manera.az
manera.az

"Gənc yazarlar sıxışdırılır, təhqir olunur və..." - Orxan Bahadırsoy - MANERA

"Gənc yazarlar sıxışdırılır, təhqir olunur və..."  -  Orxan Bahadırsoy - MANERA

Manera.az Orxan Bahadırsoyun yazısını təqdim edir:

“Ədəbiyyatda pozğunlaşma gedir” deyirlər...


Bir ara Seyran Səxavətin telekanallardan birində gənc yazarlar haqqında danışığına qulaq asdım. Hər iki cümləsindən biri - “bu qalıcı ədəbiyyat deyil” idi. Həmin fikirləri sonralar Fazil Mustafa da təkrarladı. Maraqlıdır, bunlar “qalıcı ədəbiyyat” nəyə deyirlər?

Əvvəlcə onu deyim ki, bu ifadə kökündən yanlışdır. Ədəbbiyyat “qalıcı”, “keçici”, “bitici” kimi anlayışlara bölünmür və bölünə bilməz. Hər hansı bir ədəbiyyat nümunəsi yaradılıbsa, bu mütləq ki, qalıcıdır, əbədidir. Burda həmin nümunənin yaxşı və ya pis olması da rol oynamır. Çünki, hər yazıçının və hər yazının öz oxucusu, öz sevəni var. Həmin nəşrlər yandırılsa da, məhv olunsa da, öz oxucularının yaddaşında qalacaq.

Bundan başqa, onlar “bu qalıcı ədəbiyyat deyil” dedikdə, nisbətən fərqli mövzularda, fərqli məzmunlarda yazan yazıçıların əsərlərini nəzərdə tuturlar. Bunun da səbəbi odur ki, həmin yazıçıların əsərləri onlara bir xeyli şöhrət və oxucu qazandırmışdır və bu qazanc yaşlı yazarların paxıllığına səbəb olub. Yəni istənilən halda adı ara-sıra hallanan və az sayda təqaüdçü oxucuları olan yazarlar, bu günün gənc yazarları qədər tanınmır və oxunmurlar.

Bu yazarları ən çox qıcıqlandıran da, müasir ədəbiyyatda tez-tez rast gəlinən açıq-saçıq yazı tərzi, azad seks təbliği və seksual maariflənmə tipli əsərlər, söyüşlü ədəbiyyatdır. Hansı ki, onlar buna “ədəbiyyatda pozğunlaşma” deyirlər. Hətta Fazil Mustafa deyir ki, gənc yazarlar bu mövzulara sırf fərqli görünmək üçün müraciət edirlər. Yadımdadır ki, Seyran Səxavət Əli Əkbərin romanı barədə müzakirədə ədəbiyyatdakı açıq-saçıqlığa möhkəm hirslənmişdi. Bar-bar bağırırdı ki, “bu qalıcı ədəbiyyat deyil”. Eləcə də Günel Mövludun yazılarında tez-tez seksə müraciət etməsi, Azərbaycanda seskin tənəzzülündən yazması da yaşlı yazıçıların təzyiqini qaldıran nümunələrdəndir.

Fazil Mustafa müsahibəsində Günel Mövludun yazılarını bəyəndiyini qeyd edir. Yəqin, ədalətli olmağa çalışır ki, axı Günel Mövlud həqiqətləri aşkar şəkildə yazan tək-tük cəsarətli yazarlardandır. Amma söhbətin içində öz atmacasından da qalmayıb deyir ki, “özün öz dəyərlərini yaratmadan, başqa bir dəyərə hücum edəndə, onun əsaslandırılmasını düzgün şəkildə ortaya qoymalısan". Axı nədir sizin dəyər dediyiniz? Nədir “əlinizdəki bu şüar”? Mənə elə bir dəyərinizi göstərin ki, o sizə sülh, əmin-amanlıq, inkişaf, elm, mədəni tərəqqi bəxş etsin! Elə bir dəyər göstərin ki, bu ölkəni, bu milləti dünyaya tanıtsın! Dünyanın mədəniyyət səhnəsində sizin hansı dəyəriniz alqışlanıb?

Hələ bu yaşlı yazarların illərdən süzülüb gələn qələminə, həyat təcrübəsinə arxalanıb düşünmədən “haqlıdır” deyənlər də var. Həmin adamlar yaşlı yazarların əsərlərini tərəzinin bir gözünə, gənc yazarların əsərlərini tərəzinin digər gözünə qoyub bu millətin, bu ölkənin problemlərini hansı tərəf daha çox, daha doğru və daha ədalətli şəkildə işıqlandırır deyə ölçsələr, özlərini sorğulasalar, bəlkə də həqiqəti taparlar. Amma sorğulamaq, araşdırmaq, öyrənmək bu millətin xislətində yoxdur. Bir ahıl və nüfuzlu şəxsin dediyi söz bu xalq üçün qanundur, danılmazdır. Axı niyə?

Axı niyə bu məmləkətin dərdini, problemini bir kənara qoyub təbiətin gözəlliyinə, sərvətlərin bolluğuna, hakimlərin siyasətinə tərif dolu dastanlar yazan adam güclü, nüfuzlu, istedadlı şair hesab olunur, amma problemi yazan, həqiqətə güzgü tutan gənclər “pozğun” sayılır? Axı niyə Rəsulzadə kimi liderə, bu millətin rifahı, inkişafı uğruna ömrünü fəda etmiş bir şəxsiyyətə “vətən xaini” deyən, ceyrandan-cüyürdən yazan, geniş sovet çöllərini vəsf edən, sovetin himnini Azərbaycan dilinə tərcümə edən adam rəhmət, hörmət və izzətlə anılır, sevilir, amma tərəqqipərvər, elmin, biliyin, dünyagörüşün tərəfdarı olan gənc yazarlar sıxışdırılır, təhqir olunur və məcbur olub bu ölkədən qaçırlar? Məgər Seyran Səxavət, Fazil Mustafa və digər yaşlı nəslin nümayəndələri bu həqiqəti görmür? Anara, Elçinə imam kimi sitayiş edənlərin haqqı yoxdur bu gənc yazarları tənqid etməyə. Ümumiyyətlə, mən o yazarların gənclərə nəsə öyrədə biləcək qədər ziyalı, onlara tövsiyə, məsləhət verə biləcək qədər ədalətli, müdrik olduqlarına inanmıram.

Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728