Sənsiz qəmini qəlbim əzizlər səni gözlər - Cəsur Narinin qəzəlləri
![]()
MANERA.az "Azərbaycan qəzəli" layihəsində "Müasir Əruz Klubu"nun (Əruz Xanəgahı) üzvü Cəsur Narinin (Seyyid Ümmi) qəzəllərini təqdim edir:
***
Gəl gülüm ta ki mən əğyarə gülüm sonra ölüm
Gəl gülüm ta ki mən əğyarə gülüm sonra ölüm
Son nəfəsdə qədəmin səcdəsinə kaş ya Sin
Mim tək qismət olaydı bükülüm sonra ölüm
Yediyim dərd olub ömrüm boyu gəl süfrəni aç
Nuşcanlıqla iki loxma bölüm sonra ölüm
Yer üzündə görüm haqqın zəfərin ya Rəbbim
Qalmasın ta ki nə zalim nə zülüm sonra ölüm
Can verəndə başımı al dizin üstə nə olar
Gözlərimdən könül istər öpülüm sonra ölüm
Darə çək dərimi soy nəşimi yandır kütlə
Ta ənəlhəqq edə zikr külüm sonra ölüm
Öncə kəşfiyyat aparmaq yolu öyrənmək üçün
Mütləq ey Ümmi gərək əvvəl ölüm sonra ölüm
***
Ara xəlvət gecə bir saqiyü bir sağərdir
Bir məni-qəmzədəyəm bir gülərüz dilbərdir
Qaş kəman kiprigi ox saçı kəmənd ey könlüm
Nazı tor aşiq üçün qəmzə iti xəncərdir
Kimi mə'şuq hüzurunda bula qanə bular
Eşq ayırmaz bu müsəlmandı ya ki kafərdir
Bilmirəm qeybi vəli paklərin söylədiyi
Nə ki var cəm' olub dövrə yəqin axərdir
Yarə al canımı ver busə dedim güldü dedi
Olmaz olmaz bu yaraşmaz mənə ki alvərdir
Gedirəm yar dedi xatirə bir şey qala ver
Dedim ancaq olanım bax bu qələm dəftərdir
Vəhy ilə şe'r qatıb zatıma Həq bal yağ tək
Babam Allah rəsulu Ümmi atam Heydərdir
Əliağa Vahidə nəzirə
Bilseydi kaş könül ki nə divanəlikdədir
Əqlə xəyalə sığmayan əfsanəlikdədir
Ey xam gözüylə gördüyünün eybin axtaran
Qəlbin öz eybinə niyə biganəlikdədir
Məstlik həqiqi varımın əvvəlki halıdır
Sərxoşluğum nə bəng nə peymanəlikdədir
Zahirdə dinə bağlılığım məkrü hiylədir
Könlüm həvəslə məstiyü rindanəlikdədir
Əqlin dağıtdı eşq əli abad ölkəsin
İndi xəyal xəzinəsi viranəlikdədir
Yarım soruşsa aşiqini hardadır deyin
Dünyayə gəldiyi xarabaxanəlikdədir
Ustad buyurdu Ümmiyə nöqsanlı qalma çox
Eşqin təmam nəşəsi məstanəlikdədir
***
Biz nicat tapmaq üçün möcüzə baş verməlidir
Başsızıq rəhm eləyib Həq bizə baş verməlidir
Dolanım başına saqi məni sərməst eylə
Yar ilə ilk görüşüm üz-üzə baş verməlidir
Bir günəş doğmalıdır qeyb üfüqündə bu zühur
Gecə tən olduğu vaxt gündüzə baş verməlidir
Hər bir imkanlı şükr etmək üçün Xaliqinə
Salamı endirərək acizə baş verməlidir
Eşqə zor yox vəli bu rəsm könüllü olaraq
Kimə yar etsə nəzər göz süzə baş verməlidir
Ümminin ya əcəli ya nəsə bir şey axir
Çatıb əmniyyəti yüz faizə baş verməlidir
***
Din ü imanımızın cani-cəhan oğrusudur
Saçının hər teli bir ruhi-rəvan oğrusudur
Qanlu qarətçi gözü yolkəsən azğın yerişi
Şivəsi huş aparan qəmzəsi can oğrusudur
Gecələr gözləyirəm ömrlər ötdükcə yolun
Beli əyri qocanın bəxti cəvan oğrusudur
Vüsal ümmidi ilə qol qanad aç uyma könül
Ayrılıq dərdinə ki tabü təvan oğrusudur
Hara getsən belədir qaidə dünyadə bu gün
Şəhərin qazisi həm eyni zaman oğrusudur
Başımız qatdı fələk varımızı soydu tamam
Nə sayaq indi filan ya ki filan oğrusudur
