"Aytacı mən öldürmüşəm" - Taleh Eminoğlu
Taleh Eminoğlu
Fikir cinayəti
Öncədən qeyd edim ki, oxuyacağınız yazı gənc yazarın köşəsindən daha çox bir cinayətkarın etirafıdır. Bir gün öncə baş vermiş cinayətin. Gördüyünüz kimi dəhşətli cinayət demədim çünki artıq adiləşib bu cür ölümlər mənim üçün. Bəli, Aytacı mən öldürmüşəm və bu zaman tək olmamışam. Bu yazını oxuyan və oxumayan hər kəs mənim cinayət ortağımdı. İzzət isə sadəcə bir vasitə idi. Onu qətli törətməyə biz təhrik etdik. Bir insanı qatil etmək üçün bütün ölkə əlbir olduq. Necə? İllərdi davam edən bayağı televiziya proqramları, səviyyəsiz seriallar, qloballaşmanın belə məhv edə bilmədiyi Qarabağdan daha yaxşı qoruduğumuz mənasız mentalitet anlayışı və əsl kitaba olan fobiyamız.
Televiziya verilişlərində xoruz döyüşdürürmüş kimi qadın-kişi münasibətlərini müzakirə edirik. Qarşı tərəflər bir-birilərinin mənfi cəhətlərini tapır, deyir və bundan həzz almış bir üz ifadəsiylə kameraya -bizə-gülümsəyir. Kişiciklər qadının zəif məxluq (bəli onlar məxluq deyir çünki anaları varlıq yox məhz məxluq olub) olduğunu, kişinin bir sözünü iki etməyə ixtiyarının olmadığını bəyan edir. İzzət isə bu danışıqlara qulaq asırdı.
İndiyə qədər heç bir serialda görməmişəm ki, mübahisə edib küsən cütlüklərdən heç olmasa biri təkliyə çəkilib olanları düşünə və çıxış yolu axtara. Aralarında söz-söhbət olan serial qəhrəmanları dərhal bara gedir, buzlu viski içir və qisas planları qurmağa başlıyır. Bu seriallara İzzətdə baxırdı.
Toplumumuzda baş verən mənfi halların 90 faizini demək olar ki, mənasız metalitet anlayışımız yaradır. Mentalitetimizə görə qadın qürursuz olmalıdı. Kişi istədiyi zaman küsə və barışa bilər. Qadının vəzifəsi isə küsəndə ağlamalı, barışanda gülməlidi. Qadına düşünmək və yarqılamaq fürsəti verilmir. Kişilər isə düşünmək fürsətindən məhrumdu və yarqısız qərar vermək səlahiyyəti var. Biz bu düşüncəyə "Şərq düşüncəsi" deyirik və qoruyuruq. Bu düşüncənin mühafizəkarlarından biridə İzzət idi.
Tarix boyu kitab oxuyana dəli dedik. Qaçdıq onlardan. Yalnız Qurani-Kərimi tək kitab qəbul etdik və onuda ərəb dilini öyrənməyin çətinliyi bəhanəsi ilə oxumadıq. Tərcüməyə isə biz inanmırıq. Sartrsız, Coyssuz, Hüqosuz, Haqverdiyevsiz, Axundovsuz böyüyən gənclik "lotu bəxtiyarın", "sanka zverin" kitablarını oxudu. İzzətdə onları oxumuşdu.
Aytaca dəyən bıçaq zərbələrini İzzət vurdu. Əldə, bıçaqda onun idi. Ancaq öldürmək fikri bizim. Biz "fikir cinayətkarlarıyıq", Corc Oruellin "1984" romanında olduğu kimi.
Bizim işimiz "qurbanı" və "qatili" tapmaqdı. Sonra "qurbanın" keçmişində qara ləkə axtarmağa başlayırıq. Tapmasaqda olar, özümüz həll edərik. Qatilə isə lənət yağdırır və işimizi tərtəmiz yerinə yetiririk.
Düşünməyin ki, mən İzzəti günahsız sayıram, xeyr. O gənc bir qızın həyatını məhv etdi və buna görə öz cəzasını alacaq. Onun həyatını isə bizim fikirlərimiz məvh etdi. Bəs biz cəza çəkəcəyik?! Bu sualı düşünüb fikirlərimizi dəyişmək ümidi ilə.
P.S. xanımlarda daha diqqətli olmalıdı. Yanlarında savadlı oğlan görməkdənsə bıçaqlı, təsbehli "qaqaşlara" üz verən qızlar bilməlidi ki, bıçaq silahdı.
Manera.az