manera.az
manera.az

"Özünüzü geniş sferada rüsvay etməyin!" - Kənan Hacı - MANERA

"Özünüzü geniş sferada rüsvay etməyin!" - Kənan Hacı - MANERA Kənan Hacı

İdarəolunan yuxu, yoxsa idarəolunmaz sayıqlama?

Borxes deyirdi ki, ədəbiyyat idarəolunan yuxudur. Amma ömründə Borxesdən bir cümlə oxumayan, ümumiyyətlə, Borxesin kimliyindən, dünya ədəbiyyatındakı yerindən bixəbər olan yüzlərlə, minlərlə sözbazlar var ki, onların sayıqlamaları artıq idarəolunmaz bir hal alıb. Bədii sözün dəyəri və çəkisi heç vaxt indiki qədər ucuz və yüngül olmayıb. Məhz belə bir əcaib zamana gəlib çıxmışıq. İş o hala çatıb ki, bir ədəbiyyat polisi yaratmağa əşhədü ehtiyac yaranıb. Vəziyyət bu qədər ciddidir.

Hamının ucdantutma şeir, hekayə, roman yazmasının sonu belə də olmalıydı. Əziz şairimiz Əlisəmid Kür bu qrafomanlar haqda deyir ki, pis iş görmür ki, şeir yazır da. Amma məsələ burasındadır ki, onların yazdığı şeir deyil, nədirsə, bir Allah bilir. Bu günlərdə çapdan çıxmış 1711 səhifəlik (!!!) “Avrasiya şairləri antolojisi”ylə tanışlıqdan sonra bu qənaətə gəldim ki, şeir sözün əsl mənasında ölüb və meyidini də yerdən götürən yoxdur. Bu antologiyanı hazırlayan insanlar görəsən hansı mühitdə yetişiblər? Ümumiyyətlə, antologiyanın hansı prinsiplər əsasında hazırlanması haqqında elementar təsəvvürləri varmı? Kitabı vərəqlədikcə adam dəhşətə gəlir, kimliyi məlum olmayan bu adamlar əllərinə keçəni “antologiya”ya daxil ediblər və kitabı Üzeyir bəy demiş, həlim aşının qazanına döndəriblər. Səməd Vurğunun bioqrafiyası şairin 1955-ci ildə Vyetnama gedərkən yolda xəstələnməsiylə başlayır. Bu əcaib bioqrafiyanı görəsən, kim yazıb? Hələ üstəlik, Bəxtiyar Vahabzadənin “Şəhidlər” poemasından bir parçanı da Səməd Vurğunun adıyla təqdim ediblər. Təsəvvür edin, Səməd Vurğun kimi böyük şairdən sonra Mais Təmkin adlı bir yazarın şeirləri gəlir. Mən Azərbaycanı təmsil edən yazarları nəzərdə tuturam.

Burda quş səsi eşitməyən imzalara rast gəlirsən. Adlarını sadalamağa hövsələm çatmayacaq. Bir neçəsinin adını yazıram, görün bu adamları siz şair olaraq tanıyırsınızmı? Malik Xəlilov (kitabda bu adamın soyadı Khalilov kimi yazılıb), Mayil Asiman, Mehdi Ağayev, Məmməd Əkbərli, Mikayıl Yanar, Minarə Bağırova, Murad Qoca, Mütalib Tahiroğlu, Nadiq Qədimli, Nailə Yusifova və sair. Bu adamların bioqrafiyasıyla tanış olduqca dəhşətə gəldim. Sən demə, Azərbaycanda “Qızıl qələm” mükafatından başqa “Zərif qələm”, “Cəsarətli qələm”, “İti qələm”, “Vicdanlı qələm” və digər təyinatlı “qələm” mükafatları var imiş. Bu adamların “şeirləri” görün hansı qəzetlərdə çap olunub: “Namuslu zəhmət”, “Ümid çırağı”, “Bələdiyyənin səsi”, “Zəfər qalası”, “Qanun və səlahiyyət”, “Mənim ölkəm”, “Həqiqət meridianlarında”, “Ruzigar” (evin tikilsin, qəzet yiyəsi!), “Elimiz, günümüz”, “Elitar press”, “Məntiq dünyası”, “Əks-səda”, “Ana haray”, “Əsrin ziyalıları” və sair. Ay sizi dovşan yesin! Əməlli-başlı şüəra əhliymişsiniz, bizim xəbərimiz yox! Maşallah, hərənizin də on-on beş kitabı çıxıb. Məhsuldarlığı ildən-ilə yox, aydan-aya, gündən-günə artırmaq lazımdır, qardaşlar!

