manera.az
manera.az

Nə şair sözünə, nə söz iyinə...-ŞEİRLƏR | MANERA.AZ

Nə şair sözünə, nə söz iyinə...-ŞEİRLƏR |  MANERA.AZ
MANERA.AZ Rəsul Mirzənin şeirlərini təqdim edir:

Adam

Nə şair sözünə, nə söz iyinə
Nə də yazdığına aldanır adam.
Bir payız gecəsi özündən küsüb
Çıxıb getmişlərə dadanır adam…

Mən hansı yollarla sənə gəlim bəs?
Sən bütün yolları çıxıb getmisən...
Dalınca uzanan yoxluğunu da
Qapımın ağzına taxıb getmisən...

Bir elin dərdi var indi canımda
Amma bir adamlıq canım qalmayıb
Nəyim var sevmisən vaxtında, -mənim
indi seviləsi halım qalmıyıb.

Həə, belə…ay belə, gün belə keçir…
Keçib gedənlərə aldanır adam.
Bir payız gecəsi hamıdan küsüb
Təzədən özünə dadanır adam…

Varmı

Bu dünyadan o tərəfdə
Ulduzlar varmı, ulduzlar?
Üç heca, yeddi hərfə
Uduzan varmı, uduzan?
Mən bütün ayrılıqlarla
həmyerliyəm , bilirsənmi?
Eyni şəhərdənik,
eyni küçədən
Görürsənmi?
Bu qəhəri islatmağa
Göz yaşı varmı, göz yaşı?
Bu əcəli aldatmağa
Baş daşı varmı, baş daşı?

Nəyin var

Bu günü də bitirdim,
Nə qaldı ki, sabaha?
Yaşamasam, görəsən
Batmaram ki, günaha?

Önümdə yol ayrıcı,
Quzu olum, qurd olum?!
Ya mən də bu vətəndə
Bir quruca ad olum...

Su olsam, içmə məni
Yol olsam, keçmə məni.
Mən də qəbrim boydayam
Ay adam, ölçmə məni...

Ha ev deyib ucaltdıq,
Daş üstdə daş olmadı.
Vətən ana olsa da,
Heç kim qardaş olmadı.

Suda balığa suyun
Göydə quşa göyün var.
Bəs insançün, İlahi
Bu vətəndə nəyin var?!

Ümid kimi

Axtarma özünü künc- bucağımda
Gəzmə ürəyimi labirint kimi.
Sənə yer qalmadı qol- budağımda
Asılıb öləsən bir ümid kimi.

Dünya başdan- başa doludu mənlə ,
Soruşan da yoxdu nə iş görürəm?
Bir taxta sevgiyə batıb qalanı,
Bağışla, səni də çəkic görürəm…

Bağışla, səni də sevib atmağa,
Ya da atılmağa gücüm qalmayıb.
Hərənin bir sirrin büküb qoymuşam
Sənə açılası içim qalmayıb.

Qoy özüm yükümü daşıyım daha ,
Ağlayıb eləsəm kiritmə məni.
Vaxtım da qalmayıb sənin olmağa,
Tanrı deyilsənsə diriltmə məni.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031