Balacalar üçün "YEMLİK"| MANERA.AZ
MANERA.AZın məlumatına görə, “XAN” nəşriyyatında balacalar üçün hazırlanan “Yemlik” jurnalının növbəti nömrəsi işıq üzü görüb.
Jurnalın bu nömrəsində “Uşaq yazıçılar” bölümü balacaların marağına səbəb olacaq. Nəşrin bu nömrəsində məktəbli yazıçılar Ülvi Hüseynzadə, Məryəm Xocanəzirzadə, Banu Məmmədli və Zəhra Qaragözün hekayələri yer alıb.
“Yazıçılar uşaqlar haqqında” rubrikasında Nizami Gəncəvi, Əli Kərim, Səməd Behrəngi, Murad Köhnəqala və başqa şair, yazıçıların əsərləri dərc olunub. “Uşaqlar üçün pyes” rubrikasında Əjdər Olun “Biri vardı, biri yox” pyesi verilib. “Çevirmə” bölməsində C.Rodari, H.X.Anderson, H.V.Şapqir, S.Nikolov, R.Herrikin əsərlərindən nümunələr və ispan nağıllarından seçmələr dərc olunub.
“Rəssam uşaqlar” rubrikasını bu dəfə məktəbli rəssamlar - Aytən Nəbiyeva, Sahib Fətəliyev və 4 yaşlı Nilayın rəsmləri bəzəyib. Jurnalda “Lətifələr”, “Kitab rəfi”, “Təqdimat” , “Dekonstruksiya”, “İlk animasiya filmləri” kimi bölmələrdə yer alan yazılar da balacaların marağına səbəb olacaq.
“Yemilik”də dərc olunan rəsmlərin bir çoxunun müəllifi tələbə rəssam Gülbəs Ayvazdır.
Jurnalı Kitabevim.az mağazasından əldə etmək olar.