Allah Əbdürrəhim bəyə qəni-qəni rəhmət eləsin! “Mirzə Səfər”i elə-belə yazmamışdı. Doğrudanda “dərvazəmizi fələk vurubdu!”

Antologiya tərtibçiləri sanki qarşılarına məqsəd qoyublar, istedaddan yüz ağac uzaq, poeziya haqqında heç bir təsəvvürü olmayan adamların sayıqlamarını bir yerə yığıb kitab bağlasınlar. Söz yığınından ibarət sicilləmələr adamı dəhşətə gətirir. Mais Təmkinin şeirindən iki misra sitat gətiririəm:

Ərdən “boşanmış”dan vəfadar olmaz,
Könül, düşsən, qız eşqinə düşəsən. (???)


Bilmirsən güləsən, ya ağlayasan... Nüsrət Həsən adlı birisinin yazdığına baxın:

Mənə ondan danışmayın,
Duymaq belə istəmirəm.
Ona olan bu hörmətim
Sevgim ölə istəmirəm.

50 illik “yaradıcılıq yolu” keçmiş Vəli Həqqi isimli bir ağsaqqal görün nə yazır!

Haçandır əlimə almıram qələm,
Çökübdür sinəmə qüssə, kədər, qəm.
Ağlayır dərdimi, oxşayır aləm,
Dünyaya əlvida deyim, deməyim?!

Gəlin, ağsaqqalı bu sualla baş-başa buraxaq.

Təsəvvür edin ki, antologiya adlandırdıqları kitabda bu cür sicilləmələrin sayı-hesabı yoxdur. Poeziya haqqında, ədəbi mətn haqqında elementar səviyyədə təsəvvürü belə olmayan bu adamların hərəsi bir vedrə mükafat sahibidir. Burda hər sahənin adamına rast gəlmək mümkündür, hüquqşünas, həkim, aqronom, baytar həkimi, mühəndis, riyaziyyat müəllimi... Ara qarışıb, məzhəb itib. Nə it yiyəsini, nə də yiyəsi itini tanıyır. Korrektura, redaktə xətalarından isə heç danışmağa dəyməz. Bir sözlə, başdan-başa rüsvayçılıq...

"Antoloji" tərtibçiləri özlərinin bu qədər rüsvay olmağından narazı qalıblar. Düşünüblər ki, geniş bir törən keçirək, türk qardaşlarımızı da dəvət edək və onların qarşısında özümüzü daha geniş miqyasda biabır edək, hörmətdən salaq. Onlara bu şəraiti də yaradıblar. Vallah, mən belə görürəm ki, bununla da kifayətlənməyəcəklər, hələ növbədə III cild var...

Məni son dərəcə təəccübləndirən isə bu sayıqlama antolojisində imzasına hörmət etdiyim yazarların yer almasıdır. Qəşəm Nəcəfzadə, Saqif Qaratorpaq və bir neçə imza var ki, onların bu “antoloji”də yer almasını dostlarıma qətiyyən rəva görməzdim. Bu “antoloji” ədəbiyyat üçün bir üzqarasıdır. “Antoloji”də yer alan adamların (adlarını çəkdiyim 3-4 nəfər istisna olmaqla) Azərbaycan poeziyasına ümumiyyətlə, dəxli yoxdur. Bu adamlara Azərbaycan poeziyasını Avrasiya məkanında tanıtmaq səlahiyyətini kim verib? Təsadüfi adamlardan 60-70 manat yığmaqla bu cür keyfiyyətsiz, səviyyəsiz bir kitab çıxarmaq cinayətdir. Təsəvvür edin, adamlar 60-70 manat pul verirlər ki, bizi el-aləmin gözündə rüsvayi-cahan edin. Bir az vicdanınız olsun! Şeir yaza bilmirsinizsə, poeziya haqda anlayışınız yoxdursa da, heç olmasa, özünüzü daha geniş sferada rüsvay etməyin. Sadəcə, ayıbdır!

Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI