manera.az
manera.az

Səndən qalan ağrılar - YENİ İMZA

Səndən qalan ağrılar - YENİ İMZA
Manera.az yeni imza Təhminə Aydının şeirlərini təqdim edir:

***
Biri Kürdü,biri Araz
Gözümdən iki çay çıxır.
Nə vaxt adını anıram,
O an dilimdən pay çıxır.

Evim yoxdu xana-xana
Sevib düşmüşəm min qana
Sən yaşadığın ünvana
Küçələr solaxay çıxır.

Bir ovuc una da şükür,
Bir əlçim yuna da şükür
İlahi buna da şükür
Hələ gün doğur,ay çıxır.



***
Tüstün başından çıxmaz
Çəkməyə bacan olsa.
Səni harda arasın
Eşqinə acan olsa

Tale quduz canavar,
Sən qayıqsan mən avar
Qurban getməyə nə var,
Bircə kəlmə can olsa.

Öldü verdiyim sual,
Gəliş-gediş virtual
Gör nələr deyər bu lal
Dilini açan olsa.

Dərd eləmə küsmürəm
Haqq-hesabı kəsmirəm,
Heç yerə tələsmirəm.
Gələrsən haçan olsa.



***
Məndə olan bunlardı,
Para dərd,para sevda.
Ürəyimi hər gecə
Çəkir min dara sevda.

Tək alıb cəm qoyuram,
Heybəmə qəm qoyuram
Min cür məlhəm qoyuram
Sağalmır yara-sevda.

Baxmalı bir film yox
Onsuz ayım-ilim yox
Qarğamağa dilim yox
Sağ olsun qara sevda.



***
Düşündünmü məndən sonra
Ürəyim necə qalacaq
Mən sənə bir də bölünsəm,
Yerində neçə qalacaq.

O məniydim gətirdim tab,
Gecə gündüz sənə xitab
Elə bilmə hesab-kitab
Elə beləcə qalacaq.

Durubsan əli qaşında,
Ölübsən cavan yaşında
Bu dünyanın yaddaşında
Bircə o gecə qalacaq.



***
Anaların arxamızca
Xəlvətdən baxan yeridi.
Qızıl-qızıl düymələrdən
Açılsa yaxan,yeridi.

Suya döndü etibarın
Ələyirəm narın-narın,
Səndən qalan ağrıların,
Könlümü sıxan yeridi.

Qatır deyil,ulaq deyil,
Bu gözdü göz,qulaq deyil,
O gördüyün bulaq deyil,
Gözümün axan yeridi.



***
Yeddi yolun ayrıcında qalmışam,
Yatıb qalan duyğuları ayılt gəl.
Göz yaşımdan iki Xəzər salmışam,
Yarı canım yanındadır,qayıt gəl.

Bahar fəsli, yaz ayları uzaqdı,
Soyuqda gəl,şaxtada gəl,qarda gəl.
İsti otaq,isti yataq sazaqdı,
Harda olsan,harda olsan,harda,gəl.

Hava gətir,nəfəs gətir bir udum,
Əlim qandı,üstüm qandı,başım qan.
Gəl bir yol da bu dünyanı unudum,
Gəl bir yol da ağlım çıxsın başımdan.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930