manera.az
manera.az

Həsrətin boylanır qaranlıq kimi - Şeirlər

📅 18.04.2021 12:16

Həsrətin boylanır qaranlıq kimi - Şeirlər

MANERA.AZ Qəmər Sözayın şeirlərini təqdim edir:

Səndən uzaqlar

Səndən uzaqların havası soyuq,
Səndən uzaqların bəxti qaradır.
İtirib yolunu ümidlərim də,
Bilinmir ünvanı nədir, haradır.

Taleyim kədərin toruna düşüb,
Hər bir çırpınışla qəmə bürünür.
Zamanın gözünə dağ bassam belə,
Ötən hər günümdə yerin görünür.

Dolanır aylarım, illərim sənsiz,
Gəncliyim boynunu bükür beləcə.
Mənə unutmağın reseptini yaz,
Ya da ki, de səni unudum necə...

Toz basmış pəncərə şüşələrimdən,
Həsrətin boylanır qaranlıq kimi.
Çirkli ovuclarım duaya həsrət,
Ölüm bədənimə çəkir şəklimi.

Səndən sonra

Bir quru canım qalıb, səndən sonra özümdən,
Uğursuzluqlar büküb, taleyimin qəddini.
Boş, mənasız bu dünya elə düşüb gözümdən,
Yarıb keçə bilmədim kədərin sərhəddini.

Basdırılmış ümidlər üşüyür məzarında,
Çəkdiyim ah-nalələr ərşə qulaq batırır.
Taleyinin önündə diz çökən quzğun kədər,
Mənimsə gənciyimi ağuşunda yatırır.

Bax, hələ də qalmışam keçmişin qucağında,
Sönük gəzdirir ruhum, bu cansız bədənimi.
Sən indi ailənlə, öz isti ocağında,
Mən hər gün itirirəm, yaşamaq "nədənimi".

Ümidsiz

Nə vaxtdır ki, ümidsiz, gümansızam sabaha,
Arzuların canına məndən əsər qalmayıb.
Allahın ümidinə yaşayıram hələ də,
Bu kor qalmış bəxtimin gözləri açılmayıb.

Hey cəm olur sinəmdə çarpazlaşır dərdlərim,
Hicran hələ zövq alır həsrətinin dadından.
Xəyalının kölgəsi kəsir başım üstünü,
Ümidsizəm ümidsiz o sevdiyin qadından.

O sevdiyin qadının kədər qırıb belini,
O yuxa ürəyi də Çin Səddinə bürünüb.
O sevdiyin qadının buraxandan əlini,
İşıqlı sabahlardan qaranlığa sürünüb.

Yolların sinəsində üşüyür yoxluğunla,
Didərgin bir sevginin nəfəsini daşıyır.
Puç olmuş gəncliyilə bu vəfasız həyatda,
Allahın ümidinə yalan,gerçək yaşayır.


***
Qələm yazan yazını,
Həmin anda silirsən.
Tale yazan yazılar,
Silinməzdir bilirsən?!

Bu İlahi yazıya,
Çata bilməz ki, gücün.
Yalnız öz qələminə,
Hökmransan sən özün.

Hansı səmtə?

Yığılıb ocaqlara,
Kül olmuş qucaqlara,
Bir sevgi üzü qara,
Yol alır hansı səmtə?

Qədərimdən keçənlər,
Kədərdən pay biçənlər,
Dərd şərabın içənlər,
Süzülür hansı səmtə?

Yağan qar gecəyarı,
Azdırır bu yolları,
Ölülər qəbrə sarı,
Mollalar hansı səmtə?

Çox dağlanıb ürəklər,
Sönüb arzu,diləklər,
Hara əsir kələklər,
Doğrular hansı səmtə?

Haqqı,nahaqqı bilsəm,
Sözdə doğruya dəysəm,
Keçmişin qəddin əysəm,
Gələcək hansı səmtə...?

Həyat hara çəkir məni?

Niyə bunca əzab nədir,
Nədir qüssə, nədir kədər.
Xoş günlərim zəhər dadır,
Bu gənc ömrüm gedir hədər.

Ovuc-ovuc göz yaşları,
Qucaq-qucaq ağrı,acı.
Göz önündə devrilir bax,
Xoşbəxtliyin taxtı, tacı.

Qaranlığa qurban gedir,
Al səhərin gün nəfəsi.
Köksündəki dərd qucaqlar,
Həyat dolu eşq həvəsi.

Zaman yenə pərdə asır,
Zaman dara çəkir məni.
Göy üzündən asılıram,
Həyat hara çəkir məni?

Payızı sevməyən adam

Yaman pis dərddir sənsizlik...
Nə dərmanı var,nə də bir əlacı...
Elə çarəsizliyi sıxıb bağrıma
Göz dağı verirəm ümidlərimə...
Coşub, çağlamaq olmaz!
Küsüb,ağlamaq olmaz!
Ruhumu çarəsizliyə sürgün edən
Bir ömrün qurbanı oldum...
Asıldım kələfindən sənə dair fikirlərin...
Yoxluğunun bilinməyən
baharından boylandım
Sənsizlikdən viran qalmış
Bu qocaman şəhərə...
Gedişinin sərt rüzgarlarına
Tab gətirə bilmədi
Payız qoxulu bu şəhərin
Xəzan olmuş arzuları...
Yellər sovurdu ordan-ora,
Burdan-bura
Bəlkə də tapdadığın
O sonuncu xəzan yarpağının altında
Can verdi bir qadının sevərək
Əzizləyib,ərköyüncə böyütdüyü
Sevgiyə dair olan xəyalları...
Sən indi başqa bir şəhərin baharına sarılıb
Çiçək açdırırsan başqa bir sevginin ümidlərinə...
Eybi yox mən onsuz da
Sevgisini rüzgarlara təslim edən
Bu şəhərin payızında
çoxdan xəzan olmuşam...
Payızı sevməyən adam...

MANERA.AZ


Baxış sayı - 838 | Yüklənmə tarixi: 18.04.2021 12:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031