manera.az
manera.az

Dərdini küçədə uyudan adam _MANERA

Dərdini küçədə uyudan adam    _MANERA
Məhərrəmova Arzu Şəhriyar qızı 7 oktyabr, 1983-cü ildə Saatlı rayonunun Mollavaizli kəndində anadan olub. Bəylər kənd orta məktəbdə ibtidai sinif müəlliməsi işləyir. İlk qələm təcrübələrindən ənənəvi üsluba sadiq qalan gənc şairənin şeirləri “Ulduz” dərgisində və “Kaspi” qəzetində poeziyasevərlərə təqdim olunub. Ailəlidir, iki övladı var.

MANERA.AZ Arzu Rüstəmsoyun şeirlərini təqdim edir:



DAŞÜRƏK!

Kəsə getdin, uzun yolun qısası,
Dərviş oldun - sol əlində əsası...
Çəkib aldın ürəyimdən qisası,
İndən belə bir adın var - daşürək!

Söz həsrətim, ahdı dildə-dodaqda,
Könül məğlub şahdı, darda-fəraqda.
Yaz yadına, dilən haqqı soraqda,
İndən belə bir adın var - daşürək!

Ha parçala, tikə-tikə böl məni,
Gahdan-kaşa istəməzdim ölməni.
Bəyəndinmi bax bu sayaq bölməni? -
İndən belə bir adın var - daşürək!

İndi yadsan, nə yaz nə qış bilmərəm,
Leysan, dolu, tufan, yağış bilmərəm.
Qarğış anlamaram, alqış bilmərəm,
İndən belə bir adın var - daşürək!


BU DAĞLARIN HAVASINI ÇAL

Səhər-səhər könül yenə gileyli,
Dodağıma nəğmə qonub - "bu leyli".
Hava dəli, hava dolmuş, küləkli,
Bu dağların havasını çal mənə.

Səcdəsinə sığınmışam bir bütün,
Bu dağınıq düşüncələr çox çətin.
Ağaclar da çılpaqlaşıb büsbütün,
Budaqların havasını çal mənə.

Nə közü var, nə külü var, toz eylər,
Ömür ötər, əcəl dönüb göz eylər.
Güneylərə tamarzıdır quzeylər,
Ocaqların havasını çal mənə.

Kədərimə peşkəş olub şənliyim,
Qaçaqlarda əsir düşüb genliyim.
Dalanlara qısılanda tənliyim,
Bucaqların havasını çal mənə.

Od olanım, közün məni üşüdür,
Dillənəndə sözün məni üşüdür.
Yanağımda üzün məni üşüdür,
O çağların havasını çal mənə.


GƏLƏRSƏNMİ?

İçimdə sökülür dan,
Nura boyanar hər yan.
Əhdə vəfadar olan,
Darıxsam, gələrsənmi?

Yolunda qaya kimi,
Yetdiyin haya kimi.
Bükdüyün saya kimi,
Duruxsam, gələrsənmi?

Çıxdın getdin, ömrümü
Yıxdın getdin, ömrümü.
Yetim uşaqlar kimi,
Soluxsam, gələrsənmi?

Ölü qalxmaz qəbirdən,
Təsəlli yox səbirdən.
Sağalmaz dərdə birdən
Yoluxsam, gələrsənmi?

Yaş üstünə yaş kimi,
Qaya kimi, daş kimi.
Gözlərində yaş kimi,
Doluxsam, gələrsənmi?


YAZIN SIFARİŞİ

Buluduna söylə dolub durmasın,
Yollarımı əldən salıb yormasın.
Asta-asta, sürü gəlsin, sürməsin,
Yaz ömrümə, yaz naxışı bürmələ.

Yarpaqlara xəbər eylə, sevinsin,
Küləklərə söylə, yerini bilsin.
Qaranquşlar dönüb bahara gəlsin,
Göy çəməndən boz xalını dürmələ.

Köç gələndə arxasına baxmasın,
Həsrətimi yandırmasın-yaxmasın.
Bir də dönüb ildırıma çaxmasın,
Durnaların köz baxışın sürmələ.

Bahar gəlib, qucağında gül açıb,
Arzu susub, söz sənəti dil açıb.
Çəmən bizə məsum-məsum əl açıb,
Təbiəti çiçək donuna bələ.


DƏRDİNİ KÜÇƏDƏ UYUDAN ADAM

Ey küçədə gecələyən,
Ey küçədə yatan adam.
De, yuxundan kimlər keçdi,
De, yata bildinmi, adam?
Niyə ayrıldın soyundan?
Dərdini harda soyundun?
Gözümdən yaşlar süzülür,
Qalx ayağa, dərdə köklən.
Bax gözümdən axan yaşa,
Bəlkə bu yaşla yuyundun...
De, doyunca gülürsənmi?...
Toxsan, acsan, bilirsənmi?

Əllərinə səhər-səhər,
Bircə ovuc dərd qoyurlar.
Kiməsə bir sədəqəsən,
Kiməsə könül kamısan.
Xoşbəxtliyin aynasından,
Sağa-sola boylanırsan.
Kədər çökür gözlərinə,
Ey sinəsi qəm yuvasi.
Ey günü gün sayılmayan,
Əlində bir parça çörək,
Səfalətdən ayrılmayan.
Hardasa qanun oğrusu,
Yatib rahat döşəyində.
Xəyalların keçmişində,
Arzuların beşiyində.
Ey yolundan ötüb-keçən,
Yoluna boylanan adam.
Bilmirəm ki, bu dünyada,
Kimdir adam? Kimdir adam?


UZAQDA

Yeyin olmur sətirləri səhərin,
Kim daşıyar bu qüssəsin-kədərin?.
Addım-addım izlədiyim şəhərin,
Baxışları qaldı məndən uzaqda!

Bucağında dolub-daşdı sandığım,
Xatirələr alovunda yandığım.
Dalanında büsbütün islandığım,
Yağışları qaldı məndən uzaqda!

Xoş baxışı giley idi, ah idi,
Hər gecəsi naümid sabah idi.
Etmədiyim hər arzu günah idi,
Naxışları qaldı məndən uzaqda!

İndi yenə pərdələnib sarı sim,
Zalım fələk başa düşməz ki, him-cim.
Enişini dizin-dizin gəlmişdim,
Yoxuşları qaldı məndən uzaqda!

Düyün vurdum, sapa yatmaz naxışın,
O yazına tamarzıdır bu qışın.
Labirintə saldı məni baxışın,
Çıxışları qaldı məndən uzaqda!



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031