Solçunun sevgi gündəliyindən... - Taleh Eminoğlu - MANERA
Taleh Eminoğlu
Solçunun sevgi gündəliyindən
Nərmin üçün
Mən solçuyam sevgilim,
bilmirdim dostlar dedi.
Dedilər ki, insanları sevirəm -
yaxşısını, pisini
ağacları sevirəm -
canlısını, qurusunu.
Sevirəm günəşi, ayı, ulduzları
əlində bir tikə çörək küçədə qaçan
qara, mavi, yaşıl gözlü
həyatdan xəbərsiz uşaqları.
Bir də dedilər ki, heyvanları sevirəm -
ən çoxda pişikləri və ağ göyərçinləri
hər şeyə rəğmən yaşamağı sevirəm -
iki gün ac, bir gün tox.
Soruşdular ki, bu qədər ümid məndə hardandı?
qorxma, sevgilim, qorxma
açmadım böyük sirrimizi.
Desəm nağıl zənn edərdilər,
inanmazdılar
axı ikimizdən başqa heç kəs və heç kəs
yaşaya bilməz sevgimizi.
Manera.az