“Davamlı İnkişaf Siyasəti” adlı dərsliyin təqdimat mərasimi keçirilib

Rektor Urxan Ələkbərovun müəllifi olduğu “Davamlı İnkişaf Siyasəti” adlı dərsliyin təqdimat mərasimi keçirilib
Oktyabrın 8-də müəllifi Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov olduğu “Davamlı İnkişaf Siyasəti” adlı dərsliyin təqdimat mərasimi keçirilib.
Tədbirdə dövlət və elm xadimləri, dövlət qurumlarının rəhbərləri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Təqdimat mərasimində akademik Urxan Ələkbərov, Birləşmiş Millətlər Təşkilatının Rezident Əlaqələndiricisi Dmitro Şlapaçenko, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, İqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov çıxış ediblər.
Təqdimat mərasimində dərsliyin məzmunu və əsas istiqamətləri ilə bağlı məlumat verilib, Azərbaycanda dövlət idarəçiliyi sahəsində qazanılmış nailiyyətlər, ölkəmizdə aparılan davamlı inkişaf siyasəti və müasir idarəetmə mexanizmləri ilə bağlı məsələlər diqqət mərkəzində olub. Həmçinin inklüziv və səmərəli dövlət idarəçiliyinin davamlı inkişaf məqsədlərinə nail olunmasında mühüm rol oynadığı qeyd edilib.