manera.az
manera.az

Allah… Tanrı… Boq… nə bilim e...- Zaur Qəriboğlunun şeirləri/ MANERA.AZ

Allah… Tanrı… Boq… nə bilim e...- Zaur Qəriboğlunun şeirləri/ MANERA.AZ


Manera.az Zaur Qəriboğlunun şeirlərini təqdim edir:

Hey, dostum,
Nə üstümə-üstümə gəlirsən?
Nədir, qəsdin axı,
Bəlkə, deyəsən?!
Gah sillə vurur,
Gah da təpiyinin altına salırsan.
Vurursan,
Döyürsən,
Sonra da körpə kimi
Başıma sığal çəkib:
- Sakit ol, döz, - döz deyirsən...
Mən səninlə dost olmağa çalışıram...
Hər verdiyinə, dayanıram, dözürəm...
Sənin də bir abrın-həyan olsun da...
Tez-tez ölümlə hədələmə məni...
Mən ölümdən qorxmuram ki...
Sənin xəbərin yox ki, mən onu lap çoxdan öldürmüşəm...

Hey, dostum, həyat,
Sakit ol,
Səssiz ol...
Az yalnızlıq qoxunla doludur beynimi,
Bəsdi!
Bu qədər vurduqların yetər...
Görürsən, ən etibarlın elə mənəm...
Ən amansız zərbələrindən belə,
Səni tərk etmirəm,
Səni tək qoymuram...
Sənə sonsuz eşqlə bağlıyam.
Hey, dostum, həyat,
Eşidirsənmi?..
***

İlahi, dünyanın harasındasan?
Yerdəsən,
Göydəsən,
Axtarıram səni tapmıram...
İşarə ver,
Cavab ver,
Hardasan sən?!
Ha, çağırıram,
Ha, yalvarıram,
Cavab gəlmir axı...
Sənin də üzün döndü məndən?
Çox yıxıldım,
Çox durdum,
Sənin sözünlə səbrli oldum,
Sonu salamat olar dedim,
Olmadı...
İlahi,
Hansı adla çağırım,
Baxasan mənə,
Hərə sənə bir ad deyir:
Allah… Tanrı… Boq… nə bilim e...
Yeni bildim ki,
Nədənsə, mənə içimdəki adla doğmasan sən.
Arada, inciyib, küssəm də,
Sənə inanıram,
Ona görə yaşayıram...
Daha əlimi üzmüşəm axtarışından.
Çünkü bu qədər yaxınkən,
Uzaqlara varmışdım mən.
Sən məndəsən,
Sən mənimləsən,
Gözüm,
Ruhum,
İlahim,
Sevdiyim mənim...
***

Payızdan qışa,
Qışdan yaza,
Yazdan yaya,
Yaydan yenə payıza gəldik...
Beləcə üçüncü ili addımladıq...
Bu payızda sevgimizin üç ilini qeyd edə bilmədik...
Ayrıldıq...
Nə mən günahkaram,
Nə sən, nə də sənin qısqandığın qeyrisi...
Günahkar payızdı...
Payız ayrılıqların,
Qırılmış qəlblərin,
Gözü yaşlı sevgilərin fəslidi...
Biz birləşəndə,
İnsanlar ayrılırdı,
Biz güləndə,
Göylər ağlayırdı...
Bu üzdən də bizi birləşdirən
Payız da bizi ayırdı...
Səndən sonra gündə bir bəhanə ilə bulvara gəlirəm.
Yalan nə deyim, yaxınımdan, uzağımdan ötən bütün qızlara baxıram...
Birinin saçının rəngi,
Digərinin yerişi,
Bir digərinin də vurduğu ətirin iyi səninkinə bənzəyir...
Hələ sənə hər gün oturduğumuz "Bakı bulvarı"nın ikinci mərtəbəsini demirəm...
Səninlə gələndə üzü dənizə oturardıq,
Mən gəlib, üzü qapıya otururam... Gözüm girişdə qalır...
Birdən sən də gələrsən deyə...
Beləcə sonra yenə bulvarı o baş, bu baş gəzirəm...
Hər yerdə səni axtarıram...
Hər şey sənə bənzəyir,
Amma sən deyilsən...
Mən payızı,
Payız məni öldürür sənsiz...

***
Mən ölürəm,
İstəmirəm,
Gəlmə, son görüşümə,
gəlmə sən Allah...
Baxma,
Baxma gözlərimdən axan son yaşlarıma...
Sən gəlsən,
Son dəfə səni görsəm,
Ruhum da öləcək,
Cəsədimlə bu dünyadan köçəcək...
Qoy, gözümü yumum,
Yanıq Kərəmi ilə
Cəsədim torpağa verilsin...
Mən qorxmuram,
Sən də qorxma,
Qoy torpaq hamı kimi məni də udsun,
Çeynəsin,
Didsin,
parçalasın,
dağıtsın...
Məzar üstə bir saz çaldır,
Ruhani havasında parçalansın ətim
Didik - didik olum,
Mən də vətən kimi torpaq olum...
And içəndə,
məzarıma yox,
torpaq olan cismimə yox,
Nə sənə, nə mənə,
Səndə,
Sevənlərimdə yaşayan ruhuma and iç...
And iç
Vətənə !
Qoyma ölüm,
Qoyma məni, sən Allah!..
***
Xatirələrimin şəhəri,
Mən də səni bəzi adamlar kimi
Sevdiyimdən ayrıldım deyə,
atıb getməyəcəyəm,
Sənə nifrət etməyəcəyəm,
sənə xəyanət etməyəcəyəm...
Sənin dənizində,
sahilində,
hər küçə
dalanında,
sevgim yaşayır...
Sənin yolun,
daşın,
torpağın,
göydələn binaların
onun kimi etibarsız deyil.
Hələ də o xoşbəxt günlərimi özündə yaşadır...
Mən də səninlə yaşayıram...
Onu unutmaq üçün sənə xəyanət edib,
getməyəcəyəm.
Sən mənim ali sevgimin şahidi olan şəhərsən.
Səni olduğun kimi
Xəzrinlə,
Gilavarınla,
Tozun
Dumanın,
yağışınla,
necə varsansa elə sevirəm...
Sənə inanıram, Bakı,
Ona görə də
səni olduğun kimi sevirəm...
Elə əsl sevgi də
sevdiyini olduğu kimi sevə bilməkdi,
Onsuz olmamaqdı,
Onsuz yaşamamaqdı,
onu tərk etməməkdi.
Sən ey mənim sevgimi özündə yaşadan şəhər,
o bacarmadı, sən bacardın,
məni tək qoymadın...
Gecələr göz yaşlarımın şahidi,
etiraflarımın şəhəri Bakı...
Qal mənimlə, Bakı,
Məni tək buraxma,
Ağla,
Ağla mənimlə, Bakı,
O məni sevə bilmədi,
Sən məni qucaqla,
əzizlə körpə balan kimi
sev,
Sev məni, Bakı.
Öldürə - öldürə yaşat,
Xatirələrində külə döndər,
qum əvəzi sahilinə səpələ məni, Bakı...
Yetər ki, yanında saxla,
Buraxma, buraxma məni...

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30