manera.az
manera.az

Ankarada Türk Dünyası Turizm Konqresi və Gənclik Şöləni keçirilib

📅 25.09.2026 17:00

Ankarada Türk Dünyası Turizm Konqresi və Gənclik Şöləni keçirilib
Ankaranın 2026-cı il üçün “Türk Dünyasının Turizm Paytaxtı” elan olunması münasibətilə Türkiyənin paytaxtında 8-ci Beynəlxalq Türk Dünyası Turizm Konqresi və Gənclik Şöləni keçirilir.

Manera.az xəbər verir ki, Turizm Akademikləri Dərnəyi ilə Türk Dünyası Gənclik Vəqfinin birgə təşkilatçılığı və Ankara Hacı Bayram Veli Universitetinin ev sahibliyi ilə keçirilən tədbir sentyabrın 25-də başlayıb və üç gün davam edəcək.

Türk dünyasının müxtəlif ölkələrindən nümayəndələrin qatıldığı tədbir çərçivəsində türk dövlətlərinin milli mədəniyyətini, turizm potensialını və ortaq dəyərlərini tanıdan stendlər açılıb.

Proqramda Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi də iştirak edir. Mərkəz tərəfindən hazırlanan Azərbaycan stendində ölkəmizin zəngin mədəni irsi, milli dəyərləri, ənənəvi sənət nümunələri və turizm imkanları nümayiş etdirilir.


Ziyarətçilərin maraq göstərdiyi Azərbaycan stendində ölkəmizin tarixi, mədəniyyəti və turizm potensialını əks etdirən müxtəlif materiallar təqdim olunur, Azərbaycanın Türk dünyasının ortaq mədəni irsindəki yeri barədə məlumat verilir.

Konqres və Gənclik Şöləni çərçivəsində Ankara Hacı Bayram Veli Universitetinin İtri Salonunda türk dövlətlərinin milli musiqi və rəqslərinin təqdim olunduğu xüsusi mədəni proqram da təşkil edilib.

Sentyabrın 27-dək davam edəcək tədbirin əsas məqsədi Türk dünyası ölkələrinin turizm potensialının daha geniş tanıdılması, ortaq mədəni dəyərlərin təbliği, ölkələr arasında turizm və mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də gənclər arasında əlaqələrin gücləndirilməsidir.

Manera.az


Baxış sayı - 36 | Yüklənmə tarixi: 25.09.2026 17:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930