193 saylı məktəbdə olay - direktor müəllimə DAVASI
193 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Almas Nuriyeva məktəb direktoru Rəhim Hüseynovu məktəbdə ciddi qanun pozuntusuna yol verməkdə ittiham edir.
Manera.az xəbər verir ki, 21 sentyabrda BMM-də keçirilən mətbuat konfransında jurnalistlərə açıqlama verən Almas Nuriyeva direktorun qanunsuz əməllərinin onu intihar həddinə çatırdığını deyib:
- 1995-ci ildən 193 saylı tam orta məktəbdə öz ixtisasım üzrə ibtidai sinif müəllimi işləyirəm. Bu il 1-ci sinif götürməli olduğum halda mənim yerimə Rəhim Hüseynov müstəqil müəllim kimi tanınmayan Arzu İsayevaya sinif verib.
2012-2013-cü illərdə isə direktor Rəhim Hüseynov Arzu İsayevaya məktəbdə fəaliyyət göstərməyən, heç bir şagirdi olmayan, yalnız jurnalı olan sinif açıb. Həmin sinfə digər müəllimlərin siniflərində oxuyan şagirdlərin adını yazıb (uşaqlar öz sinfində əyləşib). 2013-2014-cü illərdə Kifayət müəlliməyə həmin qaydada bir il müddətinə fəaliyyət göstərməyən sinif açıb.
Almaz Nuriyeva məktəbdə I sinif götürərkən Rəhim Hüseynovun öncə ondan 600 AZN, bu il isə 2000 AZN pul tələb etdiyini qeyd edir. O bu pulu vermədiyi üçün direktor digər müəllimə Arzu İsayevadan 3000 AZN alaraq, məktəbə gələn bütün valideynlərdən uşaqlarını Arzu müəllimənin sinfinə yazdırmalarını tələb edir. Nəticədə müxtəlif bəhanələrlə Almaz Nuriyevanın adına bu il sinif açılmır.
"Rəhim Hüseynovun qeyri-qanuni əməllərinin acı nəticəsidir ki, 193 saylı məktəbdən uşaqlar ayrılaraq digər məktəblərə gedirlər. O, direktor gələn ili məktəbdə 73-75 sinif olduğu halda indi 50 sinif qalıb. Bundan əlavə məktəbdə bu il azərbaycan sektoruna 89 uşaq müraciət etsə də onlara “Azərbaycan sektoru məsləhət deyildir” deyərək rus sektoruna yazdırır. Ümumiyyətlə, məktəbdə kollektivin fikrinə məhəl qoymur, müəllimlərə etik cəhətdən normal olmayan sözlər deyərək onları təhqir edir." -deyə Almaz Nuriyeva sözlərinə əlavə edib.
Manera.az olaraq qarşı tərəf kimi məktəb direktoru Rəhim Hüseynovla görüşüb məsələyə aydınlıq gətirmək istədik.
Direktor açıqlamasında söylənilən ittihamları rədd edərək, söylənilən fikirlərin yalan, böhtan olduğunu, məktəbdə siniflərin qanun çərçivəsində bölündüyünü, müəllimlərə valideynlərin seçimi əsasında sinif ayrıldığını dedi.
Bu barədə aidiatı qurumların da münasibətini də dərc etməyə hazırıq.
Mövzunu diqqətdə saxlayacağıq.
MANERA.AZ