AYB təqaüdlə istedadlılara deyil, istedadsıza yardım edirsə...| MANERA.AZ
Ramilə Qardaşxanqızı
Günümüzdə bir çox məsələlərdə arxanda “dayday”ının olması vacib amilə çevrilib. Yalnız bu zaman sən seçilə bilirsən. Demək olar ki, bilik, intellek rol oynamır, yetər ki, arxanda “dağ” dayansın. Əgər o “dağ” mövcud deyilsə, həyatda bəxtin çətin ki, üzünə gülə...
...Bu yaxınlarda eşitdim ki, filan təşkilat bəhmən müsabiqəni açıq elan edib. Müsabiqədə jüri seçilən bir nəfər tanış çıxdı, (hansı ki, jurilər gizlin seçilir) dedim yazım var, bəlkə yollayım müsabiqəyə?! Köhnə tanışım boynunu büküb, məyus halda “bilirsən, əsas yerlər artıq tutulub, amma həvəskar yerlərin birinə saldıra bilərəm yazını". İnanın səmimiyyətimə, ədəbiyyatımızın bu gününə xeyli güldüm. Təbii, saxtalıq dövr edən müsabiqəyə yazı yollamaqdan da vaz keçdim. Sonradan biləndə ki, həmin müsabiqədə kimlər qalib gəlib, ədəbiyyatımızın, mədəniyyətimizin, idmanımızın, elmimizin, jurnalistikamızın və s. və i. axır, sabahına olan inamım itdi.
Qeyd edim ki, belə halla rastlaşdığım ilk dəfə deyil. Məmləkətimizdə belə müsabiqələrin, mükafatların, fəxri fərmənların və s. 99 faizi rüşvətlə həll olunur. Rüşvətlər də ki, “maşAllah” müxtəlif “rəngdə”, “ölçüdə” və “sayda”...
Əmin olun ki, keçirilən müsabiqələrə, əsasən də ədəbi müsabiqələrə yollanılan mətnlərin əksəriyyəti oxunmadan da e-mail ünvanlarında arxivləşir. Fərqi yoxdur nə yazmısan, güclü mətndir, yoxsa zəif, “adamın” yoxdursa, əmək sərf etdiyin əsərin bir küncündən yapışıb kənardan boylanmağa məhkumsan.
Xülasə, ay əlinə ümid dolu qələm alanlar, bilin və agah olun, məsələ qələmin gücündə, mürəkkəbin ləkəsində deyil, “tapşırığın” gücündədir ki, o da sizdə yoxdursa, özünüzü boş yerə yormayın.
Belə məqamlarda kənardan boylanan ağzıgöyçəklər AYB barədə ağız dolusu qeybət edir. Şah Qacar demiş - “bu insanlar bilmir ki, İran şahlığının bir taxtı var, orda da yalnız bir şah əyləşə bilər?” Nə əcaib, nə qəraib zümrələr var İlahi? Anar yerini yalnız bir nəfərə verə bilər də, hamı birdən , həmən o bir nəfərə çevrilə bilməz ki? Bu kürsü davası çoxdan başlayıb. Yer tutulmayana kimi də bitməyəcək. Sonrası isə Allah kərimdir. Kreslo davası ucbatından bilmirlər hansı nala vurub, hansı mıxı çəkələr...
İndi də başlayıblar bu il təqaüdə düşənlərin arxasınca çömçə bulayıb, qazan döyməyə. Biri deyir “bu ilki təqaüdçülərin üzünü görən olmayıb”, biri deyir “nə gənc ee, 40-ını keçmiş qocadır”, o biri də deyir ki, “filankəs maddi imkansızlığını önə çəkib fürsət yaxaladı” və s. Ay qiybət edənlər, deyirsiz indi nə olsun? Pıç-pıçın Nikolaya qənim olması hamıya məlumdur, kiminsə arxasınca danışmaq istəyən qeybəti göydə tutacaq, qazıb torpağda əkəcək, tor atıb dənizdə yaxalayacaq, yox yerdən var yaradıb üfürəcək havaya. Bunu kim bilmir ki? Mən hələm-hələm dillənən, belə “xanım-xatun” mətbəx söhbətlərinə reaksiya verən adam deyiləm, amma babam demiş, “sözü gətir qoyurlar dilimin ucuna deyirlər danışma.”
Bir sözlə, AYB təqaüdlə istedadlılara deyil, istedadsıza yardım edirsə, ağzını açıb, gözünü yuman o zümrələr “ədəbiyyat adına” dəridən, qabıqdan çıxdıqlarını önə çəkib, müsabiqələr keçirir və qalibləri də yuxarıda qeyd etdiyim kimi seçirlər...
Əziz yazarlar,tövsiyə edirəm belə məqamları tökün qələmlərinizin mürəkkəb yerinə!...
Manera.az