sağlıq deyirəm, ölən sevgidən
Əbədi yaşayan ayrılıqlara.

Mən sənə dərdimi açıb demişəm,
Ömrümün ən yaxın sirdaşı kimi.
Sonuncu qədəhi süzüb içirəm,
Süzülür sonuncu göz yaşı kimi...

Kaş ki

Kaş ki görüşməzdik həyatda sənlə,
Elə ilk görüşdən çıxıb gedəydim.
Qəlbindən daş kimi asılınca mən,
Gözündən yaş kimi axıb gedəydim.

Kaş ki fələk bizi ayrı salaydı,
Dönük taleyimiz görüşməyəydi.
Zaman öz yerində donub qalaydı,
Tarix də o gündən dəyişməyəydi.

Kaş ki son olaydı birinci kərə,
Sevgi də həmin gün ölüb gedəydi.
Göydən bir ayrılıq enəydi yerə,
Bizi iki yerə bölüb gedəydi.

İlk və son gecəmiz tarixi uzun,
Sabahı qaranlıq gecəsi aydın.
Mənim itirdiyim bircə sən oldun,
Sənin itirdiyin kaş mən olaydım.

Tamam yad olaydıq bir birimizçün,
Dəyişik düşəydi zamanım ilim.
Kaş mənim həyatdan köçdüyüm günün,
Səhəri gələydin həyata gülüm.

Yaşayan ancaq ümiddi

Gözlərim gəzəcək səni həmişə,
İçimdə bir ümid, ölməmisən sən.
Dünən öz əlimlə dəfn eləmişəm,
Bu gün axtarıram bəlkə evdəsən?

Cismin torpaqdadı, ruhun göydədi,
Ölüm! Öz özündən ayrılıq cağı.
Nə ruhun görünür nə cismin nədi?
Yerdəsən, göydəsən, hardasan axı?

Soyudu bədənin soyudu əlin,
Soyudun bir anın içində necə.
Bəlkə də peşmandı indi əcəlin,
O da mənim kimi yatmaz bu gecə.

Kim axı yaşayıb ömürdən doyub?
Bir az narahatam, bir az rahatam.
Qurduğu ocağı atasız qoyub,
Öz ata yurduna qayıdır atam.

Yoruldu qollarım yenə də dözdüm,
Tabutun ağırlıq saldı çiynimə.
Sən getdin hər şeydən əlimi üzdüm,
Yoxluğun səndən də ağırmış demə.

Mən necə torpağa tapşırım səni?
Dur daha ölməyin zamanı deyil.
Uşaqkən çiyninə almısan məni,
Əvəzin çıxırsan indi elə bil.

Üzümdə bir gülüş, ürəkdə min qəm,
Sənin həsrətinlə dostam, tanışam.
Mən necə ürəkdən gülə bilərəm?
Səninçün doyunca ağlamamışam.

Sən övladlarının toyunu etdin,
Əbədi gözünü yumdun həyata.
Sən bizi allaha tapşırıb getdin,
Biz səni torpağa tapşırdıq Ata..



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31