Zahirən türk kimi çapqınçı ədəbsiz Ümmi
Batinən məkrli arsız Xorasan oğrusudur
***
Saçlarının hər teli ey canımın cövhəri
Bir düyünə bənd edər xalına min müştəri
Bənd könül olmamış bəndəlik et sidq ilə
Ver başını saqiyə al yerinə sağəri
Nəqd bu meyxanədə badə içim nisyədir
İstəmirəm Zəmzəmi istəmirəm Kövsəri
Badə için rəngini üzdə nümayan edər
Kafər edər mömini mömin edər kafəri
Ey üzümün danəsi salxımını tərk elə
Mey küpünün vəhdətin bilmək üçün gəl bəri
Mey mən ü bədməst mən saqi mənəm badə mən
Mən elə bir varlığam yoxdur onun bənzəri
Ümmiyə mən ad verib Zöhrəni qıldım kəniz
Harut ilə Marutu eyləmişəm çakəri
***
Axşam şərabsatanə dedim pirəm ey oğul
Qalsam ümid var ki ola indi yoxdu pul
Xəlvətdə ver içim çıxım aşkarə məstü məst
Bir iki gözümə görünə ta ki sağ sol
Bədməst məstlərçün elə sirr açmışam
Açmaz bir ümmət üçün onu bil ki bir rəsul
Sufi dəgişdi xirqəni fətva libasinə
Eşşək həmindi amma ki zərbəft oldu çul
Qız alsa da babam onu verdi təlaqini
Bir qeyrisin bəyənmədi bu qarı qaldı dul
Ey dost ataq kənarə bu mənlik hicabini
Başdan ayağa eşq ilə məmlüvv həqq ol
Yar ilə üzbəüz oturan dəm bu aşiqi
Cənnət cəhənnəmin eləməz heç birin qəbul
Eşq eylədi həlalımızı sehr ilə həram
Bu yerdə karə gəlmədi əxbarü fiqh üsul
Quldarlıq eylədi çoxu çox şükr Ümmini
Quldurluq üstə tutdular axir ki oldu qul
***
Təvafi-Kə'bədən məqsəd cəmalindir cəmalindir
Ənisim munisim yarım xəyalindir xəyalindir
Məni cəzb eyləyən eşqə degil məsciddəki mehrab
Bu qətlim qəsdinə durmuş hilalindir hilalindir
Əgər bir qəmzə peykani vurub tökmək dilərsən qan
Vur ey dilbər tök ey dilbər həlalindir həlalindir
Fəna səhrasın aşiqlər gəzir biçarə-biçarə
Bəqa mülkündədir çarə vüsalindir vüsalindir
Büsati-eşqdə şahım Mühəmmədsən Mühəmmədsən(s)
Cəsur Nari üzü qarə Bilalindir Bilalindir
***
Nə bəla gəlsə gülüm aşiqi-şeyda başına
Gələ bilməz o bəla qeyrinin əsla başına
Ey xoş ol məst ki bilməz qəmi-aləm nə imiş
Məst olarkən dolanır hər iki dünya başına
Kişi oldur ki sözüylə ola uyğun əməli
Fəqihin dəysin odur verdiyi fərva başına
Göz tək aç qəlbini canan gözü ilə nəzər et
Aşiqin nizədə gəl eylə tamaşa başına
Bu müsəlmanlar açan zülmü Peyəmbər soyuna
Açmadı qövmi-yəhud bəlkə Məsiha başına
Əsrin alimlərinin pak edə bilməz birini
Yüz Xəzər bəhri qədər tök belə dərya başına
Meyin ətrini alıb zirzəmisindən Ümmi
Dolanır Kə'bə kimi bəs ki kəlisa başına
***
Gəl ey gözümün nuru bu gözlər səni gözlər
Yollarda qoyub getdigin izlər səni gözlər
Sən getmisən əfsus qalan bircə qəmindir
Sənsiz qəmini qəlbim əzizlər səni gözlər
Öz sirrini bir kimsəyə sənsiz deyə bilməz
Qəlbim bu təmiz sevgini gizlər səni gözlər
Gözlər yolunu həsrət ilə aşiq olanlar
Tək mən degiləm mən təki yüzlər səni gözlər
Səndən utanıb gizlənəcək əyri gəzənlər
Əmma nə qədər var isə düzlər səni gözlər
Gəl çat bizim imdadımıza ey son ümidmiz
Həsrətlə baxıb yollara gözlər səni gözlər
Məsum mələkim lütf elə gəl Narini dindir
Qəlbimdə qalan sevgili sözlər səni gözlər