Razıyam bu ömür yarımçıq qala…- ŞEİRLƏR | MANERA.AZ
Manera.az Ramilə Qardaşxanqızının şeirlərini təqdim edir:
ÇARPIŞIRAM
Qısqanclıqdan gülüm solur,
tikanlarım qabarır.
Hiss edirəm,
bu hiss məni
özlüyümdən,
sevgi dolu
bu dünyadan qoparır.
Yarım mənə əl uzadır,
əlinə,
Gül uzadır,
gülünə,
Xoş söz deyir,
dilinə…
Yarım mənə yer bəxş edir,
göy bəxş edir,
yerinə də,
göyünə də batıram...
Bu mənəmmi?!
…bu mənəmmi,
acım qovurur sevgimi?!
Bu mənəmmi?!
…bu mənəmmi,
unutmuşam imanımı,
dinimi…
Mənəm, amma
…davam ona qovuşmaqdı,
Vallah, billah…
Çarpışıram yerlə,
göylə...
Çarpışıram onu məndən,
məni ondan uzaq tutan,
hər kəslə,
hər nəslə…
Çarpışıram,
səhər, axşam...
Çarpışıram qaranlığın,
aydınlığın ağuşunda…
Çarpışıram
…ona gedən bu yolların,
enişində,
yoxuşunda...
FOBİA
Qısqanclıq adlı donu var
itirmək qorxusunun…
Bir də gördün geyindi əyninə,
rəngi də, qan qırmızısı...
Qadınların donu daha “gen-bol” olar,
geyinib qıfıllanarlar,
kor düyün…
Qara zəncir vurular qollarına.
Qısqanc qadın,
dözülməz ağrılarla
çarpışmaqda…
Əynindəki dondadır sirri-xüda,
qəliz o da…
Dəyişər sevginin adın,
bədbəxt qadın…
Sevdiyini anlamağı,
xoşbəxt olmağı,
sevinməyi xatırlayanda
döyülər qapısı…
Adı belində,
fobia...
YUVA
Anlamır ki,
EŞQ o-dur,
onsiz həyat boş zindandır!
Hətta zindan,
zindan belə boş qalanda,
daha dözülməz görünür.
Zindan belə məhbus üçün
eni-eninə,
boyu-boyuna yuvadır.
Yuva…
RƏSM
Əhsən sənə,
bacarmısan...
Xoşbəxtliyin rəsmin çəkib
çərçivəyə də salmısan.
Sonra silib üzün-gözün,
asmısan düz baş ucundan.
Bir də söylə,
söylə canım
o rəsmdə işıq saçan
nəğmə deyən,
sevgiyə,
eşqə bürünən
sən özünsən
yoxsa pərdə qopub düşüb
pəncərəndən?...
Gülümsəyən o baxışlar,
o təbbəssüm yanağında...
Nəsə pıçıldayan duruş,
çatılan qaşlar sənindir?
Amma biraz,
biraz təzzad doğurubdu
səssiz büstün.
Azca da mistik görsənir
əllərinin sıxılması,
çiyninin əyri düşməsi,
kipriyinin havadakı,
həsrəti qapıb öpməsi...
At ovcumdan,
at havaya,
saxladığın əmatəti.
Qoy quşlar dimdikləsin,
qoy buludlar nəmləndirsin,
qoy göy üzü sevindirsin,
dodaqsız qalan öpüşü.
BƏS NİYƏ
Gözünün önündə olmayacağam,
Dizinin dibinə varmayacağam,
Səni qollarımla sarmayacağam,
Bəs niyə qalmışam əlində əsir?!
Mən sənin yolunu kəsməmişəm ki,
Yolunun özüyəm keçirəm səndən…
Mən səndən ömürlük küsməmişəm ki,
Sən üz çevirəndə köçürəm səndən...
Daha ürəyin də görmür, izləmir,
Təsadüf, zərurət, hamısı yox olub.
Gözüm leysan tökür, üzüm sel görür,
Sənin ruhun duymur, için titrəmir.
RAZIYAM
Elə yorulmuşam dünyadan, elə,
Əriyib, yox olub getmək istərəm.
Məni sevənlərin qəlbindən düşüb,
Torpağa qarışıb itmək istərəm.
Demərəm günahdı, demərəm ahdı,
Razıyam, əllərim boğsun özümü.
Ev eşik yığışıb köçsün gözümdən,
Əzrail “son” deyib, kəssin sözümü...
Razıyam bu ömür yarımçıq qala.
Anam “doymamışam” deyib ağlaya.
Bir yandan övladım içini sıxa,
Əl çəkib gözümü özü bağlaya.
Nə boyda xoşbəxtlik olardı Allah,
Yarım gözləriylə görsə o anı...
Ev də kiriyəydi, el də, mənimtək,
Təkrar yaşayaydı EŞQim dövranı...
Manera.az