manera.az
manera.az

Sənsizlik canımda şirin ağrıdı - Şeirlər

Sənsizlik canımda şirin ağrıdı - Şeirlər

MANERA.az gənc şair Ziya Dilsuzun şeirlərini təqdim edir:

Heç kim yola getmir dünyanla

İndi bəndələrin etibarsızdı,
Səni bir dəfə də yadına salmaz.
Allah, ehtiyatla gəz göy üzündə,
Yıxılsan, əlindən tutanın olmaz.

Mən israrlı oldum, heç yorulmadım,
Həm gecələr etdim, həm səhər dua.
Yalandı, deyirsən, qəbul edirəm,
Eşidilmədimi o qədər dua?

Kimi rəqib bilir səni özünə,
Günbəgün çoxalır, artır düşmənin.
Bir mənəm hələ də dözə bilirəm,
Heç kim yola getmir dünyanla sənin.

Baş açmaq olmadı ömrümdən mənim,
Ruhum arzuların köləsi idi.
Gözlətmə qapımda, tələsdir bir az,
Bu gün ölüm qonaq gələsi idi.

Bizləri çaşdırdı alın yazımız

Bu günü yaşaya bilməyib hələ,
Əsiri oluruq gələcəklərin.
Kağızdan da deyil, parçadan deyil,
Nə tez alışmağı var ürəklərin.

Tələsik üşüyüb sağ çıxdıq qışdan,
Necə qarşıladıq gələn baharı?
Qorxurmu gecənin qaranlığından,
Ulduzlar dırmaşır Tanrıya sarı?

İsrarlı dualar edə bilmədik,
Tanrını bezdirdi axı nazımız.
Biz ki ömrü belə sürməməliydik,
Bizləri çaşdırdı alın yazımız.

Küsməmiş barışdıq tənhalıqlarla
Hey uzaqlaşdıqca dəli, avamdan.
Bəxtim gör nə qədər alçaldıb məni,
Qırıq ümidlər də qaçır adamdan.

Hər dildə dua

Mən sənin deyildim, əzizim, amma
Yadlara, özgəyə vermədin məni.
Onsuz da gedəcək yerim yox idi,
Səndə gizlənmişdim, görmədin məni.

Bunca təkəbbürlü olma, qayıt gəl,
Küçələr bomboşdu, səkilər təmiz.
Sənə dalğaların ən yekəsini
İstəsən, sahilə gətirsin dəniz.

Bəzən qürrələnib sevilməyinlə
Qəlbimin sirrini hər kəsə yaydın.
Məsciddə, kilsədə, sinaqoqlarda-
Hər dildə dualar eylədim, duydun?

Nə mən razı qaldım, nə də sən özün,
Kifayət etdimi bu qədər ömür?
Bəxtimiz qəzaya uğrayıb bizim,
Kimsə qaçıb bizi xilas eləmir.

Həm məni yaşatmaq istəyən adam,
Əliylə qəbrimi həm qazmayıbmı?
Tanrı da tanımır, deyən, xəttini,
Bu alın yazımı o yazmayıbmı?

Ayrılığın doğum günü

Biganə qalmayıb unutmamısan,
Bu günü yadına salıb gəlmisən.
Bizim ayrılığın doğum günüdü,
Ona nə hədiyyə alıb gəlmisən?

Öyrəşə bilmirəm boşluqlara mən,
Doldur bədənimdə sadiq yerini.
Tarixi saçların heç vaxt itirməz
Öz əzəmətini, öz dəyərini.

Dərdini böləcək adam tapılır,
Hərənin həyatda yaxın kəsi var.
Ömrünü təyyarə sürəti ilə
Sür, qorxma, qəzası, təhlükəsi var.

Vaxtında yanımda ola bilsəydin,
Ölməyə qoymazdım bu böyük eşqi.
Qanun yazaydılar cəzası ağır,
Ayrılıq qadağan olaydı kaş ki.

Canlanır şübhələr yenə anbaan,
Cavablar qıvrılır suallarımda.
Bağışla, hər işdə olur eyiblər,
Bir az qırıqlıq var xəyallarımda.

Ömrün tullantısı

Uzaqlarda xoşbəxtləri
Həsrətlərə güldürmüsən.
Sən məni canilər kimi
İllərdi ki, öldürmüsən.

Nədir bir insan itkisi?
Qoy ağlamaq sənə qalsın.
Sərtliyi, möhkəmliyi var,
Ürəyin baş daşım olsun.

Yandırırsan bədənimi,
Od tutur ayağım, əlim.
Qızmar Günəşmi olmağa
İddialısan, gözəlim?

Gözəlliyin zühur edib
Barmaqların uclarında.
Yeraltı sərvətlər qədər
Çox zəngindi saçların da.

Bugünkü ağrı qəlbimin
Layiqli tapıntısıdı.
Sənsiz keçirdiyim illər
Ömrümün tullantısıdı.

Sənsizliyin şimalı

Elə həvəssizəm, elə yorğunam,
Mən necə eləyim tək ömrə davam?
İndi sənsizliyin şimalındayam,
Buralar soyuqdu, üşüyür adam.

Onsuz sən öldürüb basdıracaqsan,
Tələsmə, atarsan üstümə torpaq.
Düşünə bilmirəm alimlər kimi,
Mən şairlər kimi sevirəm ancaq.

Sənin gözlərindən köçürdürəm mən
Yazdıqca şeirin misralarını.
Səmimi salamla, çıxıb sahilə
Qarşıla dənizin dalğalarını.

Durma qədirbilməz insan yanında,
Sənə biganəlik, dərd ötürməsin.
Ağlama, sabaha yağacaq yağış
Öz gözəlliyini qoy itirməsin.

Köləlik yaraşmır axı qadına,
Azadlıq yolunu daha seçərsən.
Birdən aldadılsan, mən ki Məcnunam,
Yolunu səhradan salıb keçərsən.

Tapşır inciməsin dodaqların da,
Uzun saçların da məndən küsməsin.
Mən xəyallarımda bir ev tikmişəm,
Öyrət küləkləri bu gün əsməsin.

Məni kim öldürər sən olmayanda?

Görürsən, mən necə sadə biriyəm,
Yanında göz yaşı tökə bilirəm.
Fərqimiz də budur, sən öz dərdini,
Mən sənin dərdini çəkə bilirəm.

Bezib yalnızlıqdan hər darıxanda,
Otur təsəlli ver özün - özünə.
Sənin baxışların parlaqdı bu gün,
Görən, ulduzlarmı dolub gözünə.

Sevinc də gözəldi, kədər də gözəl,
Sevirsən sevməkdən yorulmayanda.
Belə çox tez getmə, hələ lazımsan,
Məni kim öldürər sən olmayanda?

Nə şikayətçiyəm, nə də narazı,
Sənsizlik canımda şirin ağrıdı.
İndi mənasızdı xoşbəxtliklər də,
Bəlkə də, ayrılıq elə yaxşıdı.

Mənim xoşbəxtliyim bir şayiədi

Səni sevməyimin sonrasındayam,
Ayrılıq zövq verir, həsrətin şirin.
Sevənin gözləri kor deyil, adam
Qaranlıqlarda da sevir bir - birin.

Bir boşluq gəzirəm mən bədənimdə,
Ha yana tullayım aciz qorxmağı?
İndi kimə qarğış edim, bilmirəm,
Mənə kim öyrətdi bu darıxmağı?

Dərdimdən xəbərdar deyilmisən sən?
Soruşma, üzündə təbəssüm nədi.
Kimlər nə deyirsə, çalış inanma,
Mənim xoşbəxtliyim bir şayiədi.

Mən təbiətdən də zalımam, bəlkə,
Xatirələrini üşüdən qışam.
Sən məni insantək atıb getmisən,
Mən səni Tanrıtək bağışlamışam.

Qışın sənsiz tərəfi

Hansı, qarasaçlım, uzaqlıqdasan?
Mən gələ bilmirəm axı yanına.
Tənbəl yaşayıram, çox gecikmişəm,
Gəl məni tələsdir ömrün sonuna.

Mənə də qismətmiş hər bir saniyə
Səni xatırlamaq, anmaq şərəfi.
İndi üşüməkdə çox həvəsliyəm,
Soyuqdu bu qışın sənsiz tərəfi.

Biz yola getmədik qoca dünyayla,
Bizim bəxtimiz də Allahdan küsdü.
Onsuz da yatmaram bu gecəni mən,
Ta səhərə qədər yaşasam, bəsdi?

Mənim əllərimi unudub saçın,
Gözlərin unudub baxışlarımı.
Elə ağlayıram, dinləsən əgər,
Eşidə bilərsən göz yaşlarımı.

And iç ümidlərin ən böyüyünə

İlahi qəm - kədər yolladı mənə,
Bu sıxıntılarım mükafat deyil.
Məni ciddiyə al, yazığın gəlsin,
Bu boyda darıxmaq zarafat deyil.

Səni də yandırır həsrətin odu,
Səssizcə küləklər qəlbinə dolsun.
Ağla, göz yaşların torpağa axsın,
Bu yağan yağışda qoy payın olsun.

Axı çəkimiz də ağır olmadı,
Nəhəng xoşbəxtliyə yük ikimizik?
Çoxmu uzaqlaşdın? Sanki şəhərdə
Üz - üzə gəlməyən tək ikimizik.

Bütün həqiqətlər gedişindədi,
Dönsən, şübhələri oyadacaqsan.
And iç ümidlərin ən böyüyünə
Ki, peşman olanda qayıdacaqsan.

Sən əgər şahsansa, sənin önündə
Qəbahət sayılmır köləliyim də.
Yenilik deyil ki ölmək istəyim,
Məcnundan qalmadı dəliliyim də.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031