Sabir Yusifoğlu: Mənə bir məktub göndər
MANERA.AZ Sabir Yusifoğlunun seçmə şeirlərini təqdim edir.
Mənə bir məktub göndər
Susuzluqda su təki,
Bəlkə, yadına düşəm.
Mənə bir məktub göndər
Bilim ki, ölməmişəm.
Səndən başqa bilən yox,
Dərdimə bir dərman yaz.
İki kəlmə nədi ki,
Ay gözünə qurban, yaz.
Çox yox, bir varaq göndər,
Vaxtın yoxsa, ağ göndər,
əllərinin izini
evimə qonaq göndər.
Bilim harda solursan,
ay gülüm, ay bənövşəm.
Mənə bir məktub göndər,
Bilim ki, ölməmişəm.
***
Sən məndən ayırıb atdın hamını,
Sən məni hamının əlindən aldın.
Qaragöz qızların qara gözündən,
Şirindil qızların dilindən aldın.
Daha gözəl qızlar yuxularında
Çirkin oğlanları göycək görərlər.
Kəpənək görərlər, çiçək görərlər
Nə desən görərlər, məni görməzlər.
Bənövşə qızların, çiçək qızların,
Ətrini udmağa nəfəsim çatmaz.
Başımı aşağı salıb keçərəm,
Çevrilib baxmağa həvəsim çatmaz.
Kimdəsə, nəyisə sevdiyim olub,
Bəlkə də kim isə sevirdi məni.
Hamının əlindən qoparıb aldın,
Hamının yerinə sev indi məni.
***
Bağışla, gülüm, sənsiz də
axşam olur, səhər olur.
Sənsiz yaşamaq budursa,
bəs ölüm nə təhər olur?!
Sənsiz dalğalanır dəniz,
sənsiz də küləklər əsir.
Bu küləkdə sənsizliyə
dözməyə ürək nə gəzir.
Səni gəzən fikirlərim
döngələrdə çaşıb qalır.
Gecələr bir mən oluram,
bir də küçə işıqları.
Nə varsa dəyişir dadı,
bu dünya birtəhər olur.
Bağışla, gülüm, sənsiz də
axşam olur, səhər olur.
Qara zolaq
Dualarım yan keçir,
məni hər qarğış tutur.
Hər dediyim baş tutmur,
hər atılan daş tutur.
Hər tələyə düşürəm,
tilov atsam boş gəlir.
Harda axmaq dərd varsa,
qaçıb mənə tuş gəlir.
Yollar hörümçək toru -
ilişib ayaqlarım.
Arzular göynən gedir,
ümidlər ayaqyalın.
Hansı tərəfə getsəm,
yel tutur, yağış tutur.
Dualarım yan keçir,
məni hər qarğış tutur.
Adın var alnımın güllə yerində…
Nə özün gəlirsən, nə məktubların,
səninlə gedibmi yox olan yollar?!
Bəlkə Yer üzündən qırılıb düşüb
bizim aramıza yıxılan yollar?!
Qaldığın illərin yan-yörəsindən
seyrəlib çəkildim duman, çən kimi.
Tək sənin yadına düşmürəm deyə
yadımdan çıxıram çıxan can kimi.
Ulduzu tökülüb bizim göylərin,
nə sən o çiçəksən, nə mən o dəli.
Dadı, duzu qaçmış bu xarabada
hələ ki ölməyib həmən o dəli.
…Darıxan əllərim özündən çıxıb,
Döyər qapınızı günün birində.
Mən başdan ayağa başağrısıyam,-
Adın var alnımın güllə yerində…
***
Ömrüm boyu yer elədim könlümə,
Külək vuran, yağış tutan yerləri.
Neynəsəm də uçuq qaldı, çat qaldı
Taleyimin qarğış tutan yerləri.
Ətəyində arzu, ümid bitirdik...
O dağları hardan hara gətirdik.
Ovuc-ovuc, qarış-qarış itirdik,
Boyumuza qamış tutan yerləri.
Son nəfəsim-
dimdiyimdə dən, qaldı,
Sinəm dağ-dağ,
bulud-bulud,
çən qaldı.
Kürəyimə dəyən daşdan rəng aldı,
Ürəyimin naxış tutan yerləri...
Yada düşdü,
yadın oldu, qız, nələr!..
Açıb desəm, dağ kişnəyər, düz mələr.
Dodağımın ürək sözün gizlədər,
Yanağının qırış tutan yerləri...
Tural Adışirinin tədqimatında