Nigar Köçərlinin hərəkətinə nə ad verək? - Taleh Eminoğlu - MANERA
Taleh Eminoğlu
Yəqin xatirinizdə olar, "Yol əhvalatı" filmində jek rəisi Qurban kişi belə bir ifadə işlədir: "belələrinə nə ad verəsən, qrabitel? Ama heç bir vidsansız alverçi bunu eləməzdi sən elədin."
Bəs indi biz "Əli və Nino" kitab mağazasının rəhbəri Nigar Köçərlinin hərəkətinə nə ad verək? Bilirəm indi bəziləriniz düşünür ki, Qan Turalı ilə "Əli və Nino" kitab mağazaları şəbəkəsi arasında baş verən olay elə də böyük məsələ deyil. Sonuçda məsələnin mərkəzində kommersiya dayanır. Razıyam sizinlə. Amma insafən düşünək Qan Turalı sıradan bir yazar deyil və öz oxucu kütləsi var.
Bu isə o deməkdi ki, "9 hekayə" kifayət qədər satılacaqdı və necə ki, satılır. Həm də axı "Əli və Nino" Kahraman Tazeoğlu, Ahmet Batman kimi feysbuk statuslarını xatırladan, yeniyetmə aşiqlərin düşüncəsinə bənzər fikirlər yazan, yazıçıların kitablarından kifayət qədər gəlir əldə edə bilir. Əgər məsələ "9 hekayə" kitabının satılmayacağı üzərindədirsə buna çıxış yolu tapmaq olardı. Məsələn yazarla müqavilə bağlana bilərdi ki, kitabını bir-iki ay heç bir kitab dükanında satışa çıxarmasın. Bu cür bir neçə alternativ yol tapmaq olardı. Lakin "Əli və Nino" heç bir çıxış yolu axtarmadan stop düyməsi basdı. Bu özünəgüvəndən qaynaqlanır. Artıq illərdi fəaliyyət göstərən bu şəbəkə yazarları özündən asılı vəziyyətdə saxlamağı bacarırdı və özünə "ağa" statusu təmin etmişdi. Düşünürdü ki, bu elə belə də davam edəcək və atalarının "ağa deyir sür dərəyə deməli sür dərəyə" sözü ilə formalaşan toplum onun istəklərindən kənara çıxmayacaq. Amma səbrdə bir yerə qədərdi axı. "9 hekayə" səbr kasasını daşdıran son damla oldu. Yazarlar "Əli və Nino"nu boykot etməyə başladı və bu yəqin ki, bu satışlara ciddi təsir göstərdi.
Fürsətkən deyim ki, istər yazar, istərsə də oxucu olaraq bu boykota qoşuluram və oxucularıda yazarlar ətrafında sıx birləşməyə çağırıram. Hadisənin boyutu artıq Qan Turalının "9 hekayə"sini aşıb və onuncu hekayə yazılır.
Yazının əvvəlindəki sualı cavablandırmağı isə sizin öhdənizə buraxıram. Təbii əliniz vicdanınızın üzərində olsun.
(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)
Manera